Son illər Azərbaycanda dələduzluğun, başqalarının etibarından sui-istifadə edərək külli miqdarda vəsaitin ələ keçirilməsi hallarının artdığı müşahidə olunur. Demək olar ki, hər həftə mətbuatda bu cür faktlara dair məlumatlara rast gəlinir. Acınacaqlı haldır ki, dələduzluqla məşğul olanların əksəriyyəti əsasən vəzifəli şəxslər və onların yaxınları, qohumlarıdır.

Heç şübhəsiz bu cür haların kütləviləşməsinin başlıca səbəbi dələduzluqla məşğul olanların sərt şəkildə cəzalandırılmamasıdır. Məhz bunun nəticəsidir ki, bu gün ölkədə dələduzların qurbanına çevrilmiş minlərlə insan haqqının bərpa edilməsi üçün hara müraciət etmək lazım olduğu sualına cavab axtarır. Bir çoxu da səslərini ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarının başında duran şəxslərə çatdırmaq üçün mətbuata üz tutur.

“Dedi ki, torpaq sahələrini özəlləşdirməsən, əmlakın əlindən alınacaq”

Elə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi massiv 2, ev 39-da yaşayan “Turan” kiçik müəssisəsinin və “Çeşmə” MMC-nin təsisçisi və direktoru Əliyev Firudin Məşi oğlunu da belələrindən hesab etmək olar. “AzPolitika.info” saytına müraciət edən Firudin Əliyev də, məhz vəzifəli şəxslərin dələduzluğunun qurbanına çevrildiyini iddia edir. Onun şikayəti isə Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinın vəzifəli şəxslərindəndir.

“AzPolitika.info” saytı vasitəsilə səsini ölkə Prezidenti İlham Əliyevə və hüquq-mühafizə orqanlarının rəhbərliyinə çatdırmaq istəyən Firudin Əliyev, ədalətin bərpa olunacağına ümid edir.

Firudin Əliyevin yazdığına görə, 1996-cı ilin əvvəllərində Qaradağ rayonu, Bakı-Salyan şossesi 24 ünvanında yerləşən “Turan” kiçik müəssisəsini yaradıb. Daha sonra isə həmin ünvanda digər “Çeşmə-F” MMC-ni yaradıb: “Hər iki müəssisənin ümumi sahəsi 1,08 ha təşkil edir. Bu müəssisələrin birlikdə ümumi sahəsi 600 m2 olan inzibati binalarının bir hissəsini 2004-cü ildə, digər hissəsini isə 2008-ci ildə özəlləşdirərək bu barədə adıma reyestrdən çıxarışlar almışam. Lakin həmin obyektlərin yerləşdiyi sahəsi 1,08 ha torpaq sahəsi isə özəlləşməmişdir. 2014-ci ilin yay aylarından başlayaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin Qaradağ rayonu üzrə şöbəsinin Zahid Mustafayev adlı əməkdaşı təkidlə tələb etdi ki, mütləq müəssisələrin istifadəsində olan torpaq sahələri özəlləşdirilməlidir. Əks halda bu torpaqlar geri alınacaq. Həmin vaxtlarda mənim özəlləşdirməni aparmaq üçün vaxtım və imkanım yox idi. Zahid isə öz tələbində israrlı idi”.

“Bildirdi ki, danışıb və Məmməd bu işə görə 250.000 manat pul istəyir”

REYESTR XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSİNƏ ŞOK İTTİHAM – “200 min manatımı mənimsəyib, işinin başındadır”

