İlin sonunda rayon icra hakimiyyəti başçılarının bir çoxu vəzifələrini itirəcək. Bu qənaət prezident İlham Əliyevin ötən gün Nazirlər Kabinetinin iclasındakı yekun nitqindən hasil olur. Virtualaz.org xəbər verir ki, prezident çıxışında ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışıb, bu məsələdə təkcə mərkəzi icra orqanlarının deyil, yerli icra orqanlarının da üzərinə məsuliyyətin qoyulduğunu xatırladıb.

Prezidentin çıxışından sitat: “Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var”.

İlham Əliyev onu da bildirib ki, bəzi hallarda yerli icra orqanları investorlara kömək etmək əvəzinə problemlər yaradırlar, nəticədə özəl investisiyalar iqtisadiyyatdan yayınır. “Bunlara son qoyulmalıdır. İlin sonunda – dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək»-prezident xəbərdarlıq edib.

Yerli icra orqanlarının qarşısında özəl (həm xarici, həm daxili) investiyaların cəlb edilməsinə dair vəzifə prezident İlham Əliyev tərəfindən ötən ilin əvvəlində keçirilmiş müşavirədə qoyulmuşdu. Hansı ki, həmin müşavirə postneft dövrü iqtisadiyyatının əsas inkişaf prioritetlərini müəyyən etmişdi və elan edilmişdi ki, rayon icra hakimiyyəti orqanlarının vəzifəsi artıq mərkəzi büdcədən ayrılan dotasiyaları xərcləməkdən ibarət olmayacaq. Bu dotasiyalar azaldılacaq və yerli icra hakimiyyəti orqanları artıq özləri yerli iqtisadiyyatın inkişaf etdirilməsi üçün çalışmalı, beləliklə də pulları özləri qazanmalıdır. Və həmin icra hakimiyyəti orqanlarının rəhbərləri həm yerli, həm xarici özəl investorların cəlb edilməsi ilə məşğul olmalıdır.

Həmin vaxt prezident tərəfindən müəyyən edilmiş bu vəzifə əksər icra hakimiyyəti başçıları üçün qeyri-adi və hətta anlaşılmaz görünürdü. Onların bir çoxu investisiyaların cəlb edilməsi üçün nə etmək lazım olduğunu belə dərk edə bilməzdi, çünki büdcədən ayrılan pulların xərclənməsindən başqa ayrı fəaliyyət istiqamətləri olmamışdı. Hələlik müəyyən deyil ki, yeni iqtisadi reallıq yerli icra hakimiyyəti rəhbərlərini öz vərdişlərini dəyişməyə nə dərəcədə məcbur edib. Bunu ilin sonunda prezidentə təqdim olunacaq hesabat göstərəcək.

Lakin bəribaşdan qeyd etmək olar ki, yerlərdə icra orqanlarının rəhbərləri investisiya cəlbediciliyini formalaşdırmaq üçün nə etməli olduqlarını hələ də dərk edə bilməyiblər. Onlar üçün xarici investorlarla danışıqlar aparıb məsul olduqları bölgənin iqtisadiyyatına sərmayə yatırmağa inandırmaq heç vaxt qarşılaşmadıqları təcrübədir. Yaxud bir çox hallarda icra hakimiyyəti başçıları investorlara hələ də özlərinin qazanc mənbəyi kimi baxmaq vərdişlərindən əl çəkməyiblər. Deməli ilin sonunda belələrinin kütləvi şəkildə vəzifələrini itirməsi qaçılmaz olacaq.

Paylaş