Cahangir Hacıyevin vəkili: “Orta əsrlərin inkvizisiya məhkəmələri belə, bu qədər qərəzli deyildi”

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyevin Azpolitika.info-ya müsahibəsini təqdim edirik:

– Fəxrəddin müəllim, Cahangir Hacıyevin məhkəmə işi kimi ağır bir prosesin vəkilliyini öhdənizə götürmüsünüz. Prosesin gedişatı barədə nə deyə bilərsiniz?

– Bildiyiniz kimi, ilk instansiya məhkəməsində qaldırdığımız bütün vəsatətlər qəbul olunmadan iş yekunlaşdırıldı. Hesab edirik ki, həmin məhkəmə qərəzli, qeyri-adil keçirildi. Ortada heç bir dəlil olmadan, sadəcə bəzi ehtimallara əsaslanaraq, müvəkkilimə çox ciddi ittihamlarla ağır hökm kəsildi. Biz də, təbii ki, işə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə müraciət etdik. Apellyasiya Məhkəməsi də artıq yekunlaşmaq üzrədir. Çox təəssüflər olsun ki, bu məhkəmə prosesində də vəsatətlərimiz qəbul olunmur. Sanki ABB-də yaranmış böhranın bütün məsuliyyətini Cahangir Hacıyevin üzərinə yıxmaq niyyəti var.

– Apellyasiya Məhkəməsində hansı tələblər irəli sürmüsünüz?

– Apellyasiya şikayətində cinayət işinə bütün ittihamlar və şəxslər üzrə xitam verilməsi xahiş olunur. Bu iddia ilə həm ibtidai istintaqın gedişində, həm yekununda, həm birinci instansiya məhkəməsində, həm də indi çıxış edirik. Çünki bu işdə heç bir cinayət hadisəsi yoxdur. Kredit öhdəliklərindən yaranan münasibətlər var və məsələyə mülki icraat qaydasında baxılmalıdır.

– İttiham tərəfinin əsasları nədən ibarətdir?

– İttiham tərəfi mütəşəkkil dəstə tərəfindən külli miqdarda vəsaitin mənimsənilməsini irəli sürmüşdür. Lakin ittiham sübutlara, dəlillərə deyil, mülahizələrə əsaslanır.
Prosessual qanunvericiliyin tələbinə əsasən, təqsirləndirilən şəxsin təqsirini sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu işdəki ittiham tərəfi isə ittiham isrəli sürür, amma iddiasını sübut etmir, edə də bilməz, çünki belə bir dəstə mövcud olmayıb. Eləcə də hansı vəsaitlərin, hansı şəxs və ya şəxslər tərəfindən mənimsənilməsi barədə heç bir sübut yoxdur.

Mənimsəmə kimi nəzərdə tutulan vəsaitlər konkret layihələrə yönəldilib. İttiham tərəfi isə həmin layihələri, onlara sərf olunan vəsaitləri araşdırmır. Birinci instansiya məhkəməsində də bu istiqamətdə heç bir araşdırma aparılmayıb. Apellyasiya məhkəməsi də eyni təcrübəni təkrarlayır. Nəticədə paradoksal vəziyyət yaranır. Əgər bu layihələr mövcud deyilsə, nə üçün onların sağlamlaşdırılmasına 10 milyard manatlıq vəsait ayrılıb? Ümumiyyətlə, birinci instansiya məhkəməsinin hökmü ittiham aktıyla eynidir. Təsəvvür edin ki, ittiham aktındakı nöqtə-vergül səhvləri belə eynilə saxlanılaraq hökm hazırlanıb.

– Yəqin buna görə Cahangir Hacıyevin müdafiəçiləri, o cümlədən siz məhkəmə prosesinin qərəzli aparıldığını iddia edirsiniz. Qərəzlilik başqa hansı məqamlarda özünü büruzə verir?

– Qərəzlilik yalnız məhkəmədə deyil, ümumiyyətlə Cahangir Hacıyevə münasibətdə, onunla bağlı istənilən məsələdə hiss olunur. Məsələn, onun bütün yaxınlarına təzyiqlər olunur. Hətta həyat yoldaşına qarşı cinayət işi qaldırılıb, bacısının ölkədən çıxışına məhdudiyyət qoyulub, qohumları işdən çıxarılıb, hətta anasının vəfatı ilə əlaqədar notariat əməliyyatlarının aparılması belə, müşkülə çevrilib.

