Bakının Nərimanov rayonunda, Tələt-Şıxəliyev küçəsi, 13-15 ünvanında yerləşən tarixi binanın “pilot layihə” adı altında sökülməsi ətrafında qalmaqal davam edir.
Xatırladaq ki, bu söküntü faktı virtualaz.org və haqqin.az saytlarının müdaxiləsi ilə ortaya çıxmışdı. Məlum olmuşdu ki, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən binanın sökülərək yerində yeni çoxmərtəbəli yaşayış binasının tikilməsi barədə qərar verilib, ancaq Mədəniyyət və Turizm Nazirliyinin etirazları nəzərə alınmayıb.
Xatırladaq ki, binanın sakinləri (22 ailə) artıq ərazidə yeni bina inşa etməyə hazırlaşan “Çarbağ” MMC tərəfindən kirayə mənzillərə köçürülüb. Habelə binanın bilavasitə yaxınlığında yeni binanın özülü qazılır, tikinti texnikası işləyir. Tarixi binanın özündə isə arakəsmələrin söküntüsü davam edir.
Doğrudur, məsələ ictimailəşəndən və rezonansa səbəb olunandan sonra Nərimanov rayon İcra Hakimiyyətindən söküntünü müvəqqəti dayandırmağı tapşırıblar. Lakin ötən gün binaya növbəti dəfə baş çəkəndə içəridə arakəsmələrin, mənzillərin döşəmə, qapı və pəncərələrinin söküntüsü hər halda davam edirdi.
Divarları kifayət qədər sağlam görünən tarixi binanın nədən “qəzalı bina” kimi rəsmiləşdirilib söküldüyünü tikinti şirkətinin rəhbərliyi ilə araşdırmağa çalışdıq. Şirkətdə bizi əmin etməyə çalışdılar ki, bütün sənədlər qaydasındadır. Doğrudan təqdim olunan qalaq-qalaq sənədlər arasında binanın “qəzalı vəziyyətdə” olmasına dair FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq rəyi, rayon İcra Hakimiyyətinin, digər strukturların binanın sökülərək yerində yenisinin inşa edilməsinə razılıq vermələrinə dair icazə sənədləri və s. yer alır.
Eləcə də Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən binanın sökülməsinin qanunsuz olduğu barədə göndərilmiş məktublar da öz yerində.
Həmin məktublarda deyilir ki, binanın tarixi 1903-cü ilə gedib çıxır və bu tikili yerli əhəmiyyətli tarixi abidədir. Müvafiq qanuni proseduralardan keçmədən və Nazirlər Kabineti tərəfindən qərar verilmədən sökülə bilməz. Lakin şirkətdə deyirlər ki, binanın texniki pasportunda onun 1934-cü ildə inşa edildiyi göstərilir və guya heç bir tarixi əhəmiyyət kəsb etmirdi.
Bəs əslində necədir? Binanın tarixi nə vaxta gedib çıxır və onun sökülməsi üçün hansı qanuni prosedurları keçmək lazım gəlirdi?
Bu suallara Mədəniyyət və Turizm Nazirliyi ətraflı izahat verir. Nazirlikdən bir daha virtualaz.org-a bildiriblər ki, Nərimanov rayon İcra Hakimiyyətinin binanın sökülməsinə dair qərarı kobud qanun pozuntusudur.
Belə ki, tarixi abidələr öz əhəmiyyətinə görə üç kateqoriyaya bölünürlər: dünya əhəmiyyətli, ölkə əhəmiyyətli və yerli əhəmiyyətli tarixi abidələr.
Dünya əhəmiyyətli və ölkə əhəmiyyətli tarixi abidələrin sökülməsinə, satılmasına, görkəminin dəyişdirilməsinə və s. heç bir halda icazə verilə bilməz. Yerli əhəmiyyətli tarixi binaların sökülməsinə isə icazə verilə bilər, amma bunun üçün bir yox, bir neçə əsas şərt yerinə yetirilməlidir.
