Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun sabiq müavini Hilal Əsədov ifadə O istintaqa verdiyi ifadəsini təsdiqləyib
İttiham aktında göstərilir ki, sabiq nazir müavini əhali arasında “Vosmoy bazarı” kimi tanınan meyvə-tərəvəz bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi epizodu üzrə dindirilib.
Sabiq nazir müavini MTN şefini növbəti dəfə satıb: “Eldar Mahmudov dedi ki, halallıqla bazarı alın. Bütün işlər Çovdarova tapşırıldı. Payım olsun deyə qayınatam Ənvər Məmmədova bazarın yarısını almağı təklif etdim.
Digər yarısını isə Çovdarovun özü həll edəcəkdi. 70 min dollar qayınatama verdim, qalan pulu özü düzəltdi. Bazarın alınmasında rolum ancaq Ənvər Məmmədova pul verməyim olub”.
H.Əsədov əlavə edib ki, hazırda bazarın 50 faizi arvadı Nüşabə Əsədovaya məxsusdur, qalan 50 faizi isə Akif Çovdarovun qızı Aida Qasımovanın adınadır.
Bu faktın özü Azərbaycanda dəhşətli bir reallığın normaya necə çevrilməsini əks etdirir. Ölkənin generalları bazarı zorla yaxud halallıqla ələ keçiriblər.
Bazar iş adamlarına aid olmalıdır, sahibkarlar tərəfindən idarə edilməlidir. Lakin MTN ləğv olunsa da, hələ də “Vosmoy” bazarı generalların ailə üzvlərinin adınadır. Deməli, hələ də MTN generalları bu bazarı idarə edirlər.
E.Mahmudovun da bu bazarda payı var. Əks halda keçmiş nazir Çovdarovla Əsədova bazarın ələ keçirilməsində “halallıq alın” tapşırığı verməzdi.
Ölkənin xüsusi xidmət orqanlarının, təhlükəsizliyə təminatçı olan qurumun rəhbərliyi “bazarkom” işləyir, alverlə məşğuldur, bazarlara nəzarət edir. Ən dəhşətlisi budur ki, MTN ləğv olunub, Çovdarov həbsdədir, Əsədovla Mahmudov işindən azad edilib.
Amma bazar hələ də sahiblərinə qaytarılmayıb. “Vosmoy”dan gələn gəlirlər və idarəçilik hələ də generalların arvadı və qızının rəsmi qeydiyatındadır. MTN ölkədə kiçik və orta biznesin dirçəlməsinə, inkişafına qarşı əsas cəza qılıncına çevrilmişdi.
Nazir Eldar Mahmudovun göstərişi, nazirliyin Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin, nazir müavini Hilal Əsədovun, habelə nazirin şəxsi “kassiri” Akif Çovdarovun və digərlərinin fəal iştirakı ilə dinləmə qurğularının köməyi ilə ölkənin biznes-elitasının, habelə orta biznesin tanınmış nümayəndələrinin fəaliyyəti izlənilib.
Sonra bu biznesmenlər barədə kompromat xarakterli materiallar toplanılıb. Bundan sonra MTN-in əməliyyat qrupu rəhbərliyin göstərişi və Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin şəxsən iştirakı ilə biznesmenlərin qanunsuz həbslərini həyata keçirib.
Söhbət de-fakto sanksiyasız həbslərdən, biznesmenlərin “haqq” alınması üçün girov götürülməsindən və ciddi korrupsiyadan gedirdi.
Biznesmenləri MTN-in təcridxanasında həftələrlə, bəzən aylarla saxlayırdılar. Onların barəsində həbs tədbirinin dəyşdirilməsi üçün hər biznesmendən 350 min manat alırdılar.
Sonra Eldar Mahmudovun və onun kassiri Akif Çovdarovun qruplaşmasının toruna düşən biznesmenlər azadlığa buraxılmaq, MTN-in təcridxanasından çıxmaq üçün milyonlar ödəyirdilər.
MTN generalitetinin cinayətkar və qanunsuz fəaliyyəti müstəqil biznesin boğulmasına, ölkə iqtisadiyyatının müxtəlif sferalarının inhisara alınmasına yönəlmişdi.ulus.az