Bu cür qərəzli yanaşma məhkəmə prosesində də mövcuddur. Təsəvvür edin ki, ilk instansiya məhkəməsində qaldırdığımız 30-a yaxın vəsatətin heç biri qəbul edilmədi. Bilirsinizmi, bu nə deməkdir? Bu o deməkdir ki, Cahangir Hacıyevin özünümüdafiəsinə münbit şərait yaradılmadı. Heç orta əsrlərin inkvizisiya məhkəmələri belə, bu qədər qərəzli və ədalətsiz aparılmamışdı. Ən azı ona görə ki, həmin məhkəmələr müttəhimlərin özünümüdafiəsini təmin edirdilər. Çünki həqiqətlər yalnız bu cür ortaya çıxa bilər. Müttəhimin özünümüdafiə imkanını əlindən alsan, istənilən cinayəti ona yapışdırmaq olar. Nə yazıq ki, Cahangir Hacıyevin işində məhz bu yol tutuldu. Adamı ağır cinayətdə-bankın vəsaitlərini mənimsəməkdə ittiham edirsən, amma həmin vəsaitlərin hara getdiyi, nəyə xərcləndiyi ilə maraqlanmırsan. Müttəhimə də imkan vermirsən ki, mənimsəyib-mənimsəmədiyini sübuta yetirsin. Deməli, məqsəd vəsaitlərin taleyini müəyyənləşdirmək deyil, kimisə yeyintidə günahlandırıb həbsə atmaqdır. Bizim qaldırdığımız vəsatətlərin heç birinin qəbul olunmamasını başqa cür qiymətləndirmək mümkün deyil. Çünki bu vəsatətlər mənimsənildiyi iddia olunan vəsaitlərin taleyinə aydınlıq gətirməyə hesablanmışdı.

– İttiham tərəfinin heç bir sübuta, dəlilə əsaslanmayan mülahizələrlə iddia qaldırdığını deyirsiniz. Ümumiyyətlə, məhkəmənin istinad etdiyi hər hansı dəlil olmayıb?

– Sizə adi bir faktı deyəcəm. Təsəvvür edin ki, Cahangir Hacıyevin istintaq prosesində 80-dən artıq şahid dindirilib. Heç birinin izahatında nə mənimsəmə, nə də mütəşəkkil dəstə barədə hər hansı iddia irəli sürülməyib. Ortada bunu təsdiqləyəcək sənəd də yoxdur. Məhkəmə hökmündə isə əsas ana xətti bu iki ittiham təşkil edir. Ümumiyyətlə, prosessual qanunvericiliyə görə, irəli sürülən iddianı sübut etmək vəzifəsi ittiham tərəfinin boynuna düşür. Bu məhkəmə işində isə ittiham tərəfi nəinki bu vəzifəsini yerinə yetirmədi, hətta bizim irəli sürülən ittihamları təkzib etmək imkanlarımız məhdudlaşdırıldı. Məsələn, biz deyirik ki, irəli sürülən iddia ilə bağlı Luksemburqda yaşayan Xaqani Bəşirovu dindirmək lazımdır, onu şahid kimi məhkəməyə dəvət edin. Cavab verirlər ki, bunun bizə aidiyyəti yoxdur. Digər vəsatətlərimiz də bunu kimi… Məhkəmənin bütün məqsədi cinayət hesab etdiyi məsələləri yalnız Cahangir Hacıyevin üzərində cəmləşdirmək idi. Ona görə də heç bir araşdırma aparmadan mülahizələr irəli sürüb cəza kəsmək istəyirdi.

– Cahangir Hacıyevin əməllərinin mülki məsələ olduğunu iddia edirsiniz. Bəs, Beynəlxalq Bankda yoxa çıxan vəsaitlərin məsuliyyətini kimdə görürsünüz?

