Baş nazirin müavini Əli Həsənovla Sumqayıtın icra başçısı Zakir Fərəcov arasında köhnəyə söykənən qarşıdurma yenidən alovlanıb. Ə.Həsənovun Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri postundan məhrum edilməsindən sonra Z.Fərəcov sanki əl-qol açaraq onun yerdə qalan mövqelərini də “bombardman” etməyə başlayıb. 

Cahan.info xatırladır ki, aprel seçkisindən əvvəl mediada Z.Fərəcov Ə.Həsənova qarşı həmlələr edirdi. Sabiq komitə sədrinin ailə üzvlərinin Sumqayıtda yaşıllıqları məhv edərək, özlərinə restoranlar, biznes obyektləri tikdirdiklərinə dair mətbuata göndərilən şikayətlərin arxasında icra başçısının dayandığı iddia olunurdu.

“9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də”. Bunları baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsinin Sumqayıtda yaşıllıq ərazini məhv etməsi ilə bağlı KİV-lərdə yayılmış xəbərlərə reaksiya verərkən demişdi.

Bəli, Ə.Həsənov bilirdi ki, sifariş hardan və kimdən gəlir. Bunun ardınca toqquşmalar müəyyən qədər səngiməyə başladı. O zaman komitə sədri yuxarılara məsələni məruzə edəndə Fərəcov dayanmalı oldu, hətta belə iddialar səslənir ki, Sumqayıtın icra başçısı Ə.Həsənovun ayağına gedib, ondan üzrxahlıq edib. Çünki hakimiyyətdə kifayət qədər qüdrəti və nüfuzu olan Ə.Həsənova qarşı kampaniya aparması Z.Fərəcov üçün sonu pis nəticələnə bilərdi.

Lakin onun komitə sədrliyindən çıxarılması və Baş nazirin müavini postunda saxlanması Z.Fərəcovda bir arxayınlıq yaradıb ki, yenidən həmlələr edə, hücuma keçə bilər.

Bunun davamı olaraq bu günlərdə Ə.Həsənova məxsus olduğu deyilən bazarın sökülməsi xəbəri yayıldı. İcra başçısı şəhərdə əşya bazarına yaxın ərazidəki “mal bazarı”nın tezliklə sökülməsinə göstəriş verib.Reyting.az-ın əldə etdiyi məlumata görə, həmin bazar artıq sökülüb və ərazi hasara alınıb.

Bu prosesin icra başçısı Zakir Fərəcovun birbaşa göstərişi ilə edildiyi şübhəsizdir. Əli Həsənov və onun Sumqayıtdakı adamları adıçəkilən heyvan kəsimi məntəqəsinin sökülməməsi üçün icra başçısını heç bir vasitə ilə fikrindən daşındıra bilməyiblər.

Bir neçə gün əvvəl sökülən heyvan kəsimi məntəqəsinin ərazisində icra başçısı Zakir Fərəcovun göstərişi ilə park salınacağı bildirilir. İcra başçısının baş nazir müavinin yaxınlarının Sumqayıtda, əgər belə demək mümkünsə, at oynatmaq niyyətlərinə son qoymaq istəyi səbəbsiz deyil.

Cahan.infomediaya istinadla xəbər verir ki, məhz həmin zamandan başlanmış münaqişə vbə toqquşmalar təzədən qızışmaqdadır. O dövrdə iki məmurun savaşması səbəbi Baş nazirin müavininin ən yaxın adamının Sumqayıtın 6-cı məhəlləsindəki “Bələdiyyə parkı”nın beş addımlığında tikilən restoranı ilə bağlı idi. Həmin ərazidəki ağaclar kəsilərək ikimərtəbəli “Böyük Mərcanlı” restoranı tikilirdi.

Əslində, bununla Fərəcov Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin rəhbəri olan Əli Həsənovun qardaşı İlyas Həsənovu da hədəfə almışdı. O zaman məsələyə son qoyulsa da, indi Z.Fərəcovun əlinə fürsət düşüb. Onun məqsədi Ə.Həsənovun Sumqayıtdakı varidatını, əmlaklarını sıradan çıxarmaq, Həsənovların Sumqayıtda hakimiyyətinə son qoymaqdır.

