Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyaları var. Onların əsas məqsədi ictimai əhəmiyyət kəsb edən məsələlərdə qərarvericilərə tövsiyələr hazırlamaq və geniş sosial müzakirə mövzuları yaratmaqdır.
Korrupsiya.az xəbər verir ki, son illər regionda, eləcə də Azərbaycanda beyin mərkəzləri həm sayca, həm də fəaliyyət istiqamətləri baxımından artıb.
Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzlərinin beş əsas istiqamət üzrə apardıqları fəaliyyətlər “data” əsaslı strateji idarəetmədə önəmli rol oynayır. Bu istiqamətlərə müxtəlif növ sorğuların aparılması və onların analizləri, elektron hökumətin yaratdığı “big data” (böyük verilənlər) və buna əsaslanan təhlillər, sosial medianın izlənməsi və araşdırmalar, texniki elmi təhlillər, eləcə də sosial və iqtisadi islahatların monitorinqi və qiymətləndirilməsi ilə bağlı yaranan “data”ların analizi aiddir.
Ümumiyyətlə, dünyada 6500-dən artıq beyin mərkəzi fəaliyyət göstərir ki, bu mərkəzlərin bir çoxu effektiv kommunikasiyanın qurulması, təsir imkanlarının artırılması və nəticənin əldə edilməsində ölçü meyarları barədə standartlar müəyyənləşdirmək üçün araşdırmalar aparır. Bu beyin mərkəzləri son 30 il ərzində qloballaşma və idarəetmə, beynəlxalq iqtisadiyyat, ətraf mühit problemləri, beynəlxalq sülh və təhlükəsizlik, yoxsulluğun azaldılması, səhiyyə və qlobal sağlamlıq, informasiya və cəmiyyət kimi mühüm sahələrdə bilik və siyasət arasında körpü yaratmağa kömək edən bir sıra qlobal təşəbbüslər irəli sürüblər.
Beyin mərkəzləri beynəlxalq əməkdaşlıq səylərini artırmaqla bütün dünyada vətəndaş cəmiyyətlərini gücləndirir, siyasi qərarların qəbul edilməsi prosesini təkmilləşdirir, regional və beynəlxalq şəbəkələr yaradırlar. Vətəndaş cəmiyyətində iqtisadi siyasəti təhlil edən tədqiqat mərkəzləri önəmli rola malikdir. Beyin mərkəzlərində dünyanın aparıcı alimləri və mütəxəssisləri çalışırlar, həlli vacib məsələlər üzrə siyasi sənədlər hazırlayırlar.
Paylaş