«Yay oldu, hər yerdən gəlirlər, adamların əlindən dəyər-dəyməzinə alınıb istirahət məkanlarına çevrilən yerlərdə istirahət edib gedirlər. Ancaq yerli əhali nə əzablar çəkir, hansı məşəqqətləri yaşayır, bilən yoxdur». Dia.az bildirir ki, Qəbələnin Laza kəndinin sakinləri güzəranlarından danışıblar.

Bir il öncə kəndi basan sel kəndlilərin yaşam həvəsini də öldürüb. Bunu kənd sakini Məleykə Səhrabova deyir: «Bir neçə il əvvəl zəlzələ oldu, kənd camaatı düşdü qaldı icra hakimiyyətinin qapısında, gözə kül üfürmək üçün bir neçə evi düzəltdilər, qalanlarını məcbur qalıb adamlar özləri yaxşı-pis təmir etdi. Nə bilim vallah, sonra da sel gəldi, qoyun-quzu, toyuq-cücə, bostan, meyvə, tərəvəz hamısını yuyub apardı. Seldən bir ilə yaxın vaxt ötür, əhali ac-susuz qalıb. Həyatımızı hələ də düzəldə bilməmişik. Adamlar hələ indi sıfırdan mal-qara toplamağa başlayıb. Qonşu kəndlərdəki dükanlara nə qədər borcumuz var. Əhali kənddən kənardakı mağazalardan nisyə çörək alıb yeyir».

Vəziyyət ona görə bu həddə çatıb ki, sel dolanışığı qoyundan, süddən, pendirdən çıxan əhalinin mal-qarasını əlindən alıb. Ancaq zərər təkcə mal-heyvanla bitsəydi, dərd yarıydı. Sakinlər deyir, iş orasındadır ki, seldən bir ilə yaxın ötməsinə baxmayaraq, kənddə hələ də növbəti fəlakətlərin önlənməsi üçün tədbirlər görülməyib.

Laza dağlıq kənddir. Ərazi qayalıq olduğundan əkinçilik inkişaf etməyib. İnsanların əsas məşğuliyyəti və dolanışığı heyvandarlıqla bağlıdır. Qapılardakı 5-10 heyvanı sel aparandan sonra insanlar yenidən heyvan almağa məcbur olublar. Kənd sakini Talıb Əşrəfov deyir, borca-xərcə girən kim, bankdan kredit götürən kim… Ancaq gəl ki…

«Yaylağımız Kürdəmirdədir. Hər il mal-heyvanı ora sürüyürük. Orda da icra hakimiyyəti icarəhaqqını qaldırıb. İndi adamlar borc-xərclə aldıqları mal-qaranı harada otarsınlar, bilmirlər. İstədiyimiz də odur ki, heç olmasa, tez-tez təbii fəlakətə, itkiyə məruz qalan insanlar kimi bizə güzəştə getsinlər. Axı, hələ özümüzə gəlməmişik, heç olmasa, borc-xərcini ödəməkdə olduğumuz mal-heyvanı otarmaq üçün yaylağı istifadəmizə pulsuz versinlər».

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Paylaş