Firudin Əliyevin sözlərinə görə, Zahid Mustafayev ondan əl çəkmir, bunun
“yuxarıdan” gələn göstəriş olduğunu, torpaqları özəlləşdirməzsə, əmlaklarının əlindən çıxacağını bildirir. Bundan qorxuya düşən F.Əliyev ondan nə etməli olduğunu soruşur: “Bilmirdim ki, torpağın özəlləşdirilməsi ilə əlaqədar nə etməliyəm, hara müraciət etməliyəm. Ona dedim ki, ozəlləşdirmənin qanuni yollarla xərci, yaxud da rüsumun nə qədər olması mənim üçün qaranlıq bir məsələdir. O isə bildirdi ki, həmin torpaq sahəsinin özəlləşdirilməsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində maliyyə şöbəsinin rəisi işləyən Məhəmməd Talıbov adlı bir şəxs mənə kömək edə bilər. Dedi ki, M.Talıbov bu işlərdə əli olan adamdır və bu işi pul alıb düzəldə bilər. İstəsən onu səninlə tanış edib məsələni həll edərik. Mən də ona dedim ki, Məhəmməd müəllimlə əlaqə saxlayıb lazım olan məbləği və toplanmalı olan sənədlərin siyahısını hazırlayıb, mənə bildirsin.
2014-cü ilin noyabr ayının, təxminən, ortalarında Zahid Mustafayev mənə zəng edərək yanıma gəldi. Bildirdi ki, danışıb və Məhəmməd bu işə görə 250.000 manat pul istəyir. Zahid onu da mənə bildirdi ki, puldan vasitəçi kimi ona da 10.000 manat «şirinlik» veriləcək. Bu qədər məbləğ mənim üçün çox fantastik idi. Buna görə də mən həmin məbləğlə razılaşmadım”.

F.Əliyevin sözlərinə görə, Zahid Mustafayevdən məbləğı aşağı saldırmağı xahiş edir: “Zahid elə yanımdaca Məhəmmədə telefon açdı və onunla bir neçə dəqiqə danışandan sonra 215.000 manata razı sala bildi. Mən bu məbləğə razılaşdım”.

“Məhəmməd kabinetə girəndə Elşən verdiyim 200 000 manat pulu sayırdı”

F.Əliyevin sözlərinə görə, ona bu məbləğin böyük hissəsinin qanuni şəkildə dövlətə ödənildiyi, bir hissəsinin isə “zəhmət haqqı” olaraq onlara qaldığı bildirilib. Bir müddət sonra, o, 200.000 manat toplayaraq, Zahid Mustafayevə Məhəmməd Talıbovla görüşə hazır olduğunu söyləyir: “O da Məhəmmədlə əlaqə saxlayaraq bildirdi ki, 2014-cü ilin noyabr ayının 24-də Bakı şəhər Nərimanov rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin yanında görüşək. Həmin gün kürəkənim Ülvi ilə bərabər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə getdik. İdarənin yanında Zahid artıq bizi gözləyirdi. Bizi görən kimi Zahid soruşdu ki, pulu gətirmisiniz? Dedim ki, bəli. Sonra Zahid Məhəmmədə zəng elədi. Telefonda Zahid Məhəmmədə bildirdi ki, biz pulları və lazımı sənədləri gətirmişik. Məhəmməd isə bizi Dasınmaz Əmlakın Dovlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin qarşısında yerləşən bir ofisə göndərdi. Bildirdi ki, orada onun Elşən Əsgərov adlı bir işçisi işləyir. Dedi ki, Elşən sənədləri və pulları yoxlasın, özü isə yarım saata Elşənin kabinetinə gələcək. Bundan sonra mən Zahidin bələdçiliyi ilə kürəkənim Ülvi ilə bərabər Elşənin kabinetinə daxil olduq”.

F.Əliyev bildirir ki, Elşən Əsgərov onları qəbul edərək, pulların ona verilməli olduğunu söyləyib: “Söhbət zamanı Elşən bildirdi ki, “Məhəmməd müəllim hələ dünəndən sizi gözləyir. Özü mənə deyib ki, özəlləşmə üçün pul gətirəcəklər, götürərsən. Özü də bir azdan gələcək. Xahiş elədi ki, o gələnə kimi sohbətimizi danışıb bitirək, problem olmasın”. Elsən hətta əlavə elədi ki, Məhəmməd müəllim şəxsən ona tapşırıb və heç bir problem olmayacaq. Mən də işin artıq yüz faiz həll olunacağını yəqin etdim. Ülvi ilə Zahidin yanında 200.000 manatı sayıb Elşənin kabinetində ona verdim. Bir azdan Məhəmmədin özü də Elşənin kabinetinə gəldi. Məhəmməd kabinetə girəndə Elşən verdiyim 200 000 manat pulu sayırdı. Məhəmməd bizə dedi ki, “bayaq Zahid sizin sözünüzü mənə çatdırdı. Ancaq aşağı yeri yoxdur, “yuxarıdan” göstəriş var, pul lazımdır. Bizə də konkret haqq qoyublar”.

“Bildirdi ki, narahat olma, pullar artıq “yuxarı dairələrə” çatıb, hər şey yaxşı olar”

F.Əliyevin sözlərinə görə, bundan sonra o, Məhəmməd Talıbovdan çıxarış və texniki pasportun nə vaxt hazır olacağını soruşub: “Məhəmməd, Zahid və Elşən bildirdilər ki, bir aya hər şey hazır olacaq. Mən 200 000 manat pulu verdikdən bir ay keçsə də, onlardan bir xəbər çıxmadı. Amma arada bir Məhəmməd və Zahidlə telefon əlaqələrimiz olurdu. Artıq 2015-cı ilin mart ayı da gəldi. 2015-ci ilin mart ayının əvvəllərində Elşən və Zahid zəng edərək, məni sənədlər və möhürümlə birlikdə Əmlak Məsələləri uzrə Dovlət Komitəsinə dəvət etdilər. Komitədə onlar məni müxtəlif kabinetlərə aparıb sənədlərə imza etdirdilər. Sonra mən çıxıb getdim. 2015-ci ilin aprel ayında Zahid gəlib iki dəfəyə məndən Nərimanov rayonunda yerləsən “Kosmos” dukanının arxasında cəmi 10.000 manat aldı. Dedi ki, bu pul onunla Elşənə çatır. Lakin iş yenə uzanmağa başladı”.

F.Əliyev bildirir ki, narahat olduğunu görən Zahid Mustafayev ona Məhəmməd Talıbovla görüşməyi məsləhət bilir: “Məhəmmədlə əlaqə saxlayaraq, onunla görüşdüm. Bildirdim ki, əgər iş düzəlmirsə onda pullarımı qaytarsınlar. Məhəmməd isə mənə bildirdi ki, narahat olma, pullar artıq “yuxarı dairələrə” çatıb, hər şey yaxşı olar. Sənədlərin hazırlanmasına çox qalmayıb. Dedi ki, Elşənlə əlaqə saxlayım. Bundan sonra mən bir həftə dalbadal Elşənə, sonra isə Məhəmmədə zəng edərək onlardan işin nəticəsini tələb etdim. Bu zənglərin birində Elşən dedi ki, 200 000 manatın hamısını Məhəmməd müəllimə vermişdir, onluq heç nə yoxdur, ona qəpik-quruş qalıb. Mən isə bildirdim ki, huquq-muhafizə orqanlarına sizin hamınızdan sikayət edəcəyəm. Elşən bu sozlərimdən bərk qorxaraq mənə yalvarıb dedi ki, “əgər istəyirsənsə səninlə 200 000 manatlıq formal borc müqaviləsi bağlayaq. Muqavilədə gostərərəm ki, həmin pulu səndən borc almısam”. Mən də əlacsız qalaraq fikirləşdim ki, heç olmazsa qarantiyam olar. Belə bir müqaviləni kürəkənim Ülvi ilə bağlamasına razı oldum. Elşənlə bu söhbətimizdən sonra kurəkənim Ulvi ilə Elşən arasında Bakı səhəri Nərimanov rayon ərazisində yerləşən 9 saylı notariat kontorunda 19.08.2015-ci il tarixdə borc muqaviləsi baglanıldı. Lakin müqavilə bağlansa da, mən hiss edirdim ki, Məhəmməd ilə Elşən bu qədər pulu mənə verən deyillər. Amma yenə də işin düzələcəyinə ümid edirdim. Mən yenə də Məhəmməd və Elşənlə söhbət apardım. Bu dəfə hətta tanışım Seyidlə onların görüşünə getdim. Görüş zamanı Məhəmmədə bildirdim ki, yaxınlarda iş düzəlməzsə polisə və Kərəm Həsənova şikayət edəcəyəm. Dedim ki, mənimlə yalançı borc müqaviləsi bağlamaqla deyil. Bu dəfə Məhəmməd ilə Zahid məni sakitləşdirməyə başladılar. Və mənə böyük bir obyektin «Çıxarış»ını və bu obyektə dair kürəkənimin adına baş etibarnamə verməyi təklif etdilər. Bildirdilər ki, əgər iş alınmazsa və pul batsa, həmin obyekti adınıza keçirə bilərsiniz. Onlar həmin “Çıxarış”ı mənə təqdim etdilər və mən də razı oldum, cünki başqa çıxış yolum yox idi.

