“Azəriqaz” İstehsalat Birliyinin Sabunçu rayon İdarəsi yenə texniki baxış keçirmək adı ilə qış “qazlaması”na start verib.

Cahan.info-nun əldə etdiyi məlumata görə, mənzillərdə texnik baxış aparılacağı ilə bağlı xəbərdarlıq edilib. Hər il idarə bu qurama profilaktik tədbirləri həyata keçirməyə çalışır. Guya təhlükəsizlik naminə edilir.

Məqsəd isə mətbəxin yerini dəyişən, qaz xəttini normativə uyğun olmayan yerdən keçirən mənzil sahiblərini cərimələməkdir. Əslində, cərimələmirlər, rüşvət alırlar.

Abonent sayğacının plomblanması və kartının bloklanmasının qarşısını almaq üçün məcburiyyətdən pul verməli olur. Bakının Sabunçu qaz idarəsi hər qışda rüşvət mövsümünü elan edir. Abonentlər isə narazılıq edirlər. Ötən il şikayətlər olduğu üçün proses dayandırıldı, bu il təkrar xəbərdarlıq edilib ki, texniki baxışa şərait yaradılsınş.

Hansı ki, sakinlər həmin mənzillərdə illərdir yaşayırlar, əksəriyyəti kombi sistemindən istifadə edir. Bu halda hər hansı təhlükədən söhbət gedə bilməz.

Bu günə kimi nə sızma olub, nə partlayış, nə bir şikayət edilib. Sabunçu qaz idarəsi isə pul qazanmağın yollarını axtarır. Bilgilərə görə, artıq Bakıxanov qəsəbəsində “Akkord” yaşayış binalarının bloklarına xəbərdarlıqlar vurulub.

İllərdir bu mənzillərdə yaşayan abonentlərin evlərində təkrar – təkrar texniki baxış keçirməyin məqsədi rüşvət yığmaqdır.

Qaz idarəsinin işçiləri hansı evdə qaz xətinin çəkilişində və ya mətbəxin yerinin dəyişməsində fakt aşkarlayırsa qaz xəttini blokayır, vətəndaşı qaz üzünə həsrət qoyur.

Bundan sonra alış-veriş başlanır və azı 100 manat müqabilində kart bokdan çıxarılır. Vətəndaş isə təbii ki, ənənəvi olaraq yenə də evində yaşayır. Sadəcə, hər il texniki baxış adı altında qanunsuzluğa yol verilir.

Qanunla həmin mənzildə qaz xəttinin çəkildiyi yer sökülməli, ev yenidən təmir olunmalıdır. Buna görə də idarə kompensasiya ödəməlidir.

Bütün bu həngamə şübhəsiz ki baş vermədiyi üçün kartı bloklamaqla vətəndaşa təzyiq edib pul qoparırlar. Bu hallar dəfələrlə təkrarlanıb. İndi də yenidən Sabunçu qaz idarəsi tərəfindən abonentlərə xəbərdarlıq olunub ki, baxış üçün şərait yaradılsın.

Rəsmi məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi fevralın 1-dən başlayaraq sayğaclara profilaktik baxış keçirəcək.

Bu tədbirlərdən biri isə uzun müddət profilaktik xidmət göstərilməsi mümkün olmayan sayğaclara yerində texniki xidmət keçirilməsi olacaqdır ki, bu da gələcəkdə həmin abonentlərin fasiləsiz qazla təminatına zəmanət yaradacaq.

Əksər yeni tikilən binalarda qaz sayğacları mənzillərin balkonunda quraşdırıldığından mənzillərə daxil olmaq və sayğaclara profilaktik yoxlama xidməti keçirmək zərurəti yaranır.

Bəzi hallarda abonentlər mənzildə olmadıqda və ya nəzarətçinin mənzilə daxil olmasına şərait yaradılmadıqda sayğacların işçi vəziyyətinin yoxlanılması mümkün olmur, nəticədə gözlənilmədən sayğacda yaranan problem fərdi şəkildə qaz dayanmasına və abonentlərin şikayətinə səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq, mənzil daxili qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə fevralın 1-dən başlayaraq Birlik tərəfindən həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulub”,- rəsmi məlumatda qeyd edilib.

Bununla bağlı qaz istehlakçılardan “Azəriqaz” İB-nin işçisi olduğu haqda təsdiqedici vəsiqəsi olan mütəxəssislərimizin qaz sayğaclarına profilaktik xidmətin göstərməsi üçün şərait yaratmalarını xahiş edir.

Paylaş