Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Vahid Mahmudovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest və şikayət təmin edilməyib.
İttihama görə, Vahid Mahmudov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirib dələduzluq edib.
Belə ki, o, zərərçəkmiş V.V.-yə (şərti) özünü işgüzar şəxs kimi təqdim edərək əlaqələrinin geniş olmasını yalandan bildirib və ona Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə vəd verib. O, bu yolla zərərçəkmişdən 2021-ci ildə müxtəlif vaxtlarda ümumilikdə 21 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, Vahid Mahmudov zərərçəkmiş M.M-ə (şərti) özünü işgüzar şəxs kimi təqdim edərək əlaqələrinin geniş olmasını yalandan deyib. O, həmin şəxsin oğlunu Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyini yalandan vəd verərək aldadıb. Vahid 2022-ci ilin mart ayının əvvəllərində M.M-in ümumilikdə 6 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.