O dövrdə mediada dolayısıyla Zakir Fərəcov yaşıllıqların qoruyucusu, eyni zamanda Sumqayıtı “Əli Həsənovun ailə üzvlərinin işğalından” qurtaracaq xilaskar kimi təqdim olunur. Həmin şikayətlərdən birindən sitat: 

“Çox güman ki, icra başçısı cənab Zakir Fərəcov bu qanunsuzluqdan xəbərsizdir… Yəqin o “Bələdiyyə parkı”nda tikilən obyektin tikintisində baş verən “yaşıl soyqırım”a vaxtında “stop” deyəcək”.

İkincisi, Əli Həsənovun ailə üzvlərinin “Sumqayıtı dağıtdığına” dair şikayət və yazılar, reportajlar əsasən Zakir Fərəcovla “isti münasibətləri” sirr olmayan media orqanlarından tirajlanır.

Zakir Fərəcovun Sumqayıtdakı quruculuq işlərinə silsilə yazılar həsr edən həmin mətbu orqanlar, eyni həvəslə Əli Həsənovun yaxınlarının Sumqayıtdakı “özbaşınalıqlarından” da silsilə reportajlar verirlər. Təsadüfdürmü?…

İndisə Suqmayıtda bazarı sökülən Ə.Həsənov rəsmən Z.Fərəcovun hücumlarına məruz qalıb. Onun iqtidardakı hazırkı siyasi mövqelərinin nisbətən daralmasından sui-istifadə edən Fərəcov şəhərdən bütün oliqarxiyanı, məmurları çıxarıb, özünün hökmranlığını tamamilə legitimləşdirmək istəyir.

Həm Əli Həsənov, həm də Zakir Fərəcov Sumqayıtda böyük təsir gücünə malikdirlər. Hər ikisinə bağlı olan qruplar, imkanlı və nüfuzlu, həmçinin vəzifəli şəxslər var. Əli Həsənovun özünün və ailə üzvlərinin biznesinin əhəmiyyətli hissəsi də məhz Sumqayıtda yerləşir.

Elə Zakir Fərəcovun da yaxınlarının, ailə üzvlərinin bizneslərinin böyük hissəsi Sumqayıt və Abşerondadır. Biznes maraqlarının toqquşması zaman-zaman bu oliqarx-məmurların yaxınları, çevrələrini üz-üzə gətirib. Hətta 5-6 il əvvəl Həsənovlarla Fərəcovlar arasında bütün Sumqayıtda danışılan kütləvi dava da baş verib. Düzdür, bu hadisənin böyüməsinə imkan verilməyib, ancaq ailələr arasında gərgin münasibətlərin düzəldiyini söyləmək mümkün deyil.

Zakir Fərəcov Sumqayıta icra başçısı keçdikdən sonra onun şəhərdə mütləq hakimiyyətini qurmasına əsas maneələrdən birinin də Əli Həsənov və yaxınları olduğu bildirilir. Hətta çox çalışsa da, Əli Həsənovun Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi işləyən qardaşı İlyas Həsənovun vəzifəsindən götürülməsinə razılıq ala bilmədiyi də iddia edilir.

Məlumatlara görə, bazarın sökülməsi ilə bu savaş yekunlaşmayacaq. Fərəcov Həsənova məxsus obyektləri, ona yaxın adamları vəzifələrdən uzaqlaşdırmaq üçün yeni ssenarilər cızır. Ancaq sonda itirən dövlətdir.

Çünki məmurların didişməsi, merkantil maraqlar üstündə qırğını dövlətin büdcəsinə, idarəçiliyinə və eyni zamanda əmlaklara, obyektlərə qurban gedən yaşıllıqlara, torpaq sahələrinə ziyan vurur. Mənbələr deyir ki, qarşıdakı dövrdə Fərəcovun Həsənova daha güclü hücumları olacağı gözlənilir.

 
Paylaş