31 may 2017-ci il tarixdə LEGİON saytında “Konstitusiya, qanunlar və həqiqət Qafqaz Xəbər Agentliyinin tərəfindədir” başlıqlı məqalə dərc olunub.

Məqalə Xəzər rayon məhkəməsinin 13 mart 2017-ci ildə Qafqaz Xəbər Agentliyinə daxil olan məktubundan bəhs edir.

Məktubdan bəlli olur ki, Bakı şəhər sakini Araz Dadaşov Qafqaz Xəbər Agentliyinə qarşı iddia qaldırıb və məhkəmə iddiasına baxış hakim Tərlan Əkbərova tapşırılıb.

Araz Dadaşov öz iddasında Qafqaz Xəbər Agentliyindən dərc etdiyi “Notarius məsuliyyətə cəlb olunmalıdır”, “Notariusun səhvi dörduşaqlı qadını evsiz qoydu” və “Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” məqalələrinə görə, təkzib tələb edir.

Eyni zamanda Araz Dadaşov mənəvi zərər olaraq Qafqaz Xəbər Agentliyindən 100 min manat pul tutulmasını tələb edərək iddia ərizəsində qeyd edir ki, bu məqalələr Lalə Dadaşova və onun ailəsi tərəfindən sifariş edilib və mülki işlərin icraatı ilə əlaqədar məhkəmələrə təzyiq vasitəsi məqsədi daşıyır.

Xatırlatma üçün qeyd edək ki, iddia ərizəsində qeyd olunan məqalələrdə Lalə Dadaşova bildirir ki, ona məxsus mülkiyyət onun keçmiş əri Araz Dadaşov tərəfindən mənimsənilmişdir.

Məsələ ilə bağlı Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov müxbirimizə bildirib ki, Lalə Dadaşovanın keçmiş ərinə qarşı iddia ərizəsinə məhz Xəzər rayon məhkəməsinin hakimi Tərlan Əkbərov baxıb və ərin xeyrinə qərar çıxarıb. (LEGİON).

5 iyun 2017-ci ilə tarixdə Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov Qafqaz Xəbər Agentliyinə bildirdi ki, 31 mayda Xəzər rayon məhkəməsində Araz Dadaşovun iddiası ilə bağlı məhkəmə iclası keçirilib: “ Mən prosesin başlanmasına 1 saat qalmış Xəzər rayon məhkəməsinin dəftərxanasına Araz Dadaşovun Qafqaz Xəbər Agentliyinə qarşı iddia ərizəsinə hakim Tərlan Əkbərovun baxmasının məqsədəuyğun olmaması ilə bağlı vəsatət təqdim etdim. Çünki iddia ərizəsinə səbəb olan məqalələr Tərlan Əkbərovun Lalə Dadaşovanın iddiası ilə bağlı çıxardığı qərarla bağlıdır”.

İlqar Abbasovun fikrincə, hakim Tərlan Əkbərov bu iddia ilə bağlı obyektiv qərar çıxara bilməz: “ Biz sübut etdik ki, Qafqaz Xəbər Agentliyinə qarşı irəli sürülmüş ittiham absurddur. Əgər Tərlan Əkbərov bu ittihamın absurd olduğunu etiraf etsə, onda Lalə Dadaşova ilə bağlı çıxardığı qərarın əsassız olduğunu etiraf etmiş olar. Ona görə də mən hakim Tərlan Əkbərovdan imtina ilə bağlı Xəzər rayon məhkəməsinin dəftərxanasına vəsatət təqdim etdim. Və Lalə Dadaşovanın vəkili İlqar Əkbərov mənim xahişimlə vəsatətin surətini hakim Tərlan Əkbərova təqdim etməyə çalışıb. Tərlan Əkbərov isə bildirib ki, o, Araz Dadaşovun iddiası ilə bağlı Qafqaz Xəbər Agentliyibarədə qərar çıxardıb. Mənə çıxarılan qətnamənin məzmunu bəlli deyil”.

Xəzər rayon məhkəməsinin dəftərxanasının rəisi Dadaş müəllim bizə bildirdi ki, o, bu gün İlqar Abbasovun vəsatətini Tərlan Əkbərova təqdim edib: “Qafqaz Xəbər Agentliyinin nümayəndəsi İlqar Abbasov məhkəmə prosesindən sonra vəsatət verib”.

Müxbirimizin “İlqar Abbasov təsdiq edir ki, o, hakim Tərlan Əkbərovdan imtina ilə bağlı vəsatəti məhkəmə prosesinədək təqdim edib” fikrinə Dadaş müəllimin cavabı belə oldu: “ Vəsatət mütləq məhkəmə zalında təqdim olunmalıdır”.

Müxbirimizin “Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov təsdiq edir ki, vəsatət məhkəmə zalında Tərlan Əkbərova təqdim olunub” fikrinə Dadaş müəllimin münasibəti belə oldu:” İlk növbədə vəsatəti mən qeydə almalıyam. Sonra məhkəmə sədri dərkənar qoyur və vəsatət hakimə verilir”.

Məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasının mütəxəssisi Eldar İsmayılov Qafqaz Xəbər Agentliyinə bildirdi ki, vəsatətin təqdim olunmasının dəqiq müddəti yoxdur: “ Siz bizə sorğu ilə müraciət edin, biz aydınlaşdırarıq. Əgər məhkəməyə vəsatət daxil olursa, ilk növbədə vəsatətə baxılmalı və sonra proses başlamalıdır”.

Eldar İsmayılovun sözlərinə görə, vəsatətə mütləq məhkəmə prosesinədək baxılmalıdır.

Ancaq “Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasovun sözünə görə, hakim Tərlan Əkbərov vəsatətə baxmaqdan imtina edib.

Görəsən, nə üçün hakim Tərlan Əkbərov Qafqaz Xəbər Agentliyinin hüquqi nümayəndəsinin vəsatətinə baxmaqdan imtina edib?

Bu suala hakim Tərlan Əkbərovun katibi Orxan Qocayev belə cavab verdi: “ Mən deyə bilmərəm ki, niyə hakim Tərlan Əkbərov Qafqaz Xəbər Agentliyinin hüquqi nümayəndəsinin vəsatətinə baxmayıb”.

Paylaş