Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev məzuniyyətə çıxıb

Icra başçısı istirahəti barədə danışarkən hökumətin turizm siyasətini özü də bilmədən ifşa edib.

Daha doğrusu, Ə.Abıyev olke.az-a məzuniyyətini qonşu Gürcüstanda keçirdiyini bildirməklə yanaşı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə ilişib.

İcra başçısı artıq 4 gündür ki, məzuniyyətdə olduğunu deyib:“Hazırda Gürcüstanın Borjomi şəhərində istirahət edirəm. Hamı kimi, sadə bir yerdə özüm üçün istirahət edirəm. Daha dəbdəbəli yerə gəlməmişəm. Gürcüstan yaxın və qiymətlər ucuz olduğu üçün bura gəlmişəm. Burada bir neçə gün dincəldikdən sonra Azərbaycana qayıdacam. Çox sevindirici haldır ki, xeyli sayda soydaşımız da Gürcüstanda istirahət edir. Daşkəsənin yarıdan çoxu buradadır. Mən bu qədər də bilməzdim. Bütün Qazax, Tovuz, Daşkəsən sakinləri Gürcüstandadır. Yəqin ki, Gürcüstan ucuz ölkə olduğu üçün insanlar bura daha çox gedirlər”.

Ə.Abıyev qeyd edib ki, Gürcüstana getmək üçün benzin pulun olsa, bəs edir: “Gürcüstanda 100 manatla nə qədər istəsən dincələ bilirsən. Özü də indi orucluq dövrüdür, insanların çoxu spirtli içki içmirlər. Mən özüm də bura gələndən bəri çörək yemirəm, ancaq su içirəm. Azərbaycana gələndə özümlə su da gətirəcəm”.

 Ə.Abıyevin açıqlamasının bir neçə istiqaməti var. Əvvəla, icra başçısı bildirir ki, Azərbaycanda istirahət bahadır, Gürcüstanda isə su qiymətinədir. Başçı deyir ki, Gürcüstanda 100 manata istədiyin kefi edə bilirsən.

Bundan əlavə, özü ilə su gətirəcəyini söyləyir. İcra başçısı ölkədə su problemini, suların keyfiyyətini və qiymətini də diqqətə çatdırmış olur.

Ancaq ən əsası Ə.Qarayevin turizm siyasətinə yerdən yerə vuraraq deyir ki, bütün Qazax, Tovuz, Daşkəsən sakinləri Gürcüstandadır.

Azərbaycanda məmurların obyektlərinin, restoran və hotellərinin baha olduğunu hamı bəyan edir. Amma bu dəfə icra başçısı, yəni bir məmur hökumətə ilişir.

İnsanlar Azərbaycanın hətta xidməti aşağı olan turizm məkanlarında istirahət etmək üçün xeyli vəsait xərcləməli olur.

Halbuki xərclədiyi qiymət qarşılığında xidmət görmür. Yaxud elə istirahət yerləri var ki, beş-altı nəfərdən ibarət ailəni 100 manata yerləşdirirlər. Beş-altı nəfərdən ibarət ailənin hansısa məkana daxil olmasına təkcə 100 manat xərclənir.

Ona görə də normal düşünən və istirahət etmək istəyən şəxs dincəlmək üçün daha sərfəli məkanlara, bir sözlə xaricə, əsasən də Türkiyə, Gürcüstan, son vaxtlar Monteneqro, Misir kimi yerlərə üz tutmağı daha məqbul hesab edir.

Çünki yerli turizm məkanında həm yüksək xidməti, keyfiyyəti, həm də vəsaitini boş yerə israf etmək vətəndaşın cibinə, özünə ziyandır. Ə.Abıyevin hakimiyyətin və nazirin turizm siyasətinə sataşması isə onun üçün heç də asan başa gəlməyəcək.

Çünki icra başçısının bundan qabaq verdiyi bir açıqlama, o cümlədən Kolumbiya bayrağını səhv salması da yuxarıların qəzəbinə səbəb olmuşdu. ulus.az

Paylaş