Təxminən iki il əvvəl may ayında, rəhmətlik atamın dəfnindən bir neçə gün sonra baş verən bir əhvalatı oxucularımla bölüşmək istəyirəm.
Masazırda, yolun kənarında 50 manat pul tapdım. Niyə gizlədim, əvvəl sevindim. Həmin vaxt iki aya yaxın idi ki, işləmirdim. Həm mənəvi, həm də maddi cəhətdən çökmüş durumdaydım… Lakin o 50 manatı ovcuma alanda, qəfildən yadıma atamın sözləri düşdü: “Haram pul bizə düşmür, kiminsə 5 manatını yeyərsən, Allah cəzasını qat-qat artıq verər”.
Bədənimdən üşütmə keçdi. Sağa baxdım, sola baxdım, kimsə yox idi. Yaxınlıqdakı mağazada işləyən tanışımdan soruşdum, o da kimdənsə “şübhələnmədiyini” bildirdi. Hətta “sənin qismətin” deyib həvəsləndirdi… Pulu rahatca cibimə qoyub gedə bilərdim… Amma getmədim, bir siqaret yandırıb, pulun yiyəsini gözləməyə qərar verdim. Siqaret bitdi, gələn olmadı. İkincisini də yandırdım, başladım 10 metr irəli, 10 metr geri var-gəl eləməyə… Nəhayət, gözlədiyim “pul yiyəsi” gəldi. Gördüm ki, bir qız ayaqlarının altına baxa-baxa həmin ərazidə gəzişir,nəsə axtarır. Soruşdum, dedi anam 50 manat pul itirib. Dərhal pulu uzatdım. Bu qız da tələm-tələsik bir taksiyə əl edib, şəhər istiqamətində getdi.
Nəsə qızın davranışından “gözüm su içməmişdi”. Evə qayıtmaq istəyəndə gördüm sınıq-salxaq bir sarı “Renault” dayandı, içindən yaşlı qadın düşdü. “Bala, bayaq burda 50 manatım düşüb, görməmisən?”. Qadının yaxınlıqda yaşayan bir adama borcu vardı, borcunu verib qayıdanda isə çantasından pul düşüb.
“Xala, bayaq qızınız gəlmişdi axı, pulu ona verdim”.
“Nə qız? Bala, mənim iki oğlum var, qızım yoxdur”.
“Bənövşəyi koftada, bəstəboy, sol yanağında iri xal vardı”.
“Aaa… Bildim kimi deyirsən… Qonşunun qızıdır, evə qayıdanda anasıyla rastıma çıxdılar, dedim filan yerdə pulu itirmişəm, nəfəsimi dərim qayıdım… Gör ey, zalım qızında fərasətə bax!”.
Belə… Yəqin ki, o söhbətə aydınlıq gətirildi.
Ümumiyyətlə, qismət məsələsi nisbidir. “Halal” məsələsi də nisbidir.
Necə ola bilər? Axı mütləq hökmlər var. Olmazsa, olmaz!
Xeyr, elə deyil. Məsələn, sən insanlara “halal ət” adıyla kolbasa satacaqsan, amma içindən tük, məftil, “jilka”… Nəbilim, cürbəcür ins-cins çıxacaq. Hətta o kolbasanın əti halal olsa da belə, sən işini halal qurmamış olacaqsan. Hansısa vətəndaş sənin məhsulunda bir nöqsan aşkarlayıb şikayət edəndə, deyəcəksən ki, “anti-reklam aparırsan, rəqiblərimizin sifarişini yerinə yetirirsən”.
Utanmazsan, əlbəttə, utanmazsan… “Halal” məhsuluna haramçılıq qatan adam nədən utansın ki?
Bu günlərdə “Best beef” firmasının nümayəndəsi mətbuata danışarkən, mənim onlara qarşı anti-reklam apardığımı deyib, burda da rəqibləri yada salıb.
Həmin şirkətin məhsulunun içindən qalın-qalın saqqal tükləri aşkarlayıb, necə kəsməyimi də əks etdirən bir videonu Qafqaznews.az-a göndərmişdim. İndi burda hansı anti-reklam ola bilər?
Jurnalistəm deyə, gərək üzərimə “damğa” qoyasınız, reketlikdə və böhtanda ittiham edəsiniz?
Bəs vətəndaş olmağım, mənim də istehlakçı kimi sizdən məhsul almağım ehtimalı ağlınıza gəlmədi?
“Araz Market” nümayəndəsi isə deyib ki, o tük deyildi, piydi… Piy nə vaxtdan tük formasında və qara rəngdə olur?
Nə bilim əşşi, bu ölkədə biznesin normal inkişafına hələ onilliklər var.Qafqaznews.az