Nazirliyin müvafiq qanunvericiliyin tələblərinə istinadən bildirdiyinə görə yerli əhəmiyyətli tarixi binanın sökülməsi üçün mürəkkəb prosedurları keçmək lazım gəlirdi. Bu prosedur müvafiq dövlət strukturunun (indiki halda FHN-in) binanın qəzalı vəziyyətə düşdüyü barədə rəy verməsi ilə başlayır. Daha sonra AMEA binanın qəzalı vəziyyətini nəzərə alaraq onun tarixi əhəmiyyətini itirdiyi barədə rəy verməlidir.
Bu iki rəy əsasında müvafiq yerli icra hakimiyyəti orqanı tarixi abidələrin, tikililərin mühafizəsini həyata keçirən orqana- Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməlidir. Nazirlik yanında mədəni irsin qorunması, bərpası üzrə Dövlət Xidməti isə öz tərəfindən mütəxəssislərdən ibarət komissiya yaratmalı, əgər komissiya binanın həqiqətən qəzalı vəziyyətdə olduğunu və tarixi əhəmiyyətini itirdiyini təsdiq edən rəy verərsə yalnız bundan sonra qərar çıxaran orqana-Nazirlər Kabinetinə müraciət edə bilər.
Nəhayət Nazirlər Kabineti təqdim olunan bütün rəyləri nəzərdən keçirərək binanın yerli əhəmiyyətli tarixi tikililər sırasından çıxarılmasına dair xüsusi qərar verməlidir. Söküntü isə yalnız bütün bu prosedurların tamamlanmasından sonra başlaya bilərdi.
İndiki halda isə bu prosedurların ancaq bir qismi yerinə yetirilib-binanın qəzalı vəziyyətdə olmasına dair rəy alıblar və başlayıblar sökməyə. Mədəniyyət və Turizm Nazirliyindən deyirlər ki, əslində binanın sökülməsinə hazırlıqlara üç ay əvvəl onların etirazları nəzərə almadan , Nazirlər Kabineti tərəfindən yekun qərar çıxarılmadan başlamışdılar.
“Nərimanov rayon İcra Hakimiyyəti o vaxta qədər bizə rayon ərazisində pilot layihə çərçivəsində sökülməsi planlaşdırılan 20-dən çox bina ilə bağlı müraciət edib. Hər dəfə də onların müraciətinə müsbət cavab verilib, çünki həmin binalar tarixi tikililər olmayıb. Tələt Şıxəliyev küçəsi, 13-15 ünvanında yerləşən bina isə yerli əhəmiyyətli tarixi tikili kimi qorunur. Bu səbəbdən biz binanın sökülməsinə etiraz etdik, ancaq etirazlarımız nəzərə alınmadı. O ki qaldı texniki pasportda binanın 1934-cü ildə inşa edildiyinin göstərilməsinə, bu, nisbi tarix ola bilər.
Mümkündür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həmin tarixi təxmini olaraq göstərib. Əslində binanın üzərində “1856” rəqəmi olub ki, bu da tikilinin 19-cu əsrə aid ola biləcəyini göstərir. Və söküntüyə hazırlaşdıqları ərəfədə həmin tarixi qoparıb atıblar”-nazirliyin rəsmisi bildirib.
Nazirlikdən deyirlər ki, qanunvericiliyə görə əgər qorunan tikili sökülübsə və ya onun görkəminə xələl gətirilibsə o zaman cavabdeh tərəfin vəsaiti hesabına tikili Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi layihəyə uyğun olaraq yenidən bərpa edilməlidir.
İndiki halda isə belə görünür ki, heç bir bərpadan söhbət gedə bilməz. Binanın bilavasitə yaxınlığında yeni tikiləcək binanın özülü qazılıb, binanın özündə isə arakəsmələr sökülüb, fasad ciddi zədələnib. Və bütün bunlar müvafiq qanunvericiliyin açıq-aşkar pozulması şəraitində həyata keçirilib…