Gəncə Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən N.Ədilovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 4 il 8 ay 28 gün azadlıqdan məhrum etmə hökmü ləğv olunub. Belə ki, təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilib və qadın Azərbaycanın adından təqsirsiz elan edilib. N.Ədilovanın barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.

 

İttihama görə, hadisə 23 noyabr 2018-ci il tarixdən 25 noyabr 2018-ci il tarixədək olan müddət ərzində Bərdə rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, N.Ədilova anasına məxsus evin yataq otağındakı sandığın içərisində qohumu, zərərçəkmiş şəxs A.Həsənovanın ümumilikdə 54 902 manat qızıl və zinət əşyalarını oğurlayıb.

 

Qeyd: Hadisə zamanı N.Ədilova Bakı Dövlət Universitetinin tələbəsi olub.

 

Paylaş