Əslən Beyləqandan olan Natiq İsmayılova 2013-cü ildən bu yana Qaradağ rayonu Lökbatan qəsəbəsindən aldığı torpaq sahəsində tikintiyə başlamağa icazə verilmir və ona müxtəlif maneələr yaradılır
Qeyd etmək yerinə düşər ki, keçən il də bu məsələ tərəfimizdən işıqlandırılmışdı və tikintiyə icazə üçün 2-ci qrup Qarabağ əlili Natiq İsmayılovdan külli miqdarda pul tələb edən Hüquq şöbəsinin müdiri Rasim müəllim vəzifəsindən azad olunmuşdu.
Şikayətçi bildirir ki, Qaradağ RİH-də yeni təyinatlar olmasına baxmayaraq, sadə vətəndaşlara olan münasibət əvvəlki qaydasındadır.
Tikintiyə başlamaq üçün bütün zəruri sənədləri olan Natiq İsmayılova icra başçısı Süleyman Mikayılovla görüşməyə süni əngəllər yaradılır.
15 gün əvvəl 2-ci qrup əlil Natiq İsmayılovla əlaqə saxlayan Lökbatan qəsəbə icra nümayəndəsi Oqtay Sadıqov telefon danışığı zamanı Süleyman Mikayılov tərəfindən tikinti üçün razılıq verildiyini deyib.
Bu danışıqdan sonra Natiq İsmayılov Naiq Səmədovun qəbulunda olub.
Məsələ ilə bağlı münasibət öyrənmək üçün Naiq Səmədovla əlaqə saxladıq amma Naiq Səmədov suallarımızı cavablandırmaqdan boyun qaçırdı və dəstəyi üzümüzə qapadı.
2-ci qrup Qarabağ əlili Natiq İsmayılov artıq son çıxış yolu prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməkdə görür.
Qeyd etmək lazımdır ki, ölkə başçısı tərəfindən daim qayğı ilə əhatələnən əlil ailələrinə qarşı yerli icra orqanlarının əngəl törətməsi ölkədəki məmur-vətəndaş münasibətlərinin inkişafına ciddi təhlükə yaradır.