Sabiq təhsil naziri, hazırda AMEA-da institut direktoru olan Misir Mərdanov MTN işi üzrə dindirilə bilər

Keçmiş nazirin rəhbərliyi dövründə onun qohumu Allahverdi Dəmirovun əməlləri bir-bir üzə çıxır. Bu da sabiq nazirin həmin vaxt hara baxdığı barədə sualları zəruri edir.

Çünki MTN onun qohumunu dövlət çevrilişinə cəhd, seçkiqabağı silahlı münaqişə yaratmaqda, ayrı-ayrı şikayətçilər isə korrupsiya, mənimsəmədə ittiham edib.

Söhbət MTN qanqsterləri tərəfindən saxlanmış Allahverdi Dəmirovdan gedir. 2015-ci ilin oktyabr ayında-Eldar Mahmudovun işdən azad edilməsinə sayılı günlər qaldığı bir vaxtda saxlayıblar.

Dəmirov Allahverdi Hüseyn oğlu ifadəsində göstərir ki, 2005-ci ildə “Dəmirli Yol tikinti” MMC-ni təsis edib. Həmin cəmiyyətin fəaliyyəti yolların təmiri və tikintisini həyata keçirməkdən ibarət olub.

“2015-ci ilin oktyabr ayının 6-da saat 15 radələrində “Amor” şadlıq evinin altında yerləşən restoranda oturub yemək yeyərkən 3 şəxs mənə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini MTN əməkdaşları kimi təqdim etdilər.

Mənə dedilər ki, onlarla birlikdə nazirliyə getməliyəm. Məni MTN-nin 2-ci mərtəbəsinə apardılar, otaqların birinə salıb hədə-qorxu gəlməyə başladılar”-keçmiş nazirin qohumu ifadəsində göstərir”.

Keçmiş nazirin başı yenə cəncəldədir və onun dindirilməsi gözlənilir. İddialara görə, eks-nazirin vaxtında A.Dəmirov ciddi yeyintilərə yol verib.

“Keçmiş təhsil naziri Misir Mərdanovun yaxın qohumu, xalası oğlu Allahverdi Dəmirov 2010-2011-ci illərdə məndən ümumilikdə 450 min manat pul alaraq təsisçisi və direktoru olduğum ”Xudafərin” Tikinti-Quraşdırma MMC-yə tikinti işləri verəcəyini vəd verərək məni aldadıb”.

Bu sözləri prezidentə ünvanladığı, surətini redaksiyamıza yolladığı məktubda Suraxanı rayonunda qeydiyyatda olan Sənan Əliyev yazıb.

S.Əliyev məktubunda qeyd edir ki, üzləşdiyi dələduzluqla bağlı hüquq-mühafizə orqanlarına üz tutub və şikayəti üzrə cinayət işi başlanıb. Lakin cinayət işi üzrə hər hansı hərəkətlilik yoxdur

Allahverdi Dəmirov Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin keçmiş rəisi olub. 2011-ci ildə həmin vəzifədən çıxarılıb.

Bu vəzifədə işləyərkən Təhsil Nazirliyinin xətti ilə həyata keçirilən tikintilərdə ciddi korrupsiya hallarının baş verdiyi barədə mətbuat uzun müddət yazıb. Hətta Dəmirovun vəzifədən çıxarılandan sonra “Bandotdel” tərəfindən saxlanıldığı da bildirilirdi.ulus.az

Paylaş