SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyev 500 min dollarlıq “Brabus” markalı avtomobil alıb. FİA.Az xəbər verir ki, bu barədə Əli Oğuz adlı feysbuk istifadəçisi paylaşım edib

A.Əliyev ictimaiyyətə tanış isimdir. SOCAR Trading SA şirkətinin rəhbəri Anar Əliyevin İngiltərədə bir neçə dəbdəbəli mülk aldıqları haqda iddialar mətbuatda geniş bəhs olunub.

Böyük Britaniyanın “Global Witness” təşkilatının Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı təqdim etdiyi hesabatda Azərbaycan neft sənayesində gizli fiqur kimi göstərilən Anar Əliyevin kimliyi haqda ətraflı dosye var. Anar Əliyevin qardaşı Nihat Əliyev hazırda SOCAR-ın satış direktorudur.

Anar Əliyevin 1976-cı il təvəllüdlü qardaşı Bədəl Əliyev isə hesabatda göstərildiyi kimi, SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır.

Anar Əliyevin daha bir qardaşı, Nicat Əliyev isə SOCAR-da rəsmi işdə çalışmasa da, onun da neft şirkətinə bağlı işlərlə məşğul olduğu bildirilir.

Ölkə sərvətlərinin hesabına oliqarxlaşan qardaşlar R.Abdullayevin hesabına karyera yüksəlişinə nail olublar.

Uçuq-sökük daxmalarda, kirayələrdə, qopu tökülmüş tavanı olan zirzəmilərdə yaşayan yüzlərlə vətəndaş, məcburi köçkün, aztəminatlı ailələr neft sərvətlərindən məhrum olublar.

R.Abdullayevin dayısı uşaqları isə hazıra nazir olaraq varlanıblar, neft pullarından milyonçuya çevriliblər.

Bunun nəticəsidir ki, A.Əliyev “Brabus”a 500 min dollar, təxminən 700 min manat ödəniş edərək yollarda şütüyür.

Qeyd edək ki, “Global Witness” təşkilatı SOCAR-ın iştirak etdiyi sövdələşmələrin şəffaf olmadığını bildirir. Məhz bu səbəbdən də hesabatda Anar Əliyevin adı çəkilir.

Anar Əliyevə məxsus şirkətlər Azərbaycanın neft sənayesi ilə bağlı iştirak etdikləri sövdələşmələrdən 375 milyon ABŞ dollar dəyərində mənfəət qazandıqlarını açıqlayıblar.

Lakin “Global Witness” bu şirkətlərin müvafiq tender prosesi vasitəsilə seçilməsini təsdiq edən heç bir sübuta rast gəlməyib.

  Azərbaycanda neftdən gələn gəlirlərin qəpik-quruşu vətəndaşlara çatır.

İnsanlar kredit borcu içində yaşayır, mənzil ala bilmir, övladlarına təhsil verməyə, evləndirməyə imkan tapmırlar. Amma A.Əliyev qeyri-şəffaf pullar hesabına “Brabus” alır, Londonda mülklər alır.

Misal üçün, Anar Əliyev ARDNŞ-in neftin satışı üzrə İsveçrədə yaradılmış törəmə şirkəti olan “Socar Trading”ə etdiyi cəmi 5 milyon ABŞ dollar yatırımdan 118 milyon ABŞ dollar dəyərində mənfəət əldə edib.

Bu şirkətin “Socar Trading”də hansı yolla iştirak payı əldə etməsi tam olaraq açıqlanmır.

ARDNŞ-lə tərəfdaşlıq edən bir çox şirkətlərin səhmdarları açıqlanmadığından Azərbaycanın neft sənayesində mövcud bir sıra sövdələşmələrdən əslində kimlərin mənfəət əldə etməsi məlum olmur.

ARDNŞ-in Dubayda “Socar International” DMCC adı altında neft satışı üzrə yaratdığı törəmə şirkətin 50%-i adları gizli saxlanan səhmdarlara məxsusdur.

Təşkilatın araşdırması göstərir ki, SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyevin bağlılığı var.

Bunlardan yalnız birində – Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan “SOCAR Trading SA” şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub.

A. Əliyev 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində “Heritage Heritage General Trading FZE” şirkətini yaradıb. Bu şirkətin SOCAR-la son zamanlara qədər olan ortaq biznesinə nəzər salaq.

SOCAR-ın 2012-ci ildə potensial investorlar üçün hazırladığı bond prospektində deyilir ki, ARDNŞ “iki beynəlxalq tərəfdaşı ilə birgə” Maltada “Supra Holding” şirkətini qeydiyyatdan keçirib.

SOCAR-ın internet səhifəsində həmin şirkətin nizamnamə kapitalının cəmi 5 milyon dollar olduğu göstərilib.

2012-ci ildə “SOCAR Supra Holding Limited” şirkətinin özəl səhmdarları Anar Əliyev və Valeriy Golovuşkindən onların paylarını alıb.

“Global Witness”in araşdırmasında göstərilir ki, payları təhvil vermələri üçün Anar Əliyevin şirkətinə 103 milyon ABŞ dolları, rusiyalı Valeriy Qolovuşkinə məxsus “Renfrel Holding”ə isə 30 milyon ABŞ dolları ödəyib.

Beləcə, 5 milyon dollarlıq investisiya Anar Əliyevə 150 milyon dollardan artıq gəlir gətirib.

“Bu yenidən bizi o suala qaytarır ki, niyə SOCAR sadəcə mütəxəssisləri işə götürmək və nefti özü satmaq əvəzinə, nefti satmağa ortaqlar cəlb edib” deyə “Global Witness” hesabatında sual edir.

Anar Əliyevin SOCAR-la böyük layihələrə imza atan şirkətlər qurmazdan əvvəlki keçmişinə dair çox az rəsmi məlumat var.

“Heritage General Trading FZO” şirkəti qurularkən təqdim etdiyi pasportda onun Naxçıvanda doğumlu olduğu göstərilir.

Naxçıvanda həqiqətən təvəllüdü və adı uyğun olan Əliyev Anar Nüsrət oğlu 2010-cu ildə seçici siyahısında qeydiyyatda olub. Sonralar onun qeydiyyat ünvanı Bakı şəhərinin Nərimanov rayonuna dəyişilib.

Paylaş