“Azərbaycan Supermarket” şirkəti ekspres formatda marketlərini istifadəyə verməyə hazırlaşır.

“Marja” xəbər verir ki, tezliklə Xaqani 26/32 ünvanında (Landmark-ın yanı) yeni formatda “Bravo Ekspres” fəaliyyətə başlayacaq. Əvvəllər bu ünvanda “Tahir 96” marketi fəaliyyət göstərirdi.

BÜTÜN BAKINI ƏHATƏ EDƏCƏK

“Bravo Ekspres olaraq maksimum keyfiyyəti minimum qiymətə sizə gətirir. Bundan sonra yeni format, Bravo Ekspres mağazalarına bütün Bakı ərazisində rast gələcəksiniz. Bir sözlə Bravo Sizə daha yaxın olacaq”,- şirkətdən bildirilib.

Xətai rayonunda (Əhmədli qəsəbəsi, Ramiz Quliyev 4, Keçmiş Radio Zavod) Bravo Hipermarketi, “Gənclik Mall” ticarət mərkəzində və Bilgəhdə “Amburan Mall”da Bravo supermarketi fəaliyət göstərir.

Qeyd edək ki, son vaxtlar endirim mağazalarının (Discount market) sayı artır. Endirim mağazası uzun zamandır istifadə edilən pərakəndə ticarət modelidir. Bu mağazalar ana prospektlərdə və ya icarə haqlarının yüksək olduğu ünvanlarda yerləşmirlər. Belə marketlərə məhəllə marektləri də demək olar. Endirim mağazalarında geniş tanınmamış markaların məhsullarının satılmasına üstünlük verilir.

“Marja” xəbər verir ki, Azərbaycanda ən böyük “discount market” şəbəkəsi “Veysəloğlu” şirkətlər qrupuna bağlı “OBA”dır. “Azersun Holdinq” də “Sərfəli” adında endirimli market şəbəkəsini yaradır.

“Azərbaycan Supermarket” şirkətindən “Marja”ya bildirildi ki, “Bravo Ekspres” endirimli mağaza formatına aid edilmir. “Bravo Ekspres”lərin açılmasında məqsəd alıcıların daha rahat və sürətli alış-veriş etmələrini təmin etməkdir. “Bravo Ekspres”də əsasən gündəlik təlabat mallarının satışına üstünlük veriləcəkdir.

Paylaş