Sabiq nazir və Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıldı; E.Mahmudovun həbsinə hazırlıq başlayıb
Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
KORRUPSIYA.Az musavat.com-a istinadən xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə Vüsal Ələkbərova hökm oxunub. V.Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə suçlu bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, o, iş adamlarını MTN-ə gətirərək, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib. Vüsal Ələkbərovun təxminən 1 milyon 270 min manat dəyərində əmlakının üzərinə həbs qoyulduğu bildirilirdi.
Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb.
Hökmə görə, Vüsal Ələkbərovun əmlakıınn müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib.
Hökmdən belə görünür ki, zərərçəkmişlərdən yalnız Akif Qurbanovun mülki iddiası təmin edilib. Digər zərərçəkmiş iş adamlarının mülki iddiası isə təmin edilməyib. Məhkəmə bunu belə əsaslandırıb ki, Vüsal Ələkbərov və digər vəzifəli şəxslər həmin zərərçəkmişlərdən pulu rüşvət kimi qəbul ediblər. Bu səbəbdən rüşvətalma ilə bağlı iddia mülki qaydada həll oluna bilər.
Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıb.
Həmin qərarın surəti icra olunması üçün aidiyyəti üzrə prokurorluğa göndəriləcək. Qeyd edək ki, prokuror Vüsal Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini və rütbəsinin alınmasını istəmişdi.
Bildirək ki, “MTN əməliyyatı zamanı həbs edilənlər arasında hələ ki məhkəməsi yekunlaşan və hökmü elan edilən yeganə zabit V.Ələkbərovdur.
2015-ci ilin oktyabr ayının 17-də işdən çıxarılan sabiq milli təhlükəsizlik nazir barədə təxminən 20 ay sonra məhkəmə qərardadı çıxarılması ciddi mətləblərdən xəbər verir. Əslində E.Mahmudov tutduğu postdan uzaqlaşdırılandan sonra onun tezliklə həbsə alınacağı gözlənilirdi. Lakin MTN-in 20-yə yaxın əməkdaşı, bir neçə generalı, idarə və şöbə rəisləri və müstəntiqləri də daxil olmaqla, “dəmir barmaqlıq” arxasına göndərilsə də, sabiq nazir məsuliyyətdən yayına bilmişdi. Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, E.Mahmudovun qudası Cahangir Hacıyevin istintaqa cəlb edilməsindən sonra da sabiq nazirin həbsinin real olduğu deyilirdi. İstintaq aylar sonra C.Hacıyev barədə həbs qərarı verdi və bu dəfə də E.Mahmudov “sudan quru” çıxa bildi.
Onun ev dustağı edildiyi barədə bu aylar ərzində xeyli iddialar olub, amma bu, rəsmi şəkildə təsdiq olunmayıb, onun harada yaşadığı da dəqiq məlum deyil. Bu müddətdə E.Mahmudovun “MTN işi” ilə bağlı istintaqa cəlb olunması haqda da rəsmi məlumat olmayıb. Doğrudur, MTN-lə bağlı hazırda davam edən məhkəmədə (“Çovdarov işi”) bir sıra epizodlarda sabiq nazirin adı keçib. Bildirilib ki, həm qanunsuz dinləmələr, həm iş adamlarının soyulmasından nazir də xəbərdar olub. Amma məhkəmə heç vaxt sabiq nazirin heç olmasa, şahid kimi dindirilməsinə nədənsə, lüzum görməyib.
İndi isə gözlənilmədən məhkəmə həm sabiq nazir, həm də Baş İstintaq İdarəsinin rəisi olmuş M.Şıxəliyev barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıb.
Yada salaq ki, V.Ələkbərovun məhkəməsində M.Şıxəliyev də ifadə vermişdi. Məhkəmədə özünü son dərəcə arxayın, saymazyana aparan M.Şıxəliyevin kimə güvəndiyi, niyə bu qədər arxayın danışdığı mediada haqlı suallar yaratmışdı. M. Şıxəliyev məhkəmədə sabiq nazirini qorumuş, rəhbərlikdən hər hansı qanunsuz göstəriş almadığını demişdi.
Yada salaq ki, E.Mahmudov 2004-cü ildə milli təhlükəsizlik naziri postuna təyin olunandan dərhal sonra M.Şıxəliyev nazirlikdə İstintaq Baş İdarəsində xidmətə qəbul edilib. 2007-ci ilə qədər həmin idarənin 1-ci şöbəsinin rəisi, 2007-2008-ci illərdə Baş İdarənin rəis müavini, 2008-ci ildən 2015-ci ilədək rəis vəzifəsində işləyib.
Bakı Hərbi Məhkəməsinin hakiminin belə bir qərardadı əlbəttə ki, siyasi hakimiyyətlə razılaşdırılmadan verilə bilməz. Hər halda, indiyədək E.Mahmudovun sonadək “qorunacağı” təəssüratı vardı. Amma indi E.Mahmudov barəsində cinayət işi açılması üçün məhkəmə qərardadı var və prokurorluq orqanı bunu gözardı edə bilməz. Bundan sonra prokurorluq məsələni araşdırmalı və müvafiq qərar verməlidir. Ya cinayət işi başlanaraq həm E.Mahmudov, həm M.Şıxəliyev istintaqa cəlb olunmalı, ya da cinayət işinin başlanması üçün heç bir əsas olmadığı deyilməlidir. Amma faktın özü artıq E.Mahmudovun həbsinə hazırlıq kimi qiymətləndirilməlidir.