“Sakinlər bildirirlər ki, əgər söküntüyə başlanılırsa ilk öncə binanın arxa hissəsində tikilən tikililər sökülməlidir”

“Gündəm Xəbər” qəzetinin redaksiyasına Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə ev-2B mən-40 ünvanda yaşayan Lətifov Asif Aydın oğlu tərəfindən şikayət ərizəsi daxil olmuşdu. Daxil olan şikayət ərizəsi əsasında əməkdaşlarımız ötən həftənin şənbə günü qeyd olunan ünvanda olmuş və yerli sakinlərlə görüş zamanı, əksər mətləblərə də aydınlıq gətirilmişdir. Belə ki, həmin vaxt bəlli olmuşdur ki, Abşeron rayon İcra Hakimiyyəti Aparatı tərəfindən heç bir məhkəmə qərarı olmadan, sakinlərə məxsus dəmir qarajların söküntüsü haqda qərar çıxarılıb. Qeyd olunan ərazidə yaşayan və adlarının çəkilməsini istəməyən sakinlərin hər biri, İH-i tərəfindən atılan addımı olduqca qanunsuz və özbaşına addım kimi qiymətləndirirlər.

Abşeronda sakinlərin narazılığı “pik nöqtə”yə çatıb
Yerli sakinlərdən olan Asif Lətifov redaksiyamıza ünvanladığı şikayət ərizəsində yazır ki, “01 iyul 2017-ci il tarixdə saat 10:00-da mənzil istismar sahəsinin rəisi və adı çəkilən qrumun baş mühəndisi mənzilimizin qapısını döydülər və bizi şifahi surətdə xəbərdar etdilər ki, Abşeron RİH-nin başçısı İradə xanım Gülməmmədovanın tapşırığı əsasında, yaşayış ərazisində yerləşən qarajların hamısı söküləcək. Həmçinin onlar onu da bildirdilər ki, “dəmir qarajlardan sonra daş qarajların da söküntüsünə başlanacaq. Çünki, tikilən qarajların heç birinə aid sənəd yoxdur”. Həmin vaxt onlara izah etdim ki, qayda-qanun hər kəs üçün eynidir və heç kim də müəyyən olunmuş çərçivəni aşa bilməz. Kiminsə ərazisini zəbt etməmişəm ki, mənə məxsus qarajı söksünlər. 2003-cü ildə qarajın tikintisinə görə, ayrı-ayrı vəzifə sahibləri məndən 2 min manat pul alıblar. Bundan əlavə, qaraj sahibləri 2012-ci ilə kimi ildə bir dəfə MİS-nin əməkdaşına 50 manat pul da vermişik. Söküntüyə başlanılırsa ilk növbədə yaşadığımız binanın baş hissəsindəki qanunsuz tikililər sökülməlidir. Çünki, yaşadığımız mənzilin arxa hissəsinə heç cür keçə bilmirik. Binanın arxasında çoxlu sayda qanunsuz tikililər tikilib. Əgər yanğın baş verərsə, o vaxt yanğını söndürmək də müşkül məsələ olacaq. Buna da səbəb, giriş yollarımızın bağlı olmasıdır. Binanın ön hissəsinə giriş yalnız bir tərəfdəndir. Digər giriş yolları işıq idarəsi, marketlər və s. tərəfindən tamamilə zəbt olunub.

Üz-üzə qaldığımız problemin həlli ilə bağlı Abşeron RİH-nə getsəm də, bir kimsəni iş saatı olmasına baxmayaraq, iş başında tapa bilmədim ki, dərdimizi deyə bilim. Hal-hazırda anam 2-ci qrup əlildir və düz 35 il fasiləsiz uşaq həkimi işləyib. Onu da vurğulayım ki, bugünkü icra başçısı vaxtilə anamla birlikdə uşaq poliklinikasında işləyib. İndi tələbim ondan ibarətdir ki, ya vaxtilə verdiyim pullarımı geri qaytarsınlar, ya da ki, məndən biryolluq əl çəksinlər. Mən də vaxtilə xidməti vəzifəmi yerinə yetirərkən sağlamlığımı itirmişəm və bu gün 2-ci qrup əliləm. 17 il bu dövlətə xidmət etmişəm və mərhum prezidentimiz Heydər Əliyevi, onun ailə üzvlərini həm müdafiə, həm də mühafizə etmişəm.

