Bakı Apellyasiya Məhkəməsində dələduzluq və saxta sənədlərdən istifadə etmədə təqsirləndirilən Əşrəf Əşrəflinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Yasamal Rayon Məhkəməsinin çıxardığı 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilib. Belə ki, Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsində nəzərdə tutulan cinayətin birinci, üçüncü, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, onuncu və on birinci epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar məhkum edilən təqsirləndirilən şəxsə cəza təyin olunmayıb. Əşrəf Əşrəflinin təqsirli bilindiyi CM-in 178.2.2, 178.2.4-cü (dələduzluq) maddələri ilə təyin olunan 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 3 ilə endirilib. CM-in 178-ci maddəsində nəzərdə tutulan cinayətin ikinci epizodundakı “təkrarən” söz ifadəsi hökmdən xaric edilib. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

İttihama görə, Əşrəf Əşrəfli etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib 12 zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq edib, eləcə də hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlayıb.

Belə ki, o, yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq üçün internet informasiya ehtiyatlarında yaratdığı “set.az”, “ashrafli.az”, “xaricde.com” saytları və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən “Ş.Group”, “AConsalting.az”, “Press.Legal”, “İHA.AZ”, “SET” xaricdə təhsil şirkətlərinin rəhbəri kimi təqdim edib. Daha sonra Əşrəf Əşrəfli müştəri kimi ona müraciət edən vətəndaşlara müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ölkələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verib. Təqsirləndirilən şəxs 2021-2022-ci illərdə bu yolla 12 vətəndaşdan ümumilikdə 34 860 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Paylaş