Astara Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Sahib Quluzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (şərti) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 19 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində Astara rayonu ərazisində qeydə alınıb. Belə ki, Sahib Quluzadə ögey anası, zərərçəkmiş Kəmalə Quluzadə ilə mübahisə edib. Mübahisəyə səbəb isə təqsirləndirilən şəxsin ögey anasının həyətdəki qoz ağacından qoz yığmasına icazə verməməsi olub. Bu zaman o, qadına yumruqla zərbələr endirərək ona xəsarətlər yetirib. Hadisədən sonra Sahib Quluzadə cinayət məsuliyyətinə cəlb edilib.