Azərbaycan dövləti ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır. Son illər bu istiqamətdə həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir. Azərbaycanın bütün sahələrdə qlobal səviyyədə inkişafının Qərbin və Avropa ölkələrini narahat etməsi mətbuat platformasında da özünü aydın göstərir. Xüsusilə Vətən müharibəsindən sonra xarici oyunçuların regiona təsir istiqamətlərindən biri kimi medianı hədəf alması bunu deməyə əsas verir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov bildirib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə, ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməsi Qərb dövlətlərinin əsl simalarını üzə çıxarıb:
“Biz artıq bir çox dövlətlərin Azərbaycana sağdan-soldan tənqidlərinin, hər mənada sıxmağa çalışdıqlarının fərqindəyik. Lakin heç birində uğur qazana bilmirlər. Çünki ən birincisi qarşılarında güclü Azərbaycan var. Ölkəmizin nüfuzu qlobal miqyasda durmadan artır. Bütün bu inkişaf, tərəqqi bir çoxlarını kəskin narahat edib. Fikir azadlığından, insan haqlarından, demokratiyadan bar-bar bağırsalar da, zaman ötdükcə bunların hər birinin özlərində çox ağır miras formasında qaldığını, problemlərin içində çabaladıqlarını görürük. Bir çox Qərb dövlətlərində insanların fundamental söz azadlığının, hüquqlarının boğulması fonunda ən vəhşi üsullardan, atlardan, itlərdən və digər silahlardan, ən zəhərli gözyaşardıcı qazlardan istifadə edildiyinin şahidi oluruq. Azərbaycanda isə hansısa hadisə vaxtı polis bir nəfərin qolundan tutub kənara çəkəndə onu tirajlayırlar, az qala böyük bir hadisə kimi qələmə alıb, hay-küy qaldırırlar. Bu cür ədalətsizlik və selektiv yanaşma Azərbaycanın qlobal anlamda artan nüfuzuna qarşı bir paxıllıqdır. Bu siyasətin qarşısını kəsmək üçün belə formada böhtanlar yağdırır, dünyada gözdən salmağa çalışırlar. Artıq anlayırıq ki, avazı xoş sözlər və fikirlər dünyanın böyük dövlətlərinin inhisarında olan siyasi biznes sahəsinə dönüb. “Demokratiya”, “söz”, “mətbuat azadlığı”, “fikir plüralizmi”, “jurnalistlər üçün şəraitin yaradılması” sözləri onlara nə vaxt lazımdırsa, hansı məqamlarda öz işlərinə yarayacaqsa, o vaxt istifadə edirlər. Müxtəlif beynəlxalq təşkilatlar yaradaraq onların dili ilə müxtəlif ölkələrdə seçkilər zamanı və ya seçkilərdən sonra bəyanatlar verir, onları təzyiq altında saxlamağa çalışırlar. Artıq hər şey gün kimi aydındır. Bunlar siyasi alver predmetinə çevriliblər. Bu “siyasi alverçilər” artıq heç kimi belə boş-boş bəyanatlara, fikirlərə inandıra bilmirlər. Hamı görür ki, beynəlxalq hüquq çalışmır. BMT Dədə Qorqud obrazındadır, danışır, amma vuruşan onsuz da vuruşur, ona qulaq asmırlar. Digər böyük beynəlxalq təsisatlar da ya işləmirlər, ya da kimlərinsə maraqlarına xidmət edirlər. Bir çoxunun adı böyük korrupsiya qalmaqallarında hallanır… Demək, bütün bunlar yalnız sözdür, kimlər üçünsə təzyiq rıçaqı formasına düşüb. Ölkəmizdə mətbuat sahəsində kifayət qədər işlər görülüb, yüzlərlə saytlar, qəzetlər, portallar mövcuddur. Hər biri istədiyi formada yazır, müzakirə edir. Saysız internet kanalları var. Hətta bir çoxu kəskin, lazımsız, həddi aşan formada tənqidlər yağdırırlar, yayımlarını davam etdirirlər. Əksinə, tərəfdarıyıq ki, sosial şəbəkələrdə və digər platformalarda bu sahədə qanun yaradılsın, qaydalar sərtləşdirilsin. Bu platformadan bizə təzyiq göstərməyə çalışan ölkələrə səfər etdiyimiz zaman özlərində tam əksini görürük. Çox ağır qanunlar, radikal yanaşmalar var. Bir çox vacib nəşrlər artıq susdurulub, yaxud təzyiq altındadır. Bəyanatlarında isə tam əksidir. Bu bəyanatların heç bir məna yükü yoxdur. Öz inkişaf yolunu tapan ölkələr üçün bunlar boş və mənasız söz yığınından başqa bir şey deyil”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlı isə hesab edir ki, azadlıq anlayışından sui-istifadə hallarına yol vermək olmaz:
“Biz ilk dəfə 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzeti ilə Qərb mətbuat tipinin örnəklərini ortaya qoyan bir millətin övladlarıyıq. Bu baxımdan, Qərb, Avropa ölkələrinin Azərbaycana media, söz, fikir azadlığı ilə bağlı yönəlik fikirlərini ciddi və əsaslı qəbul etmək olmaz. Sözügedən ölkələrin beynəlxalq media təsisatlarının, beynəlxalq jurnalist qurumlarının Azərbaycanda mətbuat azadlığı ilə bağlı hesabatları birmənalı olaraq əks mövqedədir. Daha çox radikal, müxalif mövqedə dayanan media resurslarının, təşkilatlarının rəyi əsasında formalaşır. Reallığı qəbul etməkdən ötrü media siyasətində bütün tərəflərin fikirləri öyrənilərək rəy hazırlanmalı və bu rəylər açıqlanmalıdır. Çox təəssüf ki, belə deyil. Sərhədsiz Reportyorlar Təşkilatı və digər beynəlxalq jurnalist qurumları Azərbaycana münasibətdə həmişə birmənalı mövqe tutublar. 44 günlük savaşda və ondan sonrakı proseslərdə Azərbaycan jurnalistlərinin hətta terrorun qurbanı olmalarına baxmayaraq bunlar birmənalı rəylərindən imtina etmirlər. Bunu Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmələri qəbulolunmazdır”.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev deyib ki, Azərbaycanda mətbuat azadlığı tam olaraq təmin edilib.
Onun sözlərinə görə, jurnalistlərə fəaliyyətlərinə görə heç bir müdaxilə, təzyiq, təsir göstərilmir. Hətta digər ölkələrlə müqayisədə Azərbaycanda daha liberal, daha yumuşaq yanaşmaları görürük. İnternet əlçatandır, istənilən şəxs asanlıqla media orqanı yarada, reyestrdə qeydiyyatdan keçə, jurnalist fəaliyyəti ilə məşğul ola bilər. Təəssüf ki, bəzi şəxlər, qruplar “jurnalist” adı altında xarici kəşfiyyat orqanlarının təsirinə düşərək Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə fəaliyyət göstərir, bunu jurnalistika ilə sığortalamaq, gizlətmək istəyirlər. Düşünürəm, bu, Qərbin də əlində bir təzyiq alətinə çevrilib. Çünki Azərbaycan Qarabağ savaşında qalib gəldikdən və suverenliyini tam bərpa etdikdən sonra Azərbaycana qarşı təzyiq alətləri Qərbin əlində yoxa çıxıb. Və məcburdurlar ki, ölkəmizə təzyiq alətlərini özləri formalaşdırsınlar. Ermənistanın regionda güclənməsini istəyən tərəflərin, Ermənistan havadarlarının bu məsələni qabartmaqda əsas məqsədləri məhz Azərbaycanı təsir altında saxlamaqdır. Azərbaycan beynəlxalq qanunlara və konvensiyalara hörmətlə yanaşır. Bütün bunlarla yanaşı, Azərbaycan suverenliyini, vətəndaşlarının təhlükəsizliyini ən yüksək şəkildə təmin edən dövlətdir. Azərbaycan öz maraqlarını qoruması və strateji hədəflərinə çatması üçün bütün mümkün təhlükələri dəf etmək iqtidarındadır. Bu cür süni əngəllərlə Azərbaycanı öz yolundan qətiyyən çəkindirə bilməyəcəklər. Əksinə, Qərb və Ermənistan havadarları Azərbaycanla kompromisə gələrək Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməlidirlər, Azərbaycanla bərabərhüquqlu tərəflər kimi bütün prosesləri dialoq şəklində həll edə bilərlər”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova