“2023-cü ildə ÜDM-nin 2,7 faizi artımı proqnozlaşdırılır. Lakin 2 ayın göstəricilərinə görə biz cəmi 0,4 faiz artıma nail olmuşuq. Deməli belə getsə yenidən Dövlət Neft Fondundan əlavə vəsaitlərin götürülməsinə məcbur olacayıq. Buna görə bir çox istiqamətdə sistemli addımlar atılmalıdır”.

“Korrupsiya.az” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deyib.

Son dövlərdə insanların həyat səviyyəsinə mane olan əsas amillərdən biri kimi sürətli qiymət artımına diqqət çəkən deputat bildirib ki, qlobal miqyasda qiymətlər aşağı düşməyə başlayıb: “Əgər doğrudan da bizdəki artımlar bütövlükdə idxal inflyasiyası ilə bağlıdırsa, onda belə bir sual ortaya çıxır ki, niyə bizdə qiymətlər aşağı düşmür? Deməli başqa amillər var. Burada da monopoliya əsas rol oynayır. Hesab edirəm ki, anti-monopoliya siyasətinin həyata keçirilməsi vacibdir. Süni qiymət artımın hər faizinə görə Azərbaycan vətəndaşları ildə 500 milyondan çox vəsait itirməli olurlar. Azərbaycan iqtisadiyyatının 75-80 faizi Bakı şəhəri və Abşeronda yerləşir. Cəmi 7 faizi isə yerdə qalan 12 iqtisadi zonanın payına düşür. Belə bir şəraitdə regionların canlanması istiqamətində addımlar atılmalıdır”.

Paylaş