İki həftə bundan əvvəl yaşadığımız 27-ci məhəllədəki 2B binanın sakinləri, o cümlədən atam Lətifov Aydın Məmməd oğlu da Abşeron rayon MKTB-nin rəisi, hansı ki, Abşeronun sabiq icra başçısı Zakir Fərəcovun yaxın qohumu olan Hüseyn müəllimin qəbulunda olurlar. Hüseyn müəllimlə söhbət zamanı o, bildirir ki, “yaşadığınız binanın ön və arxa hissəsində tikilən tikililərə aid heç bir sənəd yoxdur. Ona görə də, həmin tikililər istənilən vaxt sökülə bilər”. O, onu da qeyd edib ki, “ilk öncə daş qarajlar söküləcək, sonra isə dəmir qarajların söküntüsünə başlanacaq”. MKTB-nin rəisi tərəfindən bu cür açıqlamanın verilməsi, bina sakinlərinin haqlı narazılığına da səbəb olur. Çünki, sakinlər bildirirlər ki, əgər söküntüyə başlanılırsa ilk öncə binanın arxa hissəsində tikilən tikililər sökülməlidir. Ona görə ki, həmin tikililərin sahiblərinə bir kimsə “qaşın üstə qara var” demir. Binanın ön hissəsində olan daş qarajlara isə, heç bir halda əl vurulmur. Əgər söküntüyə başlanılırsa, o halda binanın giriş hissəsindən başlanılsın və hər hansı ayrı-seçkiliyə də yol verilməsin”. Bütün bunlar bina sakinlərinin haqlı tələbi olduğundan, qarşı tərəf çıxılmaz vəziyyətdə qalır. Əldə etdiyimiz son məlumatlara görə İH-nin səlahiyətliləri mövqelərində israrlıdırlar, bina sakinləri isə mövqelərindən bir addım olsun belə geri çəkilmək fikirində deyillər. Bir həqiqəti də unutmaq olmaz ki, bu gün Bakı şəhərində və ona bitişik rayonlar içərisində sakinlərin narazılıq hissinin daha çox artdığı, hətta üsyan etmək həddinə çatdığı rayonlar içərisində Abşeronun adı öncüllər sırasındadır. Artıq vəzifə səlahiyyətini lazımınca yerinə yetirməyən, hər kəsi dövlət hakimiyyət orqanlarından narazı salan rəhbər şəxslərlə bağlı ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən ilk addım atıldı. Yəqin ki, yaxın günlərdə İradə xanım Gülməmmədova da, Yasamal RİH-nin başçısı olmuş İbrahim Mehdiyevin aqibətini yaşamalı olacaq. Odur ki, …

Onu da vurğulayaq ki, “Gündəm Xəbər”ə şikayət ərizəsi ünvanlayan Asif Lətifov 17 il Xüsusi Dövlət Mühafizə Xidmətinin “Betta” qrupunun peşəkar zabiti olub. Dəfələrlə “Qüsursuz xidmətlərinə görə” rəhbərlik tərəfindən müxtəlif orden və medallarla da təltif olunub. Hətta o, 2014-cü ilin may ayında xidməti vəzifəsini yerinə yetirərkən, gizlədilmiş odlu silahı ayıq-sayıqlığı sayəsində tapıb rəhbərliyə təqdim etdiyinə görə, general-polkovnik cənab Vaqif Axundov tərəfindən yüksək məbləğdə pul mükafatına da layiq görülür. Bundan əlavə o, “Betta” qrupunun yeni təyin olunmuş rəisi Rzayev Fikrət Əşrəf oğlunun qeyri-qanuni hərəkətlərini, adı çəkilən şəxsin korrupsioner əməllərini, həmçinin səriştəsizliyini XDMX-nin rəhbərliyi qarşısında sübuta yetirdiyinə görə, çox keçmir ki, Asif Lətifov daşıdığı vəzifəsindən də uzaqlaşdırılır.

