Keçən il dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) üzrə qaçqınlar və məcburi köçkünlərə verilən müavinətlər və kommunal xidmətləri haqqının ödənilməsi məqsədilə funksional bölmənin “Sosial müdafiə” köməkçi bölməsinə 224390,9 min manat (2015-ci il ilə müqayisədə 100 min manat az) xərc təsdiq edilib

Bu barədə məlumat “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyində əksini tapıb.

İl ərzində aparılmış dəyişikliklər nəticəsində müəyyən edilmiş 224390,9 min manatlıq təyinata qarşı 99,8% maliyyələşmə açılmaqla icra 223608,5 min manat məbləğində və ya 99,7% olub. Bu da 2015-ci ilin icrası ilə müqayisədə 4895,3 min manat və ya 2,2% çox olub. Faktiki xərclər 223767,8 min manat təşkil edib. Xərclərin 101102,6 min manatı və ya 45,2%-i “Malların (işlərin və xidmətlərin) satın alınması” bölməsi üzrə, 120683,7 min manatı və ya 54,0% “Təqaüdlər və sosial müavinətlər” bölməsi üzrə, 1122,1 min manatı və ya 0,5%-i “Digər xərclər” bölməsi üzrə, 700,0 min manatı və ya 0,3%-i “Qeyri-maliyyə aktivlərinin alınması” bölməsi üzrə xərc edilib. Hesabat ilində QMKİDK tərəfindən “Malların (işlərin və xidmətlərin) satın alınması” üzrə sərf edilmiş 101102,6 min manat vəsaitin icra səviyyəsi 99,3% olub. Həmin xərc 2014-cü ilin müvafiq göstəricisindən 0,6% az, 2015-ci il üzrə müvafiq xərcdən isə 2,2% çox olub.

Əvvəlki illərdə olduğu kimi, “Dəftərxana və təsərrüfat xərcləri” üzrə məcburi köçkünlərə yemək xərci müavinətlərin ödənilməsi üçün plastik kartlara xidmət haqqı kimi 2016-cı ildə 820,0 min manat vəsait ödənilib, “Mətbəə xərcləri” üzrə 90,0 min manat məbləğində vəsait məcburi köçkünlər üçün vəsiqələrin, ərizə formalarının, kirayə müqaviləsi blankı və xidməti kitabların hazırlanmasına istifadə edilib. “Malların (işlərin və xidmətlərin) satın alınması” üzrə xərclərin əsas hissəsi, yəni 97574,6 min manatı və ya 96,5%-i məcburi köçkünlərin kommunal xərclərinin ödənilməsi məqsədilə istifadə edilib.

2015-ci illə müqayisədə “İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi” paraqrafı üzrə icra edilmiş 1930,7 min manata qarşı 2016-cı ildə 1053,2 min manat və ya 45,4% az, “Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi” paraqrafı üzrə isə 1060,0 min manata qarşı 613,2 min manat və ya 42,2% az xərclər həyata keçirilib. “İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi” maddəsi üzrə xərclərin azalması təbii qazla təmin olunmayan yerlərdə məskunlaşmış məcburi köçkün ailələrinə payız-qış mövsümündə soba yanacağının verilməsinin QMKİDK tərəfindən 2015-ci ilin fevral ayından, məcburi köçkünlərin telefon rabitəsi xidmətinə görə ödənişlərin az olması isə həmin ilin 2-ci yarısından dayandırılması ilə bağlı olub. QMKİDK üzrə xərclərdə ən böyük xüsusi çəkiyə malik olan “Təqaüdlər və sosial müavinətlər” bölməsi xərclər 120683,7 min manat məbləğində tam icra olunaraq məcburi köçkünlərə yemək xərci üçün müavinətlərin ödənilməsinə yönəldilib.

Hesabat ilində sair xərclərə 634,0 min manat vəsait xərc edilib ki, bu da 2014-cü ilin müvafiq göstəricisindən 19,6%, 2015-ci nisbətən isə 9,4% az olub. Bu xərclər ölkə ərazisində yerləşən ictimai binalarda (yataqxana, sanatoriya və s.) məskunlaşmış məcburi köçkünlərin saxlanılması və onlara xidmət göstərilməsinin, Komitənin orqanı olan “Vətən səsi” qəzetinin, habelə qaçqın və məcburi köçkünlərlə bağlı nəşrlərin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilib. Ümumilikdə hesabat ilində QMKİDK-ə açılmış maliyyələşmədən istifadə edilməyərək ilin sonuna qalıq qalmış 365,6 min manat və ya 0,2 % vəsait dövlət büdcəsinə qaytarılıb. Dövlət büdcəsinə qaytarılan vəsaitin əsas hissəsi, yəni 292,0 min manatı və ya 79,9%-i “Malların (işlərin və xidmətlərin) satın alınması” bölməsi üzrə olub.

