Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev “dərman mafiyası” ilə əlbir imiş
FİA.Az mediada yayılan məlumatların təfsilatını hazırlayıb.
Adı həmişə qanunsuz işlərdə çəkilən S.Abduyev Dövlət Gömrük Komitəsinin keçmişsədri Aydın Əliyevin adamı idi. Onun hava limanında sahibkarların başına açmadığı müsibət qalmamışdı.
Artıq Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.
Sadiq Abduyevin işçiləri ölkəyə gətirilən müəyyən malların müqabilində astronomik məbləğdə «rüsum» tələb etməklə bir tərəfdən monopolistlərin sifarişlərinə əməl edərək onların fəaliyyətlərini dəstəkləyir, digər tərəfdən isə daxili bazarda süni qiymət artımını stimullaşdırırdılar.
Xüsusilə Çin və Dubay kimi ölkələrdən idxal olunan məhsulların bazarında isə bir çox hallarda bu idarənin əməkdaşları özləri monopolist kimi çıxış edirdilər.
İdarə rəhbəri səlahiyyətlərindən şəxsi maraqları naminə istifadə etməklə böyük sərvətə sahib çıxmağı bacarmışdı.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində tətbiq olunan «qaydalar» vətəndaşlara, xarici ölkələrlə ticarət əlaqəsi saxlayan biznesmenlərə əlavə problemlər yaradırdı.
Elə ötən il elektron KİV-də yayılan video 25 ilin üstündən xətt çəkdi. Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında gömrük əməkdaşlarının və mülki geyimli işçilərinin tərbiyəsizliyini əks etdirən kadrlara sakit baxmaq olmurdu.
Bu görüntüləri seyr edəndə fikirləşirsən ki, orada mən və ailəm də ola bilərdi, eyni özbaşınalıqla qarşılaşacaqdım, qəzəbindən nə edəcəyini bilməyəcəkdim.
Eləcə də həmin gömrük əməkdaşları – Elvin Babayev, Laçın Dadaşov, Vüsal Məcidov və digərləri ailələri ilə birlikdə gecə yarısı, yuxusuz, yorğun-arğın vəziyyətdə hava limanında oxşar hərəkətlə qarşılaşsaydılar, bəlkə də qabağındakı gömrük işçilərini döyərdilər.
Amma “Cinema Plus” kinoteatrlar şəbəkəsi baş direktorunun müavini Cəfər Axundzadə kifayət qədər təmkinli davranıb və gömrük əməkdaşlarının aeroportdakı qanunsuzluğunu hüquq müstəvisində həll etməyə çalışacaq.
Hətta iş o yerə çatır ki, gömrük əməkdaşları polisləri çağıranda hadisəyə vaqif olan asayış keşikçiləri belə C.Axundzadə və ailəsinin nə üçün dəfələrlə yoxlamadan keçirilməsini anlamayıblar. Gömrük işçiləri də polis əməkdaşlarına nə cavab verəcəklərini bilməyilər.
General S.Abduyev son illər karyerasında sürətlə irəliləməklə yanaşı, özünə nəhəng biznes imperiyası qurmağa da müvəffəq olub.
Onun sürətlə qabağa doğru irəliləməsi, yəni daha çox kapitala sahib olması, eyni zamanda Dövlət Gömrük Komitəsi daxilində mövqeyini möhkəmləndirməsi, ətrafına özünə yaxın olan şəxsləri toplaması həm Aydın Əliyevin, həm də Səfər Mehdiyevin narahatlığına səbəb olub.
Onu da qeyd etmək yerinə düşər ki, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımovun qızıl alverçisi Ziyafət Qurbanovanın cinayət işi üzrə məhkəmələri prosesi olub. Bu artıq gömrük işçilərinin hansı əməllərlə məşğul olduğunu təsdiqləyir.
Xatırladaq ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb.
Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb.
Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.