Bakı sakini Məmmədov Vəli Murtuz oğlu orqan transplantasiyası əməliyyatı edən tanınmış cərrah Mircəlal Kazımidən şikayətçi olduğunu bildirir. Onun sözlərinə görə, cavan yaşda olan qardaşı oğlu Məmmədov Murtuz Yasif oğlu məhz həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib. Vəli müəllim səhlənkarlığa hansı həkim tərəfindən yol verildiyini media müzakirələri və prokurorluğun araşdırmaları ilə üzə çıxaracağını bildirir.
Mircəlal Kazımi və onun məsləhəti ilə müraciət edilən bir qrup həkimin müdaxilə və müayinəsindən sonra Məmmədovların başına gəlmiş müsibətlə bağlı təfərrüatın əks edildiyi ətraflı müsahibəni “Bakı Xəbər”ə istinadla təqdim edirik:
– Şikayətiniz nə ilə bağlıdır?
– Qardaşım oğlu Məmmədov Murtuz Yasif oğlu qara ciyərində olan xəstəlikdən əziyyət çəkirdi. Biz bununla bağlı müracət etdik Mərkəzi Gömrük Xəstəxanasında fəaliyyət göstərən Mircəlal həkimə. Çox get-gəldən sonra bu ilin may ayının 21-nə əməliyyat təyin edldi. Əməliyyatdan əvvəl Mircəlal həkimlə bizim çoxlu söhbətlərimiz oldu, analizlər verildi, yalnız bundan sonra əməliyyat təyin olundu. Çünki müayinələrdən sonra məlum oldu ki, xəstənin qara çiyəri, demək olar ki, funksiyasızdır. Mircəlal həkim onu əməliyyat edəndən sonra orda 21 gün yatdı. Sonra tam yaxşı olduğu qənaətinə gəldikləri üçün onu evə buraxdılar.
– Sonra xəstə müayinə olunmurdu?
– Olunurdu, demək olar ki, hər həftə ondan analizlər görtürülürdü. Həkim deyirdi ki, həmin analizləri harda istəyirsiniz verin, təki bizə sərf edən qiymət olsun. Biz hər həftə verilən analizlərin cavablarını Mircəlal həkimə göstərirdik. O da deyirdi ki, nəticələr əladı, xəstə irəli gedir.
– Bəs xəstə realda sizə necə təsir bağışlayırdı?
– İnsafla danışmalıyıq. Xəstə əməliyyatdan sonra çox yaxşı idi. İki ay yarıma qədər olan müddəti çox normal oldu. Hətta özü öz ayağı ilə gedib analizlər verirdi.
– Xəstənin neçə yaşı vardı?
– 39 yaşı vardı.
– Bəs sonra nə oldu ki, xəstə dünyasını dəyişdi?
– Bir müddət sonra xəstənin öd yolunda problem yarandı. Mircəlal həkim onu göndərdi Rəfael Hüseynov adlı həkimin yanına. Dedi ki, ona stend qoyulacaq, problem həllini tapacaq. Rəfael həkim xəstəyə “Diaqnoz” klinikasında baxmışdı. Ancaq dedi ki, aparatlar olmadığı üçün əməliyyatı Milli Onkologiya Mərkəzində edəcək. Rafael həkim də dedi ki, stend qoyub, ancaq dar hissəyə girməyə qorxub. Sonra Mircəlal həkim bizi göndərdi Ağakişi Yəhyayev adlı həkimin yanına. Həmin həkim də Diaqnostika Mərkəzndə çalışır. Birinci dəfə mən xəstə ilə birlikdə getmədim. Ancaq rəhmətlik mənə dedi ki, Ağakişi həkim ilk andan onunla çox hörmətsiz rəftar edib. Səhər saat 9-dan günorta 14-ə qədər xəstəni orda saxlamışdı. Məndə olan məlumata görə, Mircəlal həkimlə onun arasında müqavilə də var. Yəni belə problemlər yarananda Ağakişi həkim onu ödənişsiz aradan qaldırmalıdır. Məhz buna görə belə qənaətə gəlirəm ki, yəqin biz ona pul ödəmədiyimiz səbəbindən xəstə ilə belə soyuq rəftar olunub.
– Ağakişi həkim mərhumu əməliyyat edib?
– Bəli, edib. Murtuzun özünün dediyinə görə, həkim çox çətinliklə iki dəfə həmin yerə girməyə cəhd edib, ancaq alınmayıb. Üçüncü cəhddən sonra isə girə bilib. Məhz həmin əməliyyatdan sonra xəstənin vəziyyəti pisləşməyə başladı. Bilmirəm, bəlkə nəyisə zədələdi həmin vaxt, buna görə belə oldu? Xəstənin həmin əməliyyatdan sonra gecəsi-gündüzü olmadı. Ağrılar onu çox narahat edirdi. Əməliyyatdan sonra biz xəstə ilə getdik Mircəlal həkimin yanına. Mən ona etiraz edib dedim ki, bizi niyə belə bir adamın yanına göndərib? Çünki onun xəstə ilə rəftarı heç insani münasibət çərçivəsinə sığmırdı.
– Sonra nə oldu?
– Sonra xəstədə qanaxma başladı. Ona katetr qoymuşdular. Ordan qan gəlirdi. Sonra Mircəlal həkim bizi yerləşdirdi “Xətai” metrosu tərəfdə olan “Mediland” klinikasına. Orda Qulam adlı həkim başladı bunu müalicə etməyə. Soruşduq ki, niyə əməliyyat olunduğu xəstəxanaya yerləşdirmirsiniz? Mircəlal həkim dedi ki, burda qiymətlər bahadı, Qulam həkim sizə güzəşt edəcək. Orda 9 gün müalicə getdi və qanaxma dayandı. Dedilər yaxşıdı, buraxdılar evə. 2-3 gündən sonra qanaxma yenə başladı. Təzədən apardıq Qulam həkimin yanına. Üç dəfə bu hal təkrar olundu. Nəhayət, elə Qulam həkimin yanında dünyasını dəyişdi.
– Xəstənin dünyasını dəyişdiyi tarixi dəqiq deyə bilərsinizmi?
– Bu ilin sentyabr ayının 16-da rəhmətə gedib. Əməliyyatla dünyasını dəyişməyi arasında təqribən 4 ay vaxt oldu.
– Bütün bu dediklərinizə nə qədər maddi məsrəfiniz çıxıb?
– 40 min manat ödəmişik Mircəlal həkimin çalışdığı Gömrük Xəstəxanasına, 1000 manat ödəmişik Rəfael Hüseynovun xəstəxanasına.
– Axı dediniz ki, həmin həkim heç nə etməyib…
– Təəssüf ki, belədi, depozitə pul qoymasan baxmırlar. Hətta nəsə eləməsələr belə, həmin pulu qaytarmırlar. Ağakişi həkimə də ödəniş etmişik. Analizləri də qatsaq, 60 minə yaxın xərcimiz çıxıb. Mən yalnız çeklərdə öz əksini tapan qiyməti deyirəm. Elə xərclər olub ki, onu heç rəsmiləşdirməmişik.
– Vəli müəllim, niyə rəhmətə gedənin valideynləri deyil, məhz əmi kimi siz bu şikayəti edirsiniz?
– Çox sağ olun. Elə bu sualı sizdən gözləyirdim. Onun, demək olar ki, ən yaxın adamı mənəm. Çünki rəhmətə gedənin atası, yəni mənim qardaşım 1989-cu ildə dünyasını dəyişib. Qardaşım hərbçi zabit idi. Gəncədə keçirilən hərbi təlim zamanı xidməti avtomobili aşmışdı, nəticədə qardaşım dünyasını dəyişib. Bu uşaqları mən böyütmüşəm. Ailədə iki bacı, bir qardaş olublar.
– Danışdıqlarınızdan belə nəticəyə gəlmək olar ki, burda bir həkimin səhlənkarlığı olmayıb. Daha çox hansı həkimi günahkar sayırsınız?
– İnsafla danışanda mən başlıca səhlənkarlığı Ağakişi həkimdə görürəm. Ancaq mütəxəssis olmadığımız üçün deyə bilmərik ki, Mircəlal Kazımi həmin əməliyyatı hansı peşəkarlıqla həyata keçirə bilib. Bəlkə elə onun səhlənkarlığı ucbatından bu olub.
– Hətta başqa həkimlərin günahı olsa da, sizi onlara Mircalal həkim göndərib. Elə deyil?
– Bəli, elədi. Hətta mənə deyirlər ki, bunlar bir şəbəkə şəklində fəaliyyət göstərir. Yəni bir-birinə “pas” ötürürlər. Mircəlal həkim bu üsulla dostlarına da pul qazandırır. Mən hətta Mircəlal həkimə dedim ki, gəlin bunu açıq əməliyyat etdirin ki, zədə-filan olmasın. Bunu etmədi. Sonra vəziyyətin pisləşdiyini görəndə dedi ki, kaş sizin dediyinizə qulaq asardım. Ağakişinin yanına göndərməyinə peşman olmuşdu.
– Xəstə rəhmətə gedəndən sonra həkimlərlə təmasınız olubmu?
– Əlbəttə, dəfələrlə Mircəlal həkimlə görüşüm olub. Sizə maraqlı bir faktı da deyim. Murtuz rəhmətə gedəndə “Mediand”da qan olmayıb ki, ona vursunlar. Həmin gün səhər saat 4-də aparıb yerləşdirdim ora. Depozitə də 400 manat pul qoydum. Axşam tərəfi saat 6-ya 20 dəqiqə işləmiş rəhmətlik mənə zəng etdi. Dedi ki, onu reanimasiyaya endiriblər. Səbəbini soruşdum. Dedi ki, orda yaxşı baxırlar, belə məsləhət oldu. Birdən vəziyyətim pisləşsə, burda dərhal müdaxilə etsinlər. Mən dərhal Qulam həkimə zəng etdim, vəziyyətlə maraqlandım. Qulam həkim şəxsən mənə dedi ki, xəstəxanada qan yoxdu. Bütün Bakını axtarıb tapa bilməyib. Sən demə, bu zaman xəstə artıq rəhmətə gedibmiş, sadəcə Qulam həkim bu xəbəri bizə birbaşa vermək istəmirmiş. Sonra səbəbini izah etdi ki, belə xəbərləri birbaşa xəstə yiyələrinə verə bilmir. Hətta həkim mənə bildirdi ki, istəyib öz qanından verə, ancaq müsbət iki olduğu üçün xəstəyə düşməyib. Dəfndən sonra Mircəlal həkimlə görüşdüm. Ona səhlənkarlıqlarının nədən ibarət olduğunu bildirdim.
– Hər halda, nəticə budur ki, ortada bir cavan adamın dünyasını dəyişməsi faktı var. Tələbiniz nədən ibarətdir?
– Tələbim bundan ibarətdir ki, bu məsələ obyektiv araşdırılsın. Rəhmətə gedənin iki uşağı var. Onlar da qaldı yetim. Düzdür, əlimizdən gələn köməyi edəcəyk ki, onlar böyüsün. Bununla iş bitmir axı. İnsanların taleyi hesabına pul qazanan bu şəbəkəınin bütün üzvləri cəzalanmalıdır. Sonra mən internetdə araşdırma apardım. Məlum oldu ki, Mircəlal həkimin Gürcüstanda da xeyli sərgüzəştləri olub. Orda da bir neçə nəfər dünyasını dəyişib. Hətta Fərman adlı şəxsin klinikasında bunu türkiyəli həkim kimi qələmə veriblər. Bax, burda adını çəkdyim Qulam həkimin özü də orda iştirak edib. İki ay bundan əvvəl isə 17 yaşlı nehrəmli qızı əməliyyat edib, o da dünyasını dəyişib. Bunu da ona dedim. Deyir, əməliyyatda ölməyib ki, Nehrəmdə ölüb də. Bu adam elə bilir ki, əməliyyat masasında adam ölmədisə, məsuliyyət ondan yan keçir.
– Sizinlə əməliyyatdan əvvəl hər hansı müqavilə bağlanıbmı? Söhbət xəstə ilə bağlı məsuliyyətdən gedir.
– Müqavilə olub, amma orda ölsə kim məsuliyyət daşıyacaq kimi söhbət olmayıb. Onu mən də bilirəm ki, adi sadə əməliyyatdan da adam dünyasını dəyişə bilər. Burda isə vəziyyət tam fərqlidir. Bizim xəstənin başına bu oyunlar əməliyyatdan sonra açılıb. Mən artıq bununla bağlı hüquq-mühafizə orqanlarına da müraciət etmişəm. Qoy qanunun tələblərinə uyğun şəkildə bu adamlar öz layiqli cəzalarını alsınlar.
“Bakı-Xəbər” qəzeti olaraq, müsahibədə adları çəkilən həkimlərin hər biri ilə əlaqə saxlayıb, səslənən ittihamla bağlı onların da fikirlərini öyrənməyə çalışdıq.
