Ucarın Dədə Qorqud yaşayış məhəlləsi ev-7, mənzil 8-də yaşayan şəhid anası Ələkbərova Şahnaz Abbas qızı tərəfindən Ulus.Az-a şikayət məktubu daxil olub
Şəhid anası video müraciətində prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevadan yardım istəyib.
“Ucar Rayon İcra Hakimiyyətinin sabiq icra başçıları Arzu Qafurov və Yaşar Məmmədov şəhid ruhuna hörmətsizlik edib, şəhidin haqqına giriblər. Belə ki, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulmuş mənzilin növbəsinə 2008-ci il tarixdə dayanmışam.
Həmin vaxt növbəm 54-cü sırada idim. Uzun müddət ərizələrlə müraciətlər etdikdən sonra Ucar Rayon İcra Hakimiyyətindən mənə cavab verilib ki, siz 2008-ci il tarixdə yox, 2015-ci il tarixdə ev növbəsinə qeydə alınmısınız.
İndi başa düşmüşəm ki, Ucarın sabiq icra başçısı, hazırda Qubada icra başçısı işləyən Yaşar Məmmədov məni aldadıb ev növbəsinə qeydə aldırmayıb. Bu açıq-aşkar alçaqlıqdır ki, Ziya Məmmədovun xalası oğlu Yaşar Məmmədov edib”.
Şikayətçi bildirib ki, oğlu Məhəmməd Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub:
“Bir oğlum Fətəli 1-ci qrup Qarabağ müharibəsi əlilidir, iki oğlum isə Qarabağ müharibəsi iştirakçılarıdır, həyat yoldaşım Mehdi Ələkbərov isə Böyük Vətən müharibəsi iştirakçısı olub.
Qardaşım Rəsulov Qadir Abbas oğlu Qarabağ müharibəsində şəhid olub. Özüm qəhrəman anayam 14 uşaq anasıyam. İndi evsizliyə görə qohumlarımın evində yaşamaq məcburiyyətində qalmışam.
Çünki Ucar rayonunun Alpı kəndindəki evimiz iki otaqdan ibarətdir ki, iki oğlum ailəsi ilə orada darısqal şəraitdə yaşayırlar, digər oğlum Polad isə kirayədə yaşayır. Mən buna görə qohumlarımın evində yaşamaq məcburiyyətində qalmışam.
Bu şəhid ruhuna edilən hörmətsizlikdir. Ucar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Yaşar Məmmədov şəhid ailəsi və Qarabağ müharibəsi əlili olmayan çoxlu sayda şəxslərə həmin evlərdən mənzillər verib ki, bunun araşdırılması vacibdir. Çünki onlardan pul alıblar.
Mən Prezident cənab İlham Əliyevə və Mehriban xanıma inanıram. Əvvəlcədən sizə minnətdarlığımı bildirirəm. Oğlum Poladın əlaqə telefonu (051) 347-62-53)”