“Kontakt Home” mağazalar şəbəkəsinin müştərilərinin narazılığı kütləvi həddə çatıb.

Yenicag.az xəbər verir ki, şirkət müştərilərini aldatmaqla məşğuldur.

Məhsullarının keyfiyyətsizliyi, kredit fırıldağı ilə gündəmdən düşməyən “Kontakt Home” mağazalar şəbəkəsi, bu dəfə zəmanət talonlarına görə müştərilərini incidir.

Əldə etdiyimiz məlumata görə, aldığı məhsulun keyfiyyətsiz olması ilə bağlı sözügedən şəbəkənin servis xidmətinə zəmanət talonu ilə müraciət edən müştərilər get-gələ salınır. Yalnız qızıl zəmanəti olan müştərilərini qəbul edən “Kontakt Home”un əməkdaşları, adi zəmanət talonlarına sahib olan istehlakçıları ora-bura göndərməklə aldadır.

Narazılığın pik həddə çatdığını nəzərə alaraq, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. Saytımıza açıqlama verən qurum rəsmisi də “Kontakt Home”dan olan şikayətlərin inanılmaz dərəcədə çox olduğunu bildirməklə yanaşı, sözügedən mağazalar şəbəkəsinin fırıldaqçılıqla məşğul olduğunu söylədi:

“İllər boyu “Kontakt Home”dan bizə şikayətlər daxil olur. Bu gün də həmin müraciətlər davam edir. Onlar dükandan kredit vermək yolu ilə vətəndaşları aldadırlar. 2013-cü ilə qədər mağazalar banklar vasitəsi ilə kreditlər verirdi. 2013-cü ildə dövlətin qərarından sonra banklar mağazalardan çıxdı. Bankların yerini isə alverçilər tutdu. Nəticədə, istehlakçılar şəxsiyyət vəsiqəsini göstərməklə istənilən malı guya kredit yolu ilə alırlar. Əslində, ortada başqa bir adamın pulu dövr edir. Və beləcə, müştəriyə 30-40 faiz baha, şişirdilmiş qiymətə mal satılır. “Kontakt Home”dan gələn şikayətlərin analizi göstərir ki, buradan alınan malların əksəriyyəti keyfiyyətsizdir. Bundan başqa vətəndaşlarla bağlanılan müqavilələrə əcaib bəndlər daxil edilir. Məsələn, bizə daxil olan şikayət ərizəsində qeyd olunur ki, vətəndaş krediti ödəyərək bitirib. Ancaq “Kontakt Home” vətəndaşı məcbur edir ki, sən 290 manatı ödəməlisən! Səbəbi də budur ki, əgər dolların kursu dəyişərsə, müştəri 290 AZN ödəməlidir. Vətəndaş da haqlı olaraq manatla müqavilə bağladığını, borcu ödəyib bitirdiyini bildirir. Ümumiyyətlə, bu mağazalar şəbəkəsi keyfiyyətsiz malların təqdim edilməsi, zəmanət talonuna yaxın durmaması, müştərilərini aldatması ilə ad çıxardıb. Təəssüflər olsun ki, Azad İstehlakçılar Birliyi bir sıra ticarət şəbəkələriylə danışıqlar yolu ilə təmənnasız olaraq problemlərin aradan qaldırılmasına nail olsa da, “Kontakt Home”la heç cür dil tapa bilmir. Onu da qeyd edim ki, “Kontakt Home” vətəndaşlardan pul alanda, onlara rəsmi, VÖEN möhürü olan sənəd vermir. Əvəzində müştərilərə saxta sənədlər təqdim olunur. Bu məsələ ilə bağlı dəfələrlə Vergilər, İqtisadiyyat Nazirliyinə məlumat versək də, şəbəkənin öhdəsindən heç kim gəlmir. Şikayət edəndə də, deyirlər ki, “gedin məhkəməyə müraciət edin”. Buna görə də şikayətlərin sayı günü-gündən çoxalır. Buna görə də “Kontakt Home”a cəzalar tətbiq olunmalıdır. Belə ki, kassa qəbzi vermədiyinə görə, Vergilər Nazirliyi “Kontakt Home” mağazalar şəbəkəsinə sərt sanksiyalar tətbiq etməlidir”.

Son olaraq isə “Kontakt Home” mağazalar şəbəkəsinin servis xidmətində müştərinin narazılığını əks etdirən özəl videonu təqdim edirik.

Paylaş