Həmçinin, idarə rəhbəri onu MTN ilə işbirliyində ittiham etsə də, son anda ittihamlar təsdiqini tapmır. Asif Lətifov belə qərarla heç cür razılaşmır və işə bərpa və məcburi işə buraxılmamağa görə məhkəməyə də müraciət etməli olur. Hüquqları uğrunda mübarizəyə başladıqdan 1 il 3 aydan sonar, onunla bağlı sifarişli qərar çıxarılır və Asif Lətifov 29 avqust 2012-ci il tarixdə uydurma ittihamlarla 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunur. Ali Məhkəməyə edilmiş müraciətə baxıldıqdan sonra, onun cəza müddəti 4 il 6 aya endirilir. Onu da vurğulayaq ki, vaxtilə MTN-də İstintaq baş idarəsinin sabiq əməkdaşı olmuş və hal-hazırda Fransada mühacir həyatı yaşayan Ramin Nağıyev, MN-nin sabiq zabiti Ələkbər Məmmədov, tanınmış hüquqşünas V.Tammert xeyli vaxt bundan əvvəl Asif Lətifovun qanunsuz həbs olunduğunu bildirirlər. Hal-hazırda onunla bağlı başlanmış cinayət işinin Avropa Məhkəməsinin icraatında olduğu da bildirilir. Asif Lətifov 2012-ci ildən BMT, Fredium House, Amnesty İnternational, Human Rgiht Vateh və digər nüfuzlu təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınmışdır.

P.S. Hörmətli oxucular! Onu da vurğulayaq ki, “Gündəm Xəbər” qəzetinin ayrı-ayrı saylarında Abşeronda baş alıb gedən çoxsaylı qanunsuzluqlarla, xüsusilə də tikinti işlərində əmələ gələn narazılıqlarla bağlı, bir neçə dəfə tənqidi açıqlamalar dərc etmişdik. Dərc etdiyimiz açıqlamalarda vurğulamışdıq ki, bu gün rayon ərazisində baş verən qarşıdurmaların, sakinlərin narazılıq hissinin artmasında və s. əsas günahkar, RİH başçısının həyata keçirdiyi idarəçilikdir. Təəccüb doğuran hal odur ki, rəhbərlik dərc olunmuş tənqidi açıqlamalardan, çoxsaylı sakinlərin haqlı narazılığından nəticə çıxartmaq əvəzinə, “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərini aidiyyəti üzrə deyil, məhz Xətai rayon Məhkəməsinə xüsusi ittiham qaydasında verməklə, adı çəkilən mətbu orqanı susdurmaq istəyir. Məqsədi yəqin ki, hər kəsə bəllidir. Odur ki, Abşeron RİH-nin başçısı İradə xanım Gülməmmədovanın həyata keçirdiyi idarəçilik nəticəsində gözümçıxdıya salınan, qanuni sənədlər əsasında inşa etdirmək istədiyi tikilini tikdirə bilməyən, hətta aylarla deyil, illərlə getgələ salınan hər kəsi, 07 iyul 2017-ci il tarixdə, saat 16:00 təyin olunmuş (Xətai rayon Məhkəməsinə) açıq məhkəmə prosesinə dəvət edirik. Gəlin iştirak edin, siz də əsl həqiqətləri deyin!
Abşeronda sakinlərin narazılığı “pik nöqtə”yə çatıb
Araşdırmamız davam edəcək.
Abşeronda sakinlərin narazılığı “pik nöqtə”yə çatıb

Paylaş