Ekspertlər maraqlı faktlar açıqlayır

Uzun müddətdir ki, manatın məzənnəsində sabitlik müşahidə olunur. Bəzi ekspertlər bu sabitliyin müvəqqəti olduğunu bildirsələr də, hökumət manatın ilin sonuna qədər ucuzlaşmayacağı anonsunu verib. Lakin bütün bunların əksinə olaraq mağazalarda gündəlik tələbat mallarının bahalaşması davam edir. Son zamanlar bəzi təmizlik vasitələri, yuyucu tozlar, o cümlədən sənaye istehsalı olan ərzaq məhsulları, yağlar, ağartı məhsulları və sairin qiymətində artım müşahidə edilir.

Bəs bu ziddiyyətli durumun səbəbi nədir? Vətəndaşlar bazarlarda ucuzlaşma gözlədiyi bir vaxtda yaşanan bahalaşmanın iqtisadi baxımdan əsası varmı? Yoxsa bu, sahibkarların qiymət siyasəti ilə bağlı sabotajıdır?

“Yeni Müsavat”a açıqlamasında durumu şərh edən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, burada söhbət heç bir halda sabotajdan getmir: “Səbəb odur ki, Azərbaycan bazarları manatın devalvasiyasından sonrakı situasiyanı tam qiymətləndirə bilməyib. Çünki manat iki il ərzində 54 faiz dəyər itirib. Ancaq məhsulların qiymətlərində bu qədər artım baş vermədi. Yerli istehsal məhsullarının da bir hissəsi xammal baxımından idxaldan asılıdır. Bu sahədə də qiymətlərin artmasına ehtiyac var idi. Amma faktiki olaraq əhalinin alıcılığının kəskin azalması biznes subyektlərini bu imkandan məhrum etmişdi. Eyni zamanda ilk olaraq dövlət qurumları müəyyən inzibati yollarla bu prosesə müqavimət göstərirdi. Ancaq bu da əsas amil deyildi. Əsas məsələ əhalinin alıcılıq qabiliyyətinin aşağı olması idi ki, bu da qiymətlərin artmasının qarşısını alırdı. Baxmayaraq ki, ötən iki ildə inflyasiya iki rəqəmli idi və bu il də ikirəqəmli səviyyədədir. Hələ bazarlar qiymətləndirməni başa çatdırmayıblar”.

İqtisadçının fikrincə, səbəblərdən biri də manatla bağlı müəyyən şübhələrin olmasıdır: “Amma faktiki olaraq ərzaq və gündəlik tələbat malları bazarında daha çox qısamüddətli strategiyalar əhəmiyyət daşıyır. Şirkətlər daha qısamüddətli qiymət siyasəti həyata keçirməyə üstünlük verirlər. Bu gün dolların məzənnəsinin aşağı olması onlara imkan verir ki, qiymətləri ucuzlaşdırsınlar. Çünki anbarlarda olan məhsullar artıq satılıb. Şirkətlər yeni məhsullar idxal etməlidirlər. Bu imkan yaradır ki, sahibkarlar qiymətləri aşağı çəkə bilsinlər. Ancaq indi yaranan imkanlar ötənilki ziyanları kompensasiya etmir. Şirkətlərin böyük bir qismi ötən iki ili zərərlə başa vurublar. Belə olan şəraitdə şirkətlər üçün digər bir imkan yaranıb. Belə ki, dolların davamlı olaraq bahalaşdığı dövrdə insanlar istehlakı məhdudlaşdırmışdılar. Gözləyirdir ki, valyuta daha da bahalaşsın, əllərindəki yığımlar artsın. Belə olan təqdirdə xərcləmələrin səviyyəsi dövrü olaraq aşağı düşür. Hazırda isə məzənnədə stabillik var, o da bazarların müəyyən qədər canlanmasına gətirib çıxarır. Bu canlanma da istehlakın artmasına səbəb olur, şirkətlər üçün şərait yaradır ki, qiymətlərdə korrektələr etsinlər. Bu gün bizim müşahidə etdiyimiz də buna bənzər bir situasiyanın nəticəsidir”.
R.Həsənov mövsümi amilləri də istisna etmədi: “Bəzi məhsullar da var ki, mövsümdən asılı olaraq onların qiymətlərində dəyişikliklər baş verir. Sonradan bahalaşma ucuzlaşma ilə, ucuzlaşma isə bahalaşma ilə əvəz olunur. Bunlar da hazırda bazarda müşahidə edilir. Bəzi kənd təsərrüfatı məhsullarının yığım mövsümünün başlamaması, eyni zamanda ötən ildən qalan məhsulların da azalması qiymətlərin bahalaşmasını şərtləndirən amillərdən biridir.

Bazarda südün və ağartı məhsullarının da qıtlığı müşahidə olunur. O baxımdan bir çox süd məhsullarının, o cümlədən yağın qiymətində artım baş verib. Bu da son nəticədə istehlak qiymətlərinin artmasına gətirib çıxarıb. Yəni ən müxtəlif səbəblərdən bazarda fərqli dinamika müşahidə edilir”.

Paylaş