Azərbaycanda “5-ci kolon” təzədən fəallaşıb
Ulus.Az-ın Analitik Şöbəsinin yaydığı xəbərə görə, ruspərəst qüvvələr iqtidar içində çalxalanma yaradırlar.
Onların bir dəstəsi gah rus dilinin dövlət dili olması təklifi ilə çıxış edirlər, gah deputat Qüdrət Həsənquliyev hakimiyyətə arxa çevirməyə hazır olan və Rusiyaya baş əyən məmurların olduğunu açıqlayır. Bütün bunlar 2018-ci il seçkiləri ərəfəsində ilkin qığılcımlardır.
Prezident İlham Əliyevin son dəyişiklikləri kimlərinsə ürəyincədirsə, kimlərinsə də kefinə “soğan doğrayır”. Onlar açıq şəkildə narazılıq edə bilmirlər. Lakin müəyyən ssenarilərdə yer almağa başlayırlar.
Bu ssenari isə hakimiyyətində referendumdan sonrakı dəyişiklikləri ilə bərabər prezident seçkilərinə bir il qalmış zamana təsadüf edir.
Yəni, həm İ.Əliyev açıq oyuna gedir, həm də işdən çıxardığı və yaxud zəiflətdiyi qruplaşmaların strategiyası çılpaqlığı ilə göz qabağındadır.
Onlar hansısa mesajlar verirlər, real təhlükənin ip ucunu göstərirlər, daxildə sabitliyin necə pozulacağına eyhamlar vururlar.
Ulus.Az-ın Analitik Şöbəsinin yaydığı xəbərə görə, bəzi məmurlar Rusiyaya bağlıdırlar və dövlətə dönük çıxmağa hazırdırlar. Ötən illərdə Abbas Abbasov nümunəsi də bunu göstərdi. Amma bu məmurlar yenə də var və deputat da həyəcan təbili çalıb.
Hakimiyyətə hər seçkiqabağı və ya sonrası məhz xarici dairələrlə əməkdaşlıq etmiş məmurlar zərbə vurmağa çalışıblar. Q.Həsənquliyev açıqca deyir ki, bəzi məmurlar İ.Əliyevdən yox, bağlı olduqlarını ölkələrdən qorxurlar.
Əgər onun fikirləri səhih informasiyaya söykənirsə, deputatın ifadəsi əsasında araşdırma aparıla bilər, həmin məmurların kimliyi təsbit olunar, araşdırmanın yekunu olaraq onlara vətənə xəyanət ittihamı ilə cinayət işi açıla bilər.
Sabah dar məqamda iqtidara arxa çevirməyə hazır olan qüvvələr var ki, hökumətin içində yer alıblar. O nöqteyi-nəzərdən 2018-ci il hakimiyyət üçün asan olmayacaq.
Q.Həsənquliyev də onu demək istəyir ki, məmurlar sabitliyin xaricdən pozulacağını öz beyinlərinə yeridiblər. Eyni zamanda rus dilinin dövlət dili olması barədə çıxışlar da müəyyən mərkəzlərin siyasi laboratoriyalarında hazırlanıb.