15.09.2015-ci il tarixdə həmin obyektin sahibi Bayramov Amil Həmdiyyə oğlunun adından Bakı şəhəri, 38 saylı notariat kontorunda bütün əmlakı üzərində sərəncam vermək hüququna dair kürəkənim Abdullayev Ülvinin adına tərtib edilmiş etibarnaməni Elşən mənə verdi. Buna qədər isə Elşən ona inanım deyə bacısı Əsgərova Gülşən Əsgər qızına məxsus Səbael rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilinə dair Gülşənin adından kürəkənim Abdullayev Ülvinin adına tərtib edilmiş 04.09.2015-ci il tarixli etibarnamə də vermişdi. Sonra Zahidlə Elşən kürəkənimlə mənə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 18 “C” ünvanında yerləşən Məhəmmədin qohumu kimi təqdim olunan Bayramov Amil Həmdiyyə oğluna məxsus fərdi yaşayış evini göstərdilər”.
REYESTR XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSİNƏ ŞOK İTTİHAM – “200 min manatımı mənimsəyib, işinin başındadır”
“Saxta borc müqaviləsi bağlayıblar, saxta etibarnamələr veriblər”

F.Əliyevin sözlərinə görə, sonradan ona məlum olur ki, adları çəkilən şəxslər hüqüq-mühafizə orqanlarına şikayət edəcəyindən qorxaraq, 200.000 manat pulun müqabilində onunla saxta borc müqaviləsi bağlayıblar, saxta etibarnamələr, saxta sənədlər veriblər. F.Əliyev bundan sonra əmin olur ki, bütün bunlar bir qrup şəxsin (Məhəmməd Talıbovun, Elşən Əsgərovun və Zahid adlı şəxsin) qrup halında dələduzluğudur. Həmin şəxslər digər vətəndaşların da külli miqdarda pullarını mənimsəmək yolu ilə belə cinayətlər törədiblərmiş. “Növbəti dəfə mən 2015-ci ilin sentyabr ayının sonlarında Elşənin Nərimanov rayonunda yerləsən kabinetinə gedən zaman öyrəndim ki, o qaçıb gizlənib, yeri də bilinmir. Bundan sonra mənə məlum oldu ki, Elşənin bizə verdiyi obyektə dair etibarnamələr də saxtadır. Buna görə də, mən cavab almaq üçün dərhal Məhəmməd müəllimi tapdım. Məhəmməd müəllim isə özünü təmizə çıxarmaq üçün müxtəlif bəhanələr gətirməyə və and içməyə başladı. Dedi ki, “pulu mənə yox, Elşənə vermisən, get ondan da al.” Mən dedim axı mən Elşən adlı adam tanımırdım, sən məni onun yanına göndərdin və tapşırdın ki, pulu ona verim”.

