Qanunların işləmədiyi,rüşvətin və korrupsiyanın ayaq açıb yeridiyi, bir qrupun şəriksiz hegomonluq etdiyi rayon sosial-iqtisadi problemlər girdabında boğulur
Paytaxın yaxınlığında yerləşən, əhalisinə və ərazisinə görə respublikanın ən böyük inzibati ərazi vahidlərindən biri olan Abşeron rayonu bəlkə də ölkənin gözdən,könüldən ən uzaq düşən regionu təsiri bağışlayır. Qanunların işləmədiyi,rüşvətin və korrupsiyanın ayaq açıb yeridiyi, bir qrupun şəriksiz hegomonluq etdiyi rayon sosial-iqtisadi problemlər girdabında boğulur. İradə Gülməmmədovanın rəhbərlik etdiyi Abşeron rayonu “salam verdim rüşvət deyildir deyə almadılar” prinsipi ilə idarə olunur. Rayonda bütün sahələrdə-təhsil,səhiyyə və digər sektorlarda total rüşvət və korrupsiya mexanizmi formalaşdırılıb. Rayonda narazılıq pik həddə çatıb, təmir-tikinti işləri adıyla xarabazara çevrilən Xırdalan şəhərində yaşamaq cəhənnəm əzabına çevrilib.
İradə Gülməmmədova rayonda həm də ən böyük biznes şəbəkəsinə malik olan şəxs kimi tanınır. Hələ icra başçısının müavini olduğu dönəmlərdə təməli qoyulan “biznes imperiya” bu gün özünün çiçəklənmə dövrünü yaşayır. Rubrika.az saytına daxil olan məlumatlara görə İradə xanım Gülməmmədova Abşeronda və digər ərazilərdə sayı-hesabı bilinməyən irili-xırdalı obyektlərə də sahiblik edir. Həmin obyektlər sırasında Xırdalan şəhərində fəaliyyət göstərən və qardaşı İlham adlı şəxsə məxsus olduğu bildirilən “Titanik” adlı restoranın alt hissəsindəki şərab evi, Mehdiabad-Fatmayı yolunun üstündəki “Palma” supermarketi, Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi, Binəqədi rayonunun “Vorovski” qəsəbəsində fəaliyyət göstərən “Zümrüd” klinikası, onun yaxınlığındakı şərab evi və s-in, xanım icra başçısına məxsus olduğu bildirilir. Söylənilən iddialara görə o, rəhbər vəzifəyə təyin olunduqdan sonra qeyd olunan obyektlərə sahib ola bilib.
İcra başçısını Abşeronda ən böyük torpaq mülkiyyətçisi də hesab etmək olar. Çünki rayonun müxtəlif ərazilərində, o cümlədən Xırdalan şəhər ərazisində, Fatmayıda, Novxanıda, Masazırda və digər yaşayış massivlərində, bu şəxsə məxsus hektarlarla torpaq sahələrinin olduğu da bildirilir. Baxmayaraq ki, o, həmin sahələri öz adına deyil, daha çox yaxın qohum-əqrəbalarının adlarına sənədləşdirib. Hətta bunlar azmış kimi, xanım icra başçısının Goradildə dəniz sahili əraziləri ələ keçirərək özününküləşdirməsi də iddia olunur.
Abşeron rayonu bu gün pis idarəetmənin nəticələrindən əzab çəkir. Qeyd etdiyimiz kimi bütün sahələrdə total rüşvət və korrupsiya hökm sürür. İdarə və müəssisə rəhbərləri tətbiq olunan dəhşətli rüşvətxorluqdan şikayətçidirlər. Onların hamısı rüşvət üzərində qurulan bir mexanizmin girovuna çevriliblər. O cümlədən əhalini tikinti sahəsində yəni özünə bir balaca qanuni və ya qanunsuz koma tikdirmək istəyənlər isə xanım başçının “bandası” tərəfindən böyük məbləğlərlə soyulurlar. Bu isə əslində dövlət və xalq arasında münasibətlərə kölgə salnmaqla yanaşı cənab prezidentimizin uğurlu siyasətinə zərbə vurmaqdan başqa bir şey deyildir.
Özünü “kraliça” hesab edən xanım başçının şəkilləri məktəbli gündəliyinin üz qabığında
İ.Gülməmmədova özünü rayonun şəriksiz sahibi hesab edir. Xanım başçının ambisiyaları o həddə çatıb ki, artıq məktəblərə verilən gündəliklərdə ümummili liderin, dövlət başçısının, mehriban xanımın şəkilləri ilə yanaşı özünün də şəkillərini çap etdirir. Xtırladaq ki, əksər məktəblərə paylanmış gündəliklərdə İ.Gülməmmədovanın novruz şənliyində iştirakını əks etdirən şəkilləri də yer alıb. Görünür artıq özünü daha yuxarı mövqelərdə görən başçının ambisiyaları Abşerona sığışmır. Amma, Abşerona sığışmayan bu ambisiyaların qarşılığında sosial problemlər məngənəsində boğulan,rüşvətin və korrupsiyanın məhv etdiyi bir rayonun problemləri gizlənir. O problemlər ki, tezliklə əncam çəkilməzsə böyük narazılıqlara çevrilə bilər. Bu gün hər şeydən əvvəl Abşeronun dövlətin ali İradəsinə ehtiyacı böyükdür!
Nicat Mahmudov
Rubrika.az