Müxalif partiya sədrindən maraqlı açıqlamalar; “Korrupsiyanın kökü ona görə birdəfəlik kəsilmir ki…”
Mayın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov sözügedən nazirlikdə nazirin birinci müavini işləmiş İltimas Məmmədova (Hazırda Nəqiyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavinidir. red.) qarşı ifadə verib. V.Zeynalov vəzifədə işlədiyi dövrdə nazirliyin rəhbərliyinin göstərişini yerinə yetirdiyini söyləyib: “Mən ictimaiyyətdə cinayətkar kimi göstərildim. Buna görə də ifadə vermək istəyirəm. Deyəcəklərim çoxdur. Amma özümü yormaq istəmirəm. Qoy səbəbkar vicdan əzabı çəksin. Əsl günahkarların cəzalandırılmasına çox az qalıb. Mən və həbsxanada olan digər şəxslər də bu günü gözləyir. Sabiq nazir müavini İltimas Məmmədov bu işlərdə daha çox günahkardır. O, 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat törədərək, keçmiş nazir Əli Abbasovun işdən çıxarılmasına nail olmaq istəyirdi. Əli Abbasovun yerinə keçmək istəyən İltimas Məmmədov niyə həbs edilməyib? Ən azından o, məhkəmədə gəlib şahid qismində ifadə verməli idi. Çünki pulların çoxu ona çatmışdı”. Bəs İltimas Məmmədov kimdir, bu qədər ağır ittihamlar və etiraflara rəğmən, onun hələ də nazir müavini postunda qalmasının kökündə nə dayanır? İltimas Əhməd oğlu Məmmədov hazırda da rabitə nazirinin müavinidir. O, 1963-cü il fevral aynın 10-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində fəhlə ailəsində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1980-cı ildə Bakı şəhəri 23 nömrəli texniki-peşə məktəbinə daxil olub və 1981-ci ildə həmin məktəbi qırmızı diplomla bitirib. 1981-1983-cü illərdə orduda həqiqi hərbi xidmətdə olub. İ.Məmmədov 1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsinə daxil olub və 1989-cu ildə həmin fakültəni bitirərək, çoxkanallı elektrik rabitəsi mühəndisi ixtisasına yiyələnib. Bir müddət sonra laboratoriyanın KRR qrupunda elektromexanik, 1990-cı ildə həmin qrupda mühəndis vəzifəsinə təyin olunub. 1991-ci ildə Bakı Kabel Qovşağında 2-ci dərəcəli mühəndis, 1992-ci ildə isə qovşağın xətt xidməti rəisi vəzifəsinə təyin olunub. 1996-cı ildə həmin qovşağın baş mühəndisi, 1997-ci ildə isə BTRİB-in baş mütəxəssisi vəzifəsinə təyin olunub. “Məhkəmədə verilən ifadələr, İltimas Məmmədovun özünün paket şəklində ayda 30 min manat aldığını etiraf etməsi onun haqqında cinayət işi açılması və məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslardır. Buna baxmayaraq hələ də İltimas Məmmədov məsuliyyətə cəlb olunmayıb və nazir müavini postundadır. Bu, onu sübut edir ki, əslində o məhkəməsi gedən keçmiş məmurlar korrupsiya cinayətlərinə görə yox, başqa siyasi yönlü xəyanət xarakterli əməllərinə görə həbs ediliblər. Çünki məntiq və qanun onu deyir ki, əgər bu adamlar korrupsiya əməllərinə yol verdikləri üçün həbs ediliblərsə, onlara rəhbərlik etmiş nazir və nazir müavinləri də həbs edilməliydilər. Nəzərə alsaq ki, nazir müavininə qarşı keçmiş iş yoldaşları tərəfindən məlum ifadələr verilib, həmin şəxs mütləq cinayət məsuliyyətinə cəlb olunmalı idi. Korrupsiya ittihamı həbs edilən rabitə çetesinin siyasi sədaqətsizliyinə görə onlara irəli sürülən ittihamdır. Görünür İltimas Məmmədov siyasi sədaqətsizliyə yol vermədiyi üçün onu nəinki həbs etmirlər, hətta nazir müavini postunda qalır. Normal cəmiyyətlərdə məhkəmədə verilən o ifadələrin biri kifayət edir ki, həmin adam və keçmiş nazir həbs olunsun”. Partiya sədri qeyd etdi ki, həbs olunanlar və işdən çıxarılanlar şübhəsiz ki, korrupsiyaya bulaşmışdılar. Lakin əslində onlar müəyyən hakimiyyət məsələlərinə müdaxilə etdikləri, siyasi yönlü gizli fəaliyyətdə olduqları üçün həbs olunublar: “Fərhad Əliyev də, Əli İnsanov da, Heydər Babayev də, Əli Abbasov da, Ziya Məmmədov da bunun qurbanı olublar. Korrupsiyaya görə olsaydı, onda gərək məmurların ən azı 90 faizi işdən çıxarılmalı və həbs olunmalı idi. Ona görə də korrupsiyanın kökü birdəfəlik kəsilmir”.Politico.az |