– Cahangir Hacıyevin işində mübahisə mövzusu olan vəsaitlərin hamısı kredit kimi müəyyən fiziki və hüquqi şəxslərə verilib. Bu qərar səhv və ya düz ola bilər. Onun düzlüyünü və ya səhvliyini isə kreditlərin geri qayıtma xüsusiyyəti müəyyənləşdirir. Məsələn, deyirlər ki, kreditlər rentabelsiz layihələrə verilib. Halbuki, Cahangir Hacıyev həbs olunana qədər bütün layihələrə verilmiş kreditlərin 50%-dən çoxu geri qayıtmışdı. Kreditlərin qaytarılma zamanına isə xeyli müddət qalırdı. Bu faktın özü də təsdiqləyirdi ki, layihələr rentabelsiz olmayıblar. Onları ayırarkən bankın məqsədi də həmçinin mənimsəmə deyildi. Mənimsənmə məqsədi olsaydı, bir qəpik də geri qaytarılmazdı. Digər tərəfdən, hökumət həmin layihələri sağlamlaşdırmaq üçün 10 milyard manat əlavə vəsait ayırdı. Rentabelsiz layihələrə niyə 5 dəfə artıq əlavə vəsait ayrılır? Üstəlik, hətta rentabelsiz olsa belə, kredit ayrılması cinayət hadisəsi sayıla bilməz. Çünki bütün cinayətin əsas motivini onun niyyəti təşkil edir. Əgər niyyət qanunidirsə, hansısa cinayət hadisəsindən danışmaq yersizdir. Cahangir Hacıyevin mənimsədiyi iddia edilən bütün vəsaitlərin hamısında niyyət kredit vermək olub və bunda heç bir şübhə yoxdur. Üstəlik, həmin kreditlərin əvəzinə girovlar qoyulub. Yəni kredit batsa belə, zərəri kompensasiya edəcək alternativlər olub. Pulu hara getdiyi də bəllidir. Hansı mənimsəmə faktından, cinayət əməlindən söhbət gedə bilər? Onda gərək bütün kredit verən bankların hamısını cinayətkar adlandıraq.

– Məhkəməyə həmin sənədləri təqdim etdiniz?

– Həmin sənədlər Beynəlxalq Bankdadır. Onu məhkəmə istəyə bilər. Məhkəmə isə istəmir. Çünki istəsə, araşdırma nəticəsində kimin düz, kimin əyri olduğu ortaya çıxacaq. Məlum olacaq ki, Beynəlxalq Bank Cahangir Hacıyevin dövründə xalis gəlirlə işləyib. Problem ondan sonrakı dövrlərdə ortaya çıxıb. Cahangir Hacıyevdən sonra götürülən böyük pulların harda olduğu isə məlum deyil.

– 10 milyard dollar Beynəlxalq Bankın maliyyələşdirdiyi layihələrə verilib? Bəs, rentabelsizdirsə, nə ağılla o layihələrə bu qədər pul ayrılıb?

– 10 milyard dollar həmin layihələrə verilməyib. Layihələr üçün Beynəlxalq Banka verilib. Daha aydın ifadə ilə desək, həmin layihələr bankdan alınıb “Aqrokredit”ə həvalə olunub. Bunun müqabilində isə ABB-ə 10 milyard dollar pul ödənilib.

– Bəs, o zaman bank niyə batır? Bütün problemli kreditlərdən azad olduğu, hələ bunun müqabilində dəyərindən 5 dəfə artıq vəsait ödəndiyi halda, 3.3 milyardlıq xarici borcu da ödəyə bilməmək sizə qəribə gəlmirmi?

– Beynəlxalq Bankda bu gün aparılan heç bir əməliyyat şəffaf deyil. Orda nə baş verdiyini heç kim bilmir. Bilinən odur ki, Cahangir Hacıyevin dövründə onun kredit portfeli cəmi 6 milyard olub. Bunun da 4 milyardı dövlət sifarişlərinə, 2 milyardı isə özəl təşəbbüslərə kredit kimi verilib. Canahgir Hacıyevə qədər bu layihələr hər il banka xeyli mənfəət gətirəcək səviyyədə olublar. Cahangir Hacıyev həbs olunduqdan sonra isə onlar zərərli aktivlər hesab olunaraq 10 milyard dollara, belə deyək, satın alınıblar. Nə olubsa, bundan sonra olub. Mən bunun şərhini verməkdə çətinlik çəkirəm.

– Apellyasiya Məhkəməsindən hansı hökmü gözləyirsiniz?

– Mən hələ bu barədə heç bir söz demək istəmirəm. Azərbaycan reallığında məhkəmə sisteminin nə qədər müstəqil olduğu bəllidir. Bir çox hallarda qərarları kimin verdiyi də bilinmir. Sadəcə indiyə qədər aparılan prosesdə bir çox vəsatətlərimizin qəbul edilmədiyini bildirmək istəyirəm. Məhkəmənin hökmünün nə olacağından asılı olmayaraq, biz hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik. Hüquqi müstəvi isə xeyli geniş və alternativlərlə dolu olur. Ədalətin bərpası üçün biz də hüququn verdiyi bütün imkanlardan faydalanmağa çalışacağıq.

Paylaş