Bir neçə gün qabaq jurnalist Eynulla Fətullayevin Tiflisdəki anti-Azərbaycan qüvvələri iddiası ilə məqaləsi yayımlanmışdı. Müəllif hakimiyyətə qarşı Gürcüstanda yerləşmiş müxalifətçilərin fəaliyyətindən bəhs edirdi.

Ulus.Az-ın xəbərinə görə, jurnalist onların bəzilərinin hansı Qərb təşkilatları ilə əməkdaşlıq etdiyini, maliyyənin necə hansı formada ötürüldüyünü iddia edirdi.

Artıq həmin yazının praktik olaraq reallaşması görünür. Gürcüstanda keçmiş AMİP-çi, “Lanset” klinikasının rəhbəri, iqtidarla həmişə problemləri olmuş Fərman Ceyranov dələduzluq ittihamı ilə həbs edilir.

Ardınca AXCP sədrinin müavini Gözəl Bayramlı bu ölkədən ayıdarkın 12 min dollarla saxlanır, barəsində cinayət işi açılır.

Ehtimallara görə, həbslərin davamı gələ bilər. Bütövlükdə Gürcüstandakı şəbəkənin dağıdılması prosesi başlanıb.

E.Fətullayevin yazısında deyilirdi ki, Azərbaycan üçün taleyüklü 2013-cü ildə radikal antiəliyev müxalifətinin mərkəzi məhz Tiflis idi.

Bakıda vəziyyətin qarışdırılmasına yönəlmiş, Rüstəm İbrahimbəyovun, Eldar Namazovun və Əli Kərimlinin qismində yaradılmış antihökumət koalisiyasının icrası üçün nəzərdə tutulan, yaxşı məlum olan xarici mərkəzlər tərəfindən hazırlanan yeni ssenari məhz Tiflisdə reallaşmağa başlamışdı.

Yazıda bildirilirdi ki, Daşqın Ağalarov, Fərman Ceyranov və Qənimət Zahidin xarici qruplaşma ilə əlaqədədir.

Ulus.Az-ın xəbərinə görə, klinika rəhbərinin həbsi gözlənilən idi. Yazıda deyilirdi ki, 2013-cü ildə F.Ceyranov Gürcüstana köçdü, bu ölkənin vətəndaşlığını qəbul etdi – axı o əslən Saqarekodandır. F.Ceyranov Tiflisdə şəxsi “Lanset” klinikasını açdı. Amma insanda siyasətə olan ehtirasa nə qalib gələ bilər?

Və Ceyranov yenidən hakimiyyət uğrunda döyüşə atılır: həkimliklə böyük pullar qazanmaq olmaz. O, Saakaşvilinin “Vahid Gürcüstan” partiyasına daxil oldu və hətta bu partiyanın siyahısı üzrə parlamentə namizədlər siyahısında yer aldı.

Doktor partiyanın liderinə – parlamentinin komitə sədri Tamazi Meçiauriyə çox yaxındır. Fərman Ceyranov Milli Şuranın Gürcüstanda gizli nümayəndəsi funksiyalarını yerinə yetirir, Meydan TV-nin nümayəndəliyinə himayədarlıq edir. Tiflisə gələn müxalifətçilər, inqilab üçün hosteldən başqa, Ceyranovun klinikasının şəraitindən də istifadə edirlər.

Ulus.Az həmin məqalədən sitat təqdim edir: “2016-cı ilin martında isə barışmaz, sistemdənkənar müxalifətin liderlərindən biri, Əli Kərimlinin müavini Gözəl Bayramlı üç dəfə Gürcüstan ərazisində peyda olub. O, Gürcüstana Xalq Cəbhəsindən olan fəalların müşaiyəti altında gedib.

Olduqca qəribədir, ancaq Gözəl Bayramlı hər dəfə Gürcüstana avtomobillə, tərəfdaşlarının müşaiyəti ilə gedib və Tiflisdə iki gündən çox qalmayıb.

O, Gürcüstana Qazax rayonu istiqamətindən keçib, qayıdanda isə bir qayda olaraq Zaqatala tərəfdən daxil olub. Emissarlarla görüşüb, pul və təlimatlar alıb, geri qayıdıb.”

Dövlət Sərhəd Xidməti (DSX) AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanması haqqında məlumat yayıb.

DSX-nın Mətbuat Mərkəzindən APA-ya verilən məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

G. Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş