Yutube kanalında Gəncədə icra başçısına qarşı sui -qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının səs yazısı yayılıb. Musavat.com xəbər verir ki, orada guya Yunisin “xanımı” sui-qəsd əməlinin motivini izah edir.

Xanım iddia edir ki, baş verən hadisə şəxsi qisas zəmnində deyil, Yunisin icra başçısı Elmar Vəliyev tərəfindən guya təhqir edildiyi iddia olunan bacısı 9 ildir Gəncəyə, ümumiyyətlə, Azərbaycana gəlmir. Qadın səsi iddia edir ki, məsələdə dini amil əsasdır:“Yunis İmam Hüseyn əleyhisəlamın qisasını aldı. Çünki o, dəfələrlə müsəlmanları, İmam Hüseyni təhqir edib. Aşura günü şərab festivalı keçirib”, deyə, qadın iddia edib. O deyib ki, Elmar Vəliyev Gəncə sakinlərini, hər kəsi söyüşlərlə təhqir edirdi: “Yunisin Elmar Vəliyevi vurmaq səbəbi budur. Onun Elmarla heç bir ədavəti yox idi. Allah ona bütün nemətləri vermişdi. Həm evi var idi, maşını var idi, özü “yurist”lik oxumuşdu. Dünya nemətlərindən bir insanın payına düşəcək hər şeyi var idi. Lakin onun içindəki qeyrəti qoymadı evində rahat otursun. Deyirdi, necə mən evimdə rahat oturum ki, Hacı Taleh 3 körpə uşağından ayrıdı, ona uzun həbs veriblər, necə rahat oturum ki, qardaşlar zindandadı… Elmar Vəliyev dəfələrlə İmam Hüseyn yazılan plakatları cırıb… Qoy hamı bilsin ki, Yunis öz şəxsi məqsədlərinə görə bu işi görməyib, İmam Hüseynin qisasını alıb, Gəncə camaatının hayıfını alıb. Çox qürurluyam, Allaha şükürlər olsun…”

Görünən budur ki, kimlərsə bu sui-qəsdə mütləq siyasi və dini rəng verməyə çalışırlar. Bəlkə də bu qadın gerçəkdən onun xanımıdır. Lakin onu kimlərsə məqsədli şəkildfə yönəldir. Nə qədər pis birisi olsa da, bir dövlət məmuruna sui-qəsdi azərbaycanlıların müqəddəs kimi baxdığı, and yeri olan İmam Hüseyn əleyhissalamın adı ilə bağlamaq böyük qəbahət və təxribatdır. Üstəlik, burada hazırda həbsdə olan Hacı Talehin də adı çəkilir və təhrikedici qüvvə kimi ona qarşı şübhələr yaradılır.

Mətndən də görünür ki, kimlərsə bu hadisəni guya Azərbaycandakı şiə icmalarının maraqları ilə uzlaşdırmağa çalışırlar. Bu olduqca təhlükəli tendensiyadır. Hesab edirik ki, Azərbaycandakı şiə icmaları bu təxribata qarşı öz səslərini qaldıracaq, İslam müqəddəslərinin adının bu cür terror hadisələrində çəkilməsinə yol verməyəcəklər.

“Yeni Müsavat” Media Qrupu bildirir ki, Gəncənin icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə media qrupumuzun münasibətləri hər zaman gərgin olub. Bu qaba, özünü ən pis keyfiyyətləri ilə göstərən, yerli sakinlərə zülm edən, məmurları və çevrəsindəki hər kəsi təhqir edən məmur dəfələrlə bizə və jurnalistlərimizə də pisliklər edib. Lakin hətta belə birinə qarşı silahlı sui-qəsdi də pisləyir, üstəlik bu sui-qəsdə İslamın, İmam Hüseyn əleyhissalamın adının qarışdırılmasını təxribat hesab edirik.

Musavat.com

Paylaş