Mircəlal Kazımi qəzetimizi hədələdi, biz ona “Sizin hüququnuzdur” dedik…
İlk əməliyyatı edən cərrah-transplantoloq Mircəlal Kazımi suallarımıza çox qısa açıqlamasında bildirdi ki, sözügedən xəstə əməliyyat masasında dünyasını dəyişməyib: “Əməliyyatdan bir neçə ay sonra dünyasını dəyişibsə, burda heç bir səhlənkarlıqdan söhbət gedə bilməz. Həkimə qarşı səslənən istənilən ittiham ekspert rəyinə əsaslanmalıdır. Bu yoxdursa, hansısa ittiham səsləndirmək doğru deyil. Bu artıq böhtan olur. Mən hələ bilmirəm o adam mənim barəmdə nə deyib. Ancaq sizi xəbərdar edirəm, belə bir yazı çıxsa, mən birbaşa Mətbuat Şurasına və məhkəməyə müraciət edəcəm”.
Vəli Məmmədovun dedikləri əsasında suallarımızın çox olmasına baxmayaraq, Mircəlal həkim qısa açıqlama ilə kifayətləndi. Biz isə ona işimizi qanun əsasında qurduğumuzu və onun istənilən yerə şikayət etmək hüququ olduğunu xatırladaraq söhbətə yekun vurduq.
Həkim Rəfael Həsənov: “Xəstə qanaxmadan vəfat edib”
Müsahibədə adı çəkilən həkim Rəfael Həsənov bizimlə söhbətində bunları dedi: “Məndən sonra həmin xəstəni başqa bir həkim əməliyyat edib. Bu, iki həftə sonra baş verib. Bizim əməliyyat normal keçib, ancaq 100 faiz effekt görmədiyi üçün bir radioloji əməliyyata ehtiyac duyulub. Göndərilib bu sahə üzrə respublikada bir nömrə olan Ağakişi həkimin yanına. Son əməliyyatı o edib. Xəstədə qara çiyər köçürülməsi olub. Onun problemi anostomozla bağlı idi. Yəni loru dildə izah etsək, başqa bir qara ciyəri onun orqanlarına tikiblər, calaq ediblər. Elə adam var ki, əli kəsilir, tez sağalır, eləsi də var sağalma gec olur. Bu yaranın da özünün sağalma müddəti var. Həmin yara xəstədə sağalan vaxt onda öd qaçırması olub. Yəni ödü qarın boşluğuna axıb. Bu səbəbdən də qarın boşluğuna drenaj qoyublar. O öz-özünə də bağlana bilir. Ancaq öz-özünə bağlanmadığı halda öd yolunun bağırsağa keçən yerində bir spiktr var, hansı ki, təzyiq yaradır. Biz həmin spiktrı kəsdik ki, təzyiqin düşməsi olsun və yara bağlansın. Qaçaq əvvəlcə azaldı, sonra yenə baş verdiyinə görə bu zaman çöldən drenaj qoydular. Həmin yer sağaldı, ancaq sonrakı mərhələdə bir qanaması oldu. Bugünkü günə kimi də qanaxmanın hardan olduğu bəlli deyil. Xəstə də qanamadan vəfat edib. Burda mənim hər hansı bir məsuliyyətim yoxdur”.
Həkim Qulam Rüstəmzadə: “Xəstə massiv qanaxmadan dünyasını dəyişib”
Yazıda adı çəkilən digər həkim Qulam Rüstəmzadə isə bizimlə söhbətində bunları dedi: “Sizdə olan məlumatlar o qədər də doğru deyil. Xəstə profuz qanamadan ölüb. Bu cür əlaməti yalnız qanköçürmə ilə müalicə etmirlər axı. Əgər xəstə bir dəqiqədə iki litr qan itirirsə, onun yerini necə doldurmaq olar? Xəstənin ölüm sənədində də bu yazılıb. Əmisi deyə bilər ki, xəstəxanada qan olmayıb, ona görə dünyasını dəyişib. Bu, ekspert sözü deyil ki, siz onun əsasında mənə sual verirsiniz. Xəstəyə ayrı yerdə müdaxilələr olunub. Həmin əməliyyatların heç biri bizim xəstəxanada aparılmayıb. Yəni xəstənin ölüm səbəbi qanın olmaması ilə bağlı deyil. Mən tibbi dildə daha dəqiq sizə deyim. Xəstə massiv qanaxmadan dünyasını dəyişib. Alın, xəstənin rəsmi kağızlarına baxın”.
Müsahibədə adı çəkilən digər həkim Ağakişi Yəhyayevlə 5 gün ərzində əlaqə saxlamaq cəhdlərimiz alınmadı.
Bununla belə, həkim Ağakişi Yəhyayevin