Belə görünür ki, Azərbaycan Beynəlxalq Bankı işinin “əks-sədası” hələ uzun müddət ölkəmizi qarabaqara izləyəcək, xüsusilə nəzərə alsaq ki, qalmaqalların sırasına getdikcə daha çox xarici dövlət və əcnəbi vətəndaşlar qatılmaqdadır. Son nümunə – İsrail vətəndaşı Aleksandr Qorenşteyn virtualaz.org-un redaksiyasına və Dövlət Gömrük Komitəsinə müraciət edib. Məsələyə artıq İsrail Dövlətinin Azərbaycandakı səfirliyi də qarışıb.
İşin qısa məzmunu belədir: İsrail vətəndaşı Aleksandr Qorenşteyn Azərbaycan banklarını kifayət qədər etibarlı hesab edərək, ölkəmizə gəlir və pul vəsaitlərini yerli banklara yatırmaq fikrinə düşür. 2011-ci ilin may ayının 16-da o, Azərbaycan Beynəlxalq Bankının Nəsimi filialı ilə müqavilə imzalayaraq, 20 min dollar pulunu depozit hesabına yatırır. Müqavilənin bəndlərindən birinə görə, müştəriyə illik 14,4% dividend hesablanmalıdır.
Beləliklə, 2017-ci ilin may ayının 17-nə olan vəziyyətə görə, hesabdakı pulun məbləği 35 min 612 dollar təşkil edib.
“Həmin gün mən hesabdakı bütün pullarımı çıxardım, – Qorenşteyn deyir. – Pulumu çıxaran vaxt bankdan mənə hava limanında təqdim edilmək üçün müvafiq sənədin verilməsini xahiş etdim. Bank mənə 17 may 2017-ci il tarixli № FJB1713717068023 məxaric orderi verdi”.
Mayın 18-də Qorenşteyn Heydər Əliyev beynəlxalq hava limanına gəlir və gömrükdə yoxlama zamanı bildirir ki, üzərində bank hesabından çıxardığı pul vəsaiti var. Lakin gömrük əməkdaşları buna fikir vermir, İsrail vətəndaşını tərcüməçi ilə təmin etmir və zərərçəkmişin sözlərinə görə, pulunu əlindən alırlar.
“Bundan sonra mən bildirdim ki, başqa pulum yoxdur, Bakıda isə qalmağa yerim mövcud deyil, burada qohumlarım yaşamır. Bu sözlərdən sonra mənə 100 dollar qaytardılar”, – Qorenşteyn deyir.
Müstəntiq Elmir Rəhmanov İsrail vətəndaşına bldirib ki, onun hərəkətlərində cinayət əməli əlamətləri var və işin materialları Gömrük Komitəsinin İstintaq idarəsinə göndəriləcək.
Paradoksal vəziyyət yaranır. Götürülmüş pullar İsrail vətəndaşına məxsusdur. O, həmin pulları qanuni yolla əldə edib. Bundan başqa, bank bir neçə il ərzində onun pullarından istifadə edib və çox güman ki, gəlir qazanıb. Bankın indi belə ağlar vəziyyətə qalması başqa söhbətin mövzusudur. Lakin çətin ki, buna görə Aleksandr Qorenşteyn cavab verməlidir. O, sadəcə olaraq, ABB-nin və bütünlükdə Azərbaycan bank sisteminin sabitliyinə inanıb. Məlum məsələdir ki, iş Avropa Məhkəməsinə çatsa, Azərbaycan onu uda bilməyəcək. Belə isə, işi həmin həddə çatdırmaq lazımdırmı?
Bundan əlavə, Qorenşteynin sözlərinə görə, o, İsrail səfirliyinə müraciət edib və səfirlik Azərbaycan XİN-ə nota göndərib.
İsrail vətəndaşı hər zaman özünü Azərbaycanın dostu hesab edib, ölkəmizi təbliğ edib, iqtisadiyyatımıza vəsait yatırmağa çağırıb. Lakin öz sadəlövhlüyünün, yaxud da dövlət orqanları əməkdaşlarının əliəyriliyinin qurbanına çevrilib.
Virtualaz.org