“Azəriqaz” İstehsalat Birliyinin növbəti oyunu ortaya çıxıb. Məlum olub ki, qurum yeni fırıldağa əl ataraq abonentləri çirkin əməlləri ilə incitməyə başlayıb. Belə ki, Bakıda və Abşeronda minlərlə abonenti bir gündə cərimələnib. Bu cərimələnmə prosesinin davam edəcəyi də istisna olunmur.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının iddiasına görə “Azəriqaz” İstehsalat Birliyi abonentlərə kütləvi şəkildə qeyri-qanuni cərimə yazmağa başlayıb. Mart ayında “plombun qırılması” adı ilə (itron tipli sayğaclarda) Bakı və Abşeronda 5400 abonentə cərimə tətbiq olunub. Daha 20 min abonentin cərimə olunacağı gözlənilir. Bununla bağlı rayon qaz idarələrinə tapşırıqlar verilib.
QHT sədri cərimələnən abonentlərin siyahısının da olduğunu bildirib. Siyahıya əsasən cərimələnən abonentlər cəmi 26 milyon kubmetr qaz “oğurlayıb”. Hər abonentə yazılan cərimənin miqdarı isə 350-500 manat arasındadır. M. Qəhrəmanlının sözlərinə görə, hazırda bu tip cərimələr ölkənin bütün rayonlarında davam edir. Hansı ki, həmin abonentlər son 4 ayda plombları təzələnmiş abonentlərdir.
Martın son günündə Abşeronda 2135, Binəqədidə 758, Sabunçuda 918, Xəzərdə 591, Səbaildə 338, Nəsimidə 130 abonent cərimə olunub. Digər rayonlar üzə cərimə edilən abonentlərin sayı 100-300 arasındadır. Abonentlərə yazılan cərimələr AGİS (Avtomatlaşdırılmış Qaz İnformasiya Sistemi) proqramında yerləşdirilir və 30 gün müddətində GAZREPORT smart proqramına atılır. Qəhrəmanlı bildirir ki, bu halda abonent öz borcunu görə bilmir və hər ödədiyi məbləğin 50 faizi cəriməyə ödəniş kimi düşür, abonent isə bundan xəbərsiz olur.
Maraqlıdır ki, “Azəriqaz” İstehsalat Birliyi sözügedən ittihamlara cavab vermir. Sadəcə, qaz itkisininin olmadığını israr edərək bu məsələni ort-basdır edəcək açıqlamalarla çıxış edir.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı “Cümhuriyət” qəzetinə açıqlamasında müvafiq qurumların bu məsələyə səssiz qaldıqlarından gileylənib. O, deyib ki, sözügedən problemlə bağlı lazımi sənədlər və siyahı var. Amma cavabdeh qurumlar bununla bağlı hər hansı tədbir görmək niyyətində deyil: “Bu məsələnin müvafiq qurumlar tərəfindən yoxlanılmasına ciddi ehtiyac duyulur. Sözügedən halın baş verməsi üç səbəbdən ola bilər. Mənim baxışım belədir ki, birinci səbəb “Azəriqaz”da hazırda həddindən artıq qaz itkisinin olmasıdır. Çünki bu qurumda hər il milyonlarla qaz itkisi olur. İkinci, əhalinin savadsızlığından istifadə edib, korrupsiyaya yol verirlər ki, bu da ölkəyə gətirilən qaz sayğacları ilə əlaqədar ola bilər. Digər səbəb isə əhali arasında küləvi narazılıq yaratmaqdır. Bunun başqa adı yoxdur.
Məqsəd əhaliyə cərimə tətbiq etməkdən ibarətdir. “Azəriqaz” tərəfindən tək aprel ayında (proses mayın 10-dək davam edəcək) ölkə üzrə 42800 abonentə (hər abonentə 520 m.3) cərimə tətbiq olunub. Hökumətə müxalifət lazım deyil, əsl müxalifət “Azəriqaz”dır. Neçə gündür ki, mən bununla bağlı yazıram və qarşısı da alınmır. Artıq bununla bağlı müvafiq qurumlar məşğul olmalıdırlar. Əgər bir hüquq müdafiəçisinin yazdıqlarını araşdırmırlarsa, demək bu məsələ daha uzaqlara gedir. Kimin və hansı qurumun siyasətidir, bilmirəm. Nazirliyinmi, SOCAR-ın, yaxud “Azəriqaz”ınmı? Bunun yoxlanılmasına ciddi ehtiyac var. Cəriməni tətbiq edəndə Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəhman Qurbanov tərəfindən təsdiq olunmuş medodiki tövsiyyələri də daxili əmr olaraq veriblər. Hətta abonentlərə ikiqat artıq cərimə tətbiq olunub”.xeberfakt.az