“Leş Tofiq” ləqəbi ilə tanınan Alıbəy Rzaxanovun həbsindən sonra müzakirə olunan məsələlərdən biri də onun yaşadığı kəndin dövlət qurumlarının onun bu fəaliyyətindən məlumatlı olub-olmamalarıdır.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında “leş mafiya”sından Sabirabad rayonu, Xəlfəli kənd bələdiyyəsinin də xəbərdar olduğunu deyib:

“Mən Xəlfəli kəndinin bələdiyyəsinə və din xadimlərinə üz tutub deyirəm: Ey din xadimləri, ey bələdiyyə, bu proseslər sizin gözünüzün qarşısında baş verirdi. Niyə qarşısını almaq üçün müdaxilə etmirdiniz?”

Xəlfəli kənd bələdiyyəsinin sədri Əliyev Əliş birlik sədrinin bu ittihamına cavab verib. O, Cebhe.info-ya açıqlamasında A.Rzaxanovun dəstə üzvü olan Xəlfəli kənd sakini Əlifxan Rzaxanovu qəssab kimi tanıdığını, onun ölü heyvan əti satdığından xəbərdar olmadığını deyib:

“Mən Əlifxan Rzaxanovu qəssab kimi tanımışam. Onun həyətində nə işlə məşğul olduğundan xəbərim olmayıb. Sadəcə bilirəm ki, onun böyük bir “Ford”u var. Heyvan alıb bu maşınla daşıyıb. Onun ölü heyvan əti emalı ilə məşğul olduğunu bələdiyyə yox, polis orqanları bilməlidir. Əgər onun qonşularının narazılığı olarsa, bələdiyyə müdaxilə edə bilər. İkincisi, AQTA-nın bundan məlumatı var idi. Gəlib maraqlanmışdılar. Hətta ət emal olunan yeri bir dəfə yoxlayıblar da. 2 il əvvəl də Əlifxan bu işlə məşğul olmuşdu. Onu həbs etdilər. Sonra azadlığa buraxdılar ki, guya bu adam həmin işdən əl çəkib. Yəni bu işdən hamının xəbəri var idi və hamı da göz yumurdu. Bu cinayətdə Ə.Rzaxanovun ailəsindən özü də daxil olmaqla 3 nəfər iştirak edib. Bunlar özü, oğlu və bacısının oğludur. Yəni Xəlfəli kəndindən bunlar 3-ü olub. Qida Təhlükəsizlik Agentliyindən 15-20 gün əvvəl mənə zəng edib bu hadisə barədə məlumat istəyiblər. Mən də dedim ki, onun həyətindən xəbərim yoxdur. Əgər lazımdırsa, gəlin, sizi onun evinə aparım”.

 

Paylaş