Yasamal rayonu, A.Mirzə Şərifzadə küçəsi 162 ünvanında sakinlərlə “SKY RESİDENSE” MMC-nin arasında başlayan qalmaqal hələ də davam edir.
Gununsesi.info-nun xəbərinə görə, sakinlər bildiriblər ki, onların yaşadıqları ünvandakı bina qəzalı deyil, istismar müddəti başa çatmış tikililər siyahısındadır.
Sözügedən şirkət isə iddia edir ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısı binanın istismar müddəti başa çatmış, yaşayış binasının sökülməsi və yeni yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında bu il iyunun 22-də 197 saylı sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Yasamal rayonu, A.M.Şərifzadə 162 ünvanında yerləşən istismar müddəti başa çatmış 5 mərtəbəli yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma əsasında “SKY RESİDENSE” MMC tərəfindən köçürülərək həmin binanın AR FHN-nin əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilsin. Eyni zamanda, sökülmüş binanın yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi “SKY RESİDENSE” MMC-yə icarəyə ayrılsın. Eləcə də həmin ünvanda yaşayan bina sakinlərinin qarşılıqlı razılaşması əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsini və qəzalı binanın sökülməsini təmin etsin.
Bina sakinləri də bu sərəncamda məhz, “qəzalı binanın sökülməsini təmin etsin” ifadəsini qəbul etmirlər. Onlar bildiriblər ki, sərəncam onların xəbəri olmadan verilib. Üstəlik, sözügedən bina qəzalı yox, istismar müddəti başa çatmış tikilidir.
Yasamal rayonunun sabiq icra başçısı İbrahim Mehdiyevlə vəzifəsindən azad edilməzdən az öncə görüşən sakinlər bildiriblər ki, sabiq başçı onları aldadıb. Belə ki, bina sakinləri iddia edir ki, “SKY RESİDENSE” MMC-nin əllərində söküntü üçün əsas götürdükləri sərəncam birtərəfli və qərəzli verilib: “Bu bina 1964-cü ildə tikilib. İstismar müddəti bitib. İbrahim Mehdiyev bina sakinlərindən ibarət 10 nəfərlik nümayəndəni iyunun 23-də qəbul edib, bizə dedi ki, binanın sökülməsi pilot layihəsi kimi həyata keçiriləcək, sərəncamı da hazırlayıb göndərəcəyik. Tikintini aparacaq şirktin İbrahim Mehdiyevin imzası ilə təqdim etdiyi sərəncamda isə pilot layihədən əsər-əlamət yoxdur, tarix isə bizlə görüşdən əvvəlki gün – 22 iyun göstərilib. Maraqlarımıza zidd olan odur ki, Yasamalda 19 pilot layihəsi var. Biz sakinlər, ümumiyyətlə, nə bu sərəncamı qəbul edirik, nə də onun pilot layihəsini. Müqavilə bağlamaq da istəmirik. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında bizim bina qəzalı yox, istismar müddəti bitmiş tikili kimi göstərilib. Narazılıq da buradan başlayır. Biz də deyirik ki, sərəncamda dövlət təminatı yoxdur, hökümət sərəncam versin, dövlət təminatı olsun, biz də arxayın olaq. Hazırda bizə təqdim edilən sərəncam isə İbrahim Mehdiyevin sərəncamıdır. Üstəlik, sakinlərlə tam razılaşdırmamış binanın sökülməsi üçün fəaliyyətə başlayıblar.
Dünən axşam saatlarında burada qırğın gedirdi. Polis çağırdıq. Yalnız onların müdaxiləsindən sonra “SKY RESİDENSE” MMC-nin basdırdığı dirəklər söküldü. Özü də deyirlər ki, 10 gün ərzində mənzilləri boşaltmalısan. Yoxsa, atacayıq sizi bayıra. Bundan başqa, şirkət bizə kirayə qalmaq üçün 350 AZN-dən çox pul vermir. O pula bu ərazidə təmirli və şəraitli kirayə mənzil yoxdur. Yəni bu dövlət tərəfindən verilən təminatlı pilot layihəsi deyil. İbrahim Mehdiyev tərəfindən verilən sərəncamdır. Biz binamızın sökülməsini istəmirik. Şirkətin görünməyən rəhbəri millət vəkili Əsabəli Qasımovdur. Lakin MMC-nin kağız üzərində təsisçiləri isə başqa adamlardır. Biz sakinlər I Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmişik. İndi isə prezident İlham Əliyevə şikayət hazırlayırıq. Biz bu şirkətə inanmırıq. Çünki burada onların məqsədi market tikməkdir. Əgər bunlar biznesmendirlərsə, biz də bina sakinləri kimi biznesmenik. Onlar buradan gəlir götürməyə gəlirlər. Bina 8 bloklu və 112 mənzildən ibarətdir. Biz onları bura çağırmamışıq ki, gəlin evimizi sökün. Onlar deyir ki, 3 binanın sakinlərini bir binaya köçürəcəyik. Biz oturduq layihəyə baxdıq. Ağlabatan görünmədi. 14 mərtəbəli bina tikəcəklər, onun da 2 mərtəbəsi market olacaq”.