F.Əliyev bildirir ki, Məhəmməd Talıbov 200 000 manatı Elşənə onun tələbilə və yanında verdiyini danmağa çalışıb: “Halbuki, Elşən də mənə bildirdi ki, pulu sənə verib, ozu ilə Zahidə cəmi 10.000 manat qalıb. Vəziyyətin belə olduğunu görən Zahid Mustafayev qorxdu və mənə bildirdi ki, aldığı 10 000 manatı qaytaracaq. Sonradan Zahid həqiqətən də özü üçün aldığı 10 000 manatdan 9000 manatını oğlu vasitəsilə geri qaytardı. 1000 manatı hələ də qaytarmayıb. Elşən, Zahid və Məhəmməd adlı səxslər bir qrup mütəşəkkil dəstə şəklində məni aldadaraq, etibarıma girərək mənim ümumi olaraq 200 001 manatdan çox pulumu mənimsəyərək dələduzluq etmişlər”.

F.Əliyevin sözlərinə görə, ötən müddət ərzində ölkədə manatın dəyərinin azalmasını da nəzərə aldıqda, ona böyük miqdarda ziyan vurulduğu ortaya çıxar. O da bütün bunlarla bağlı cinayət işi başlanılması və öna vurulmus maddi ziyan odənilməsi üçün hüqüq-mühafizə orqanlarına müraciət edib.

“Əsgərovun işi məhkəməyə verilmək üzrədir, Talıbov isə vəzifəsində işləyir”
REYESTR XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSİNƏ ŞOK İTTİHAM – “200 min manatımı mənimsəyib, işinin başındadır”
F.Əliyevin vəkili Camal Bağırzadənin bildirdiyinə görə, işin ayrı-ayrı detalları üzrə Nərimanov və Xəzər rayon prokurorluqları tərəfindən bu faktlar barəsində cinayət işi başlanmış və istintaq aparılır: “Bu işin iştirakçısı Elşən Əsgərovun işi artıq məhkəməyə verilmək üzrədir. Amma M.Talıbovun cinayəti ona sübut olunsa da, “BTİ”nin rəhbərliyi onun məsuliyyətə cəlb edilməsinə ciddi maneə törədir. Hətta M.Talıbov əvvəlki kimi öz işində işləyir. Onu işindən kənarlaşdırmayıblar da. Nərimanov rayon Polis İdarəsinin İstintaq İdarəsi tərəfindən cinayət işinin istintaqı Məhəmmədə kömək məqsədi ilə dayandırılıb. Məhəmmədin üzünə duran şəxslərdən məlum oldu ki, bu işdə hətta ƏMDX-nin çox mühüm bir əməkdaşının da adı keçir. Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Pərviz Məmmədov cinayət işinin icraatının dayandırılması barədə qərar çıxarıb. Bu görünməniş qanunsuzluqdur. Sahibkar F.Əliyev isə olan-qalan pullarını bu “özəlləşdirənlərə” verərək, indi müflis bir vəziyyətdə polis və prokurorların qapılarında qalıb”.

Vəkil Camal Bağırzadə qərarın ləğv edilməsi və istintaqın yenidən başlanılması üçün məhkəməyə müraciət etdiklərini bildirdi: “Bununla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etmişik. İyul ayının 21-də proses keçiriləcək. Məhkəmənin bu əsassız qərarı ləğv edəcəyinə şübhə etmirəm.
Eyni zamanda Nərimanov rayon Prokurorluğunun da bu qərarla razılaşmadığı mənə məlumdur. Prokurorluğun da bu qərarı ləğv edərək, cinayət işini yenidən icraata verəcəyini gözləyirik”.

Qeyd edək ki, müraciətdə səslənən ittihamlarla bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərsək də, heç bir cavab almadıq. Bununla belə onların, eləcə də yazıda adları çəkilən şəxlərin də mövqeyini işıqlandırmağa hazırıq.

Paylaş