Bakıda özünü Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar.

 

Bu barədə məlumatlar məktəblərin “WhatsApp” qruplarında yayılıb.

 

Bildirilib ki, mənzillərin ətrafında özlərini nazirliyin əməkdaşı kimi təqdim edən bir qrup şəxs vətəndaşlardan şəxsiyyət vəsiqələrinin olub-olmadığını soruşur və biometrikadan keçməli olduqlarını bildirir.

 

İddiaya görə, onların əllərində notbuk, biometrik cihaz və sakinlərin siyahısı olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq, bildirib ki, bununla bağlı polis orqanlarına hər hansı məlumat daxil olmayıb.

 

“Əgər hansısa vətəndaş bu halda dələduzluğa məruz qalma riski ilə üzləşərsə və ya şübhə yaranarsa, polisə, eləcə də “102” Xidməti-Zəng Mərkəzinə məlumat verməyi tövsiyə edirik”, – deyə açıqlamada qeyd edilib.

Paylaş