Digər sakinin sözlərinə görə, onlara bildirirlər ki hər birinizə yüz manat məbləğində pul verərik, tez zamanda evlərinizi boşaldın: “Axı bizlər bu qədər evi, əşyaları qısa müddətdə necə boşaldaq? Bizə göstərdikləri sərəncam və layihələr bizim üçün əsasızdır. Özəl şirkət olsalar da, lakin özlərini dövlət şirkəti kimi təqdim edirlər. Əhalinin qarşısına bir sənəd göstərə bilmirlər ki, bu dövlətin qanunudur. Biz bu yaşımızda, bu vaxtımızda küçədə-bayırda qalmaq, məhkəmələr qarşısında gecələmək istəmirik. Tələbimiz binanın sökülməsi ilə bağlı olan sənəddir. Biz dövlətə qarşı deyilik, ancaq öz hüququmuzu tələb edirik. Deyirlər ki, bina qəzalıdır. Lakin bu, belə deyil. İstəsəz, daxil olub baxa da bilərsiniz. Bina tam olaraq yararlı şəkildədir, daxil olub bloklara belə baxa bilərsiz. Hər biri tam təmirlidir. Çox xahiş edirik, bizə əsaslı dəlillər gətirsinlər. O zaman da bizlər tam olaraq əminliklə dövlət qanununa əsasən yaşadığımız mənzillərdən köçəciyik”.
Sakinlər deyir ki, dəfərlərlə onların hər birinə ayrı-ayrılıqda müxtəlif fikirlər söyləyirlər: “Kimlər səsini ucaldırsa, həmən ona yaxınlaşıb “Sənə filan yerdə filan ev verəcəyik” kimi vədlər verirlər. İbrahim Mehdiyevin qəbulunda dəfələrlə olmuşuq. Bizə arxa dayaq olacağını israrla söyləyirdi. Lakin yenə də tam olaraq bizi rahatlayacaq fikirlər söyləmirlər. Ölkəmizin prezidenti öz çıxışlarında dəfələrlə icra məmurlarına bildirib ki, onlar xalqın xidmətçisidir. Vətəndaşları incitmək olmaz. Bizlər artıq çox yorulmuşuq. Hər gün hər birimizin evinə Təcili Tibbi Yardım Xidməti gəlir. Çox gərginik. Hər gün həyəcan, stress keçirdirik. Hər birimizin səhhətində artıq ciddi problemlər yaranıb. 40 ildir, səhiyyə sahəsində çalışıram. Əmək veteranıyam. Bu yaxınlarda əməkdar tibb işçisi adına layiq görülmüşəm. Ancaq öz haqqımızı istəyirik. Biz öz dövlətimizin rəhbərinə güvənirik. Bir daha xahiş edirik bizim evlərimizin sökülməsi barədə hər hansı əsaslı bir sənəd təqdim etsinlər. Əks halda biz bu oyunlara inanmayacayıq”.
Bina sakinləri ilə görüşə gələn “SKY RESİDENSE” MMC-nin təsisçisi olduğunu deyən Cavid Əliyev isə bildirib ki, şirkət sərəncam əsasında bina sakinləri ilə danışıb müqavilə bağlayır: “Əlimizdə binanın istismar müdətinin başa çatmasıyla bağlı FHN-nin aktı da var. Müqavilə şərtlərinə görə, sakinlərə sahib olduqları kv.m sahədən 20 faiz çox sahə verəcəyik. Binanın tikilməsində və inşasında marağımız işdir. Eyni zamada, hər bir mənzil sahibinə tikinti müddətində otaqların sayına görə, kirayə haqqı ödəniləcək. Biz ayrı-ayrılıqda heç kimə heç nə söz verməmişik. Hamıyla müqavilə eyni əsaslarla bağlanacaq. Sakinlər hazırda yaşadıqları mənzillərdən qat-qat yaxşısına sahib olacaqlar. Hazırda bizim şərtlərimizlə razılaşan sakinlərlə müqavilə bağlayırıq. Razılığa gəlməyənlər də az keçməz müqavilə bağlayacaqlar. Binanın metronun boşluğuna düşəcəyini iddia edən sakinlərə bildirmişik ki, əgər elə vəziyyət olarsa, binanı bir az irəli çəkəcəyik. Biz heç kimi küçədə qoymayacağıq. İstismarı bitmiş bu binanın yerində 14 mərtəbəli, 276 mənzilli, yeni, modern, hündürmərtəbəli bina yüksələcək. Eləcə də bütün mənzillər təmirli təhvil veriləcək. Yerdə qalan mənzillər isə binanın xərclərini ödəyəcək. Bu binanın yerini Yasamal Rayon İcra Hakimiyyəti seçib, Prezident Aparatı təsdiqləyib, Nazirlər Kabinetinin qərarına görə, istismar müddəti bitmiş bütün binalar söküləcək. Ümumi şəhərsalma planı var. Həmin plan isə bizim layihədə öz əksini tapıb. Binaların sökülməsi və yenisinin tikilməsi növbəli şəkildə həyata keçiriləcək. Biz fəaliyyətimizi qanunlar çərçivəsində həyata keçirir”.
Qeyd edək ki, buna rəğmən, sakinlər “Öldü var, döndü yoxdur!” deyir.