Maliyyə Nazirliyinin Kollegiyasının 2016-cı il 22 iyul tarixli Q-16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vahid Büdcə Təsnifatına uyğun olaraq büdcə xərclərinin iqtisadi təsnifatı üzrə ayrılmış vəsaitlərin istifadəsinin dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün Hesablar Planının müvafiq hesablarında və subhesablarında əks etdirilməsi Qaydası”na əsasən büdcə xərclərinin iqtisadi təsnifatının “Digər maşın və avadanlıqlar” maddəsi üzrə aparılmış əməliyyatlar nəticəsində alınan əsas vəsaitlər uzunmüddətli aktivlərin ilkin dəyərinin artırılmasına yönəldilməlidir. Lakin qeyd edilən qərarın tələblərinə əməl edilməyərək hesabat ilində 70 min manat vəsait tam olaraq faktiki xərcə silinib. Komitədə aparılmış audit tədbirinin nəticəsi olaraq Hesablama Palatasının Kollegiyası tərəfindən məcburi köçkünlərin siyahılarında adların təkrarlanması nəticəsində artıq ödənilmiş 89,8 min manat soba yanacağı məbləğinin dövlət büdcəsinə bərpası və istilik enerjisi xidmətləri üzrə artıq ödənilmiş 169,4 min manat məbləğin debitor borc kimi nəzərə alınması ilə bağlı qərar qəbul edilib. Lakin Komitənin 2016-cı ilin xərclər smetasının icrası barədə təqdim edilmiş hesabatlardan göründüyü kimi 1 yanvar 2017-ci il tarixə 89,8 min manat soba yanacağının dəyəri dövlət büdcəsinə bərpa edilmədiyi halda kreditor borc kimi, 169,4 min manat məbləğin isə debitor borc kimi uçota alınması təmin edilməyib. Xəzinə öhdəliyi götürülmədən 01 yanvar 2016-cı il tarixə məcburi köçkünlərə yemək xərci üçün müavinətlərin ödənilməsi üzrə alınmış plastik kartlara görə “Dəftərxana və təsərrüfat xərcləri” paraqrafı üzrə 76,0 min manat məbləğində kreditor borcun yaranmasına yol verilib, hesabat dövründə müvafiq qanunvericiliyin tələblərinə əməl edilməyib, əvvəlki illərdə dövlət öhdəliyinə qəbul edilməyən kreditor borcun ödənilməsinə yol verilib.

Nəticədə 31 dekabr 2016-cı il tarixə kreditor borclar üzrə qalıq qalmayıb. “Sosial müdafiə, pensiya və digər sosial təminat xərcləri” istiqaməti üzrə nəzərdə tutulmuş vəsaitlərdən məcburi köçkünlərə müavinətlərin verilməsi üçün funksional təsnifatın “Sosial müdafiə” köməkçi bölməsinin “Digər sosial müdafiə tədbirləri” paraqrafına 8076,2 min manat vəsait ayrılıb. Həmin vəsaitdən 7595,5 min manat və ya 94,0% icra olunub. İcra olunmuş vəsaitin 7564,9 min manatı “Qaçqınlara və məcburi köçkünlərə verilən müavinətlər” paraqrafı, 30,6 min manatı isə “Bank xərcləri” paraqrafı üzrə olmaqla məcburi köçkünlərə yemək xərci üçün müavinətlərin verilməsi üzrə xərc edilib.

Beləliklə, 2016-cı ildə məcburi köçkünlərə müavinətlərin verilməsi üzrə xərc ümumilikdə 128248,6 min manat təşkil edib. Bu da 2015-ci illə müqayisədə 8,8% çoxdur. Bu artım əsasən 2016-cı ilin fevral ayından həmin müavinətin adambaşına aylıq məbləğinin 18,15 manatdan 10% artırılaraq 19,96 manata çatdırılması ilə bağlı olub. Digər tərəfdən isə müavinət alan məcburi köçkünlərin adlı siyahısının 2015-ci ilin may ayından “Elektron hökumət” portalında yerləşdirilməsi və bununla da, həmin siyahıda təkrarlanmaların qarşısının alınması səbəbindən müavinət alan kontingentin sayı azalıb. Belə ki, 2015-ci ildə məcburi köçkünlərdən 541287 nəfərə, 2016-cı ildə isə 539582 nəfərə (1705 nəfər, yaxud 0,3% az) müavinət ödənilib. ulus.az

Paylaş