Komitə sədri Laçınlı məcburi köçkündən nə umur?
Əmlak Komitəsində süründürməçiliyə məruz qalan müharibə veteranı Eldar Nuriyevdən kömək istəyir
Laçın rayonundan olan məcburi köçkün, Qarabağ müharibəsi veteranı Zahid Novruzov Qafqaz Xəbər Agentliyi vasitəsilə PA yanında Apellyasiya Şurasının sədri cənab Eldar Nuriyevə müraciət edib.
Müraciəti olduğu kimi dərc edirik.
Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının sədri cənab Eldar Nuriyevə
Qarabağ Müharibəsi Veteranı, Laçından olan məcburi köçkün Novruzov Zahid Balabəy oğlundan,(Müvəqqəti: Bakı ş., Suraxanı r-nu, Hövsan qəs., İ.Əhlimanov küç. 10, m. 1 əlaqə tel. 050 215-46-29)
Hörmətli Sədr !
Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizənin ölkənin prioritet istiqamətlərindən biri olduğunu bəyan edib. O, Nazirlər Kabinetinin iclasında və konfranslarda rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmasının vacibliyini vurğulayıb: “Korrupsiya və rüşvətxorluq böyük bəladır və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin… …bütün dövlət qurumları, bütün dövlət şirkətləri, yerli icra orqanları, mərkəzi icra orqanları bilməlidir ki, hər bir məmur öz işində elə işləməlidir ki, həmişə üzüağ olsun, alnıaçıq olsun… …bizim cəmiyyətimizi içəridən sarsıdan xoşagəlməz hallar, rüşvətxorluq, əsassız tələblər var, bəzi hallarda insanları incidirlər… …bu sahədə qanun pozuntularına yol verənlər ciddi şəkildə cəzalandırılacaqlar…”.
Mən müvəqqəti məskunlaşdığım Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 10 ünvanda 80 kv/metr ərazisi olan, qeyri-yaşayış obyekti inşaa etdirmişəm. Həmin obyekti qeydiyyata aldırmaq üçün müraciət edərkən, 25.05.2017-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində məni Şəmsi adlı şöbə rəisi qəbul etdi və təqdim etdiyim sənədlərə baxış keçirdikdən sonra, telefonla Samir adlı digər şöbə rəisinə mənim təqdim etdiyim sənədlərin qaydasında olması barədə bildirib, qəbul etməyi göstəriş verdi. Həmin şöbə rəisi də sənədlərə baxıb qanunvericiliyin tələblərinə uyğun olduğunu və təhvil verməyi bildirdi. Sadıqova Gülnarə adlı işçi sənədləri qəbul edib qəbz verdi. Həmin 1117044144 №-li qəbzdə 30.06.2017-ci il tarixdə 001 №-li otaqdan Reyestrdən çıxarış sənədini almaq bildirilirdi.
30 iyun və sonrakı günlərdə 6 dəfə həmin otaqda oldum və hər dəfə məni 7-ci otağa yönləndirirdilər. Axırıncı dəfə 7-ci otaqda olarkən, sənədlərin hazır olmadığını bildirən və mənim sualıma özünü təqdim etmək istəməyən, nəhayət “Firudin Səfiyev” kimi təqdim etsə də vəzifəsini bildirməkdən qətiyyətlə imtina edən şəxs, mənim təkidimlə kiməsə zəng vurdu oradan cavab alaraq mənə bildirdi ki, “neftə 24 iyunda 173020533387 №-li sorğu məktubu göndərilib, nə vaxt cavab gələr bilmirəm.” O, kiminlə əlaqə saxladığını deməkdən imtina etdi və: “mən kiməm ki, nəyi alıram, onu da satıram…” deyə mənə qeyri-müəyyən bir cavab verdi.
19 iyul tarixdə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 193 №-li “qaynar telefon xətti” ilə əlaqə saxlayarkən, Ülkər adlı operator şikayətimi dinləyib, kiminləsə əlaqə saxlayaraq, mənə “Siz SOCAR-a ərizə yazın, cavab gətirin” deyə tövsiyyəsinə, mən etirazımı bildirdim ki: “nə üçün bunu mənə vaxtında vəzifəli şəxslər deməyib indi siz deyirsiniz?” və o, yenə telefona qulaq asan şəxsin sözlərini mənə çatdırdı: “müəllim, gəlin imtina sənədinizi alın…”. Maraqlıdır ki, operator məsələni “operativ” həll etdi.
Hörmətli Sədr,
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin və onun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəli şəxslərinin vətəndaşa qarşı belə yarıtmaz, biabırçı, məsuliyyətsiz, vicdansız, süründürməçi, ötür-ötür hərəkətlərinin qarşısının alınması barədə qətiyyətli tədbir görülməsini Sizdən xahiş edirəm.
Hörmətlə, Qarabağ Müharibəsi Veteranı, Məcburi köçkün – Laçın rayonu sakini Novruzov Zahid Balabəy oğlu
QAFQAZXEBER.AZ