Abutalıbovun idarələri korrupsiya yuvası olub- Eldar Yunisovun Hesablama Palatasının üzə çıxardığı pozuntularla bağlı deyəcək sözü varmı?

Bakı Lift-Təmir İstehsalat Birliyinin sabiq baş direktoru Qüdrət Şükürovun yeni cinayət xarakterli əməlləri üzə çıxmaqdadır. Azərbaycan cəmiyyəti hələ də Qüdrət Şükürovun “Otis Rusiya” şirkətindən liftlərin alınması zamanı 12 milyon dollar mənimsəməsi ilə bağlı xəbərin şokunu yaşamaqdadır. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin mətbuata açıqladığı son məlumata görə, barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israfetmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılan Qüdrət Şükürov eyni zamanda cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini və digər əmlakı leqallaşdırmaqda ittiham olunur. Buna görə də onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb.

Bütün bunları ona görə xatırladırıq ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin sabiq baş direktoru Qüdrət Şükürovun korrupsiya əməlləri haqqında mətbuat yazanda Bakı Şəhər İcra Hakimiyyətinin sabiq rəhbərliyi həmin tənqidləri görməzdən gəlir, baş liftçini müdafiə etməkdə davam edirdi. Bütün bu üzə çıxan məlumatlar isə diqqətləri Hacıbala Abutaıbovun rəhbərliyi dövründə Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan idarələrə yönəldir. Həmin idarələrdən biri də Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsidir. Məsələ ondadır ki, Eldar Yunisovun rəhbərlik etdiyi Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində baş verən rüşvətxorluq və korrupsiya Qüdrət Şükürovun uzun illər baş direktor olduğu Bakı Lift-Təmir İstehsalat Birliyində baş verənlərdən heç də geri qalmır. Google üzərindən bir axtarış kifayətdir ki, bu təşkilatda baş verən mənimsəmələrlə bağlı saysız faktlarla qarşılaşaq. İddialara görə Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeçiliyində olan bağça və uşaq evlərinə uşaq qəbulu yüz mantlarla ölçülür. Yenixeber.org-a daxil olan məlumata görə, bu qiymət məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin yerləşdiyi ərazidən asılı olaraq dəyişsə də, baş verən proseslər eynidir. Əgər nəzərə alsaq ki, Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeçiliyində 350-yə yaxın müəssisə var, o zaman korrupsiaysının səviyyəsini təsəvvür etmək mümkün olar. Ölkə mediasının yazdığına görə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində ştat vahidinin saxlanılması, işçilərə analıq məzuniyyətində olduğu və müvəqqəti əmək qabiliyyətini itirdiyi dövrdə artıq əməkhaqqı hesablanması, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, avtonəqliyyat vasitələrinin cari təmir xərci üzrə və iş həcmlərinin düzgün hesablanmaması səbəbindən büdcə vəsaitlərinin talan edilməsi üzə çıxıb. Bu isə həm də iddia deyil, Hesablama Palatasının dövlət büdcəsindən 2016-cı il aprelin 1-dən 2018-ci ilin aprelin 1-dək olan dövrdə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılan vəsaitlərin necə istifadə edilməsini müəyyən etmək üçün həyata keçirdiyi audit zamanı aşkar olunub. Eyni zamanda audit zamanı malların (işlərin və xidmətlərin) satın alınması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ının və satınalmalarla əlaqədar digər qanunvericilik aktlarının tələblərinə əməl olunmaması, yeni fəaliyyətə başlamış 2 məktəbəqədər təhsil müəssisəsi üzrə əsaslı təmir və tikinti işlərinin əsas fondların dəyərinə əlavə edilməməsi, eyni zamanda, inventar və avadanlığın uçota alınmaması, auditlə əhatə olunan dövrdə İdarənin tabeliyində olan məktəbəqədər təhsil müəssisələri və uşaq evlərində alınaraq quraşdırılmış elektrik və su sayğaclarının dəyərinin balansa götürülməməsi hallar üzə çıxıb. Hesablama Palatasının auditi zamanı malların (işlərin və xidmətlərin) satınalınması prosesində üzə çıxan ciddi nöqsanlar isə daha dərindən aradırmalar tələb edir.

Hakim dairədən yenixeber.org-a daxil olan məlumata görə Qüdrət Şükürov qalmaqalından sonra Eldar Yunisovun da eyni taleyi yaşayacağı gözlənilir. Bu isə Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, özünü mələk kimi cəmiyyətə həzm etdirmək istəyən Hacıbala Abutalıbovun da “kürkünə birə salıb”.

Bu istiqamətdə redaksiyamıza daxil olan məlumatları araşdırmamızın sonunda oxucularımıza təqdim edəcəyik. Təəssüf ki, bütün çabalarımıza rəğmən qarşı tərəfdən suallarımıza cavab ala bilmirik.
Teref.az olaraq adları çəkilən şəxs və qurumları mövqelərini bildirmək üçün redaksiyamıza dəvət edirik!

Paylaş