Azərbaycanda rüşvətə bulaşmayan Milli Arxiv İdarəsinin filialları qalmışdı, onlar da pul qazanmağın yolunu tapıblar.
Deyəsən, bu gedişlə bu qurumun ASAN Xidmətə verilməsi zərurəti yaranacaq. Çünki idarənin şəhər və rayon filialları arxivdən də rüşvət qoparırlar.
Korrupsiya.Az cahan.info-ya istinadla xəbər verir ki, Bərdə rayon Dövlət Arxivi bu sırada xüsusi canfəşanlığı ilə seçilir. Bərdəli sosial şəbəkə istifadəçilərindən biri yazmışdı ki, vətəndaşlar statistik məlumatlar əldə etmək, arxivdən sənəd götürmək istəyəndə rüşvət tələbi ilə qarşılaşırlar.
Bərdə Arxiv İdarəsində bu işin çətinliyi, arxivin eşələnməsinin zəhmət tələb edən proses olduğu bəhanə gətirilərək vətəndaşdan 20 -30 manat məbləğində “rüsum” alındığı bildirilir. Bu da ciddi narazılıq yaradır. Vətəndaşdan 2-3 manat istənilsə, anlaşılar.
Vətəndaşların sözlərinə görə, Bərdə Arxiv İdarəsi işi elə görür, kimsə xəbər tutmur. Görəsən, Milli Arxiv İdarəsi rəisi Əsgər Rəsulov vəziyyətdən agahdırmı? Ə.Rəsulov bu ilin iyulunda prezident sərəncamı ilə rəis təyin olunub.
Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi pulsuzdur. Amma regionlarda idarələr bu işi ödənişli xidmətə çeviriblər, rüşvətsiz etmirlər. Vətəndaş şikayətlənəndə isə əmək haqlarının azlığını, gözlərini buna dikdiklərini əsas gətirib, boyunlarını bükürlər.
Amma belə nüfuzlu qurumun işçilərinin özlərini dilənçi şəklində aparması utanverici haldır. Bir müddət əvvəl bizimdovr.az-a məktub yazan Ağstafanın Köçəsgər kənd sakini Səidə Qaraxanova da bildirirdi ki, o, 1981-1989-cu illər ərzində Qazax şərab zavodunda fəhlə işləyib.
Daha dəqiq desək, həmin vaxt bu müəssisə Leninqrad (indiki Sankt-Peterburq – red.) şərab zavodunun filialı kimi fəaliyyət göstərib. S.Qaraxanova təqaüdə çıxmaq üçün tələb olunan arayışı almaq məqsədilə Qazax rayon dövlət arxivinə müraciət edib.
İlk öncə arxivin müdiri Səbuhi müəllim Səidə xanımın şəxsiyyət vəsiqəsini və 200 manat alaraq, bir neçə günə arayışı hazır edəcəyini deyib. Səidə xanımın müraciəti hüquqi dildə Sosial-hüquq xarakterli sorğu – Əmək haqqı və iş stajının təsdiq edilməsi haqqında sorğu adlanır.
Amma Qazax rayon dövlət arxivinin müdiri Səbuhi müəllim, hətta aldığı iki yüz manatla da qane olmayıb. Səidə Qaraxanova bildirir ki, müəyyən olunan vaxt keçdikdən sonra o, yenidən arxivə gedib.
Lakin bu dəfə onu qəbul edən Səbuhi müəllim, vətəndaşın şəxsiyyət vəsiqəsini də, aldığı iki yüz manatı da geri qaytarıb və bildirib ki, məbləği müəyyən edəndə kiçik bir səhvlik olub, yəni ikidən sonra gələn sıfırlardan biri unudulub. Əslində isə, bu arayışın qiyməti 2000 manatdır.
Cahan.info xatırladır ki, arxib idarələrində rüşvətin olduğunu təsdiqləyən digər fakt Xızı rayon Arxiv İdarəsinin keçmiş əməkdaşı Paşa Məmmədovun həbsidir.
Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum olunub. O, rayon sakini Kərimula Kərimovdan arayış vermək üçün 1300 manat rüşvət alıb. İstintaq zamanı onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Milli Arxiv İdarəsi “Elektron Hesabatlar Sistemi”nə keçsə də, bu sektorda rüşvətin olması çox rüsvayçı haldır. Rəsmi məlumatda isə deyilir ki, Milli Arxiv İdarəsi qanunvericiliyin tələbləri, həmçinin ölkə rəhbərliyinin tapşırıq və göstərişlərini əldə rəhbər tutaraq, vətəndaş məmnunluğunun, şəffaflığın, innovativ vasitələrin idaretmə sistemlərində tətbiqini əməli işdə cəmləşdirmiş, İdarə və onun tabeliyində fəaliyyət göstərən dövlət arxivlərinə müraciətlərin “Bir Pəncərə” sistemi vasitəsilə Bakı şəhəri, Ziya Bünyadov prospekti 3-də yerləşən əsas inzibati binasında qəbuluna başlamışdır.
Sistemin adından da göründüyü kimi vətəndaşların Milli Arxiv İdarəsinin göstərdiyi bütün dövlət xidmətləri üzrə müraciətləri “Bir Pəncərə” sistemi vasitəsilə qəbul edilir və cavablar da həmin sistem vasitəsilə vətəndaşa çatdırılır.
Burada əsas prinsip arxivlərin təhlükəsizliyini və vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşların əlavə vaxt itkisinin qarşısını almaq, müraciətlərin idarə olunmasına nəzarəti daha da gücləndirməkdən ibarətdir.