Bu gün səhər saatlarında Riyad Mühafizə xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edib.
KORRUPSİYA.AZ xəbər verir ki, bu barədə mağazadan Qafqazinfo-ya məlumat verilib.
Xəbərdə mühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia olunub. Xəbərə görə, onlar ictimai asayişi kəskin şəkildə pozaraq supermarket əməkdaşlarına ciddi xəsarət yetirib, hücum nəticəsində onlarla insan yaralanıb. Qarşıdurma zamanı Binəqədi rayon polis idarəsinin, 7-ci polis bölməsinin əməkdaşlarına da xəsarət yetirildiyi qeyd olunub.
Baş vermiş hadisə ilə bağlı “Safastore” MMC-nin rəhbərliyi tərəfindən Daxili işlər Naziri və Baş Prokura müraciət ünvanlanacaq.
Mağazadan verilən xəbərdə bildirilir ki, ilyarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahibi isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edir.