İranın İsrailə hücumu həddindən artıq güclü səviyyədə nəbz yoxlamasıdır. İndiyədək biz həmişə Qərbin və İsrailin İranı təhdid etdiyinin şahidi olmuşuq. İsrail həmişə İranı müharibə ilə hədələyib, ABŞ və Böyük Britaniya isə buna dolayı dəstək verib. İndi isə İran ilk dəfə İsrailə birbaşa hücum edir.
Bu sözləri Korrupsiya.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.
Onun sözlərinə görə, baş verənlər İsrailin imicini və gücünü sarsıtmaq məqsədi daşıyır:
“Fikrimcə, Tehran Qərbin nəbzini yoxlayır. Çünki Qərbin İsrailə lazımi dəstəyi verə bilməmə ehtimalı var. Bu isə İsrail haqqında formalaşdırılan təhlükəsizlik eyforiyasının bitməsi ilə nəticələnə bilər. HƏMAS-ın hücumu ilə proses başlayıb. İran da İsrailə hücumla Təl-Əvivin toxunulmaz olmadığını göstərmək istəyir. Əslində hücumun ediləcəyi əvvəldən məlum idi. İsrail təhlükəsizlik məqsədilə 28 səfirliyini bağladı, ABŞ isə İranın Rəfah əməliyyatını həyata keçirməyəcəyi təqdirdə İsrailə hücum etməyəcəyi açıqlamasını verdi. Yəqin ki, Təl-Əviv Rəfah əməliyyatı planından imtina etməyib. İndi ortada olan sual Qərbin İsrailin yanında hansı formada yer alacağıdır. Yəni İsrailə hücum, yoxsa müdafiə üçün dəstək verəcəyi önəmlidir. Düşünürəm ki, İsrail İrana cavab vermək istəyəcək, ancaq Qərbin dəstəyinə ehtiyacı olacaq. Təkbaşına hərəkət isə İsrailə qarşı yeni cəbhə açılması ilə nəticələnə bilər. Bu halda Təl-Əvivin təkbaşına Tehrana cavabı gözlənilən qədər effektli olmayacaq. Amma qazanacağı dəstək və proksilərlə birgə Tehranın hücumunun daha çox dağıdıcı olması mümkündür. Ümumiyyətlə isə Yaxın Şərqdə vəziyyət çox gərgindir və hər an bütün dünyaya təsirini göstərə biləcək yeni bir münaqişənin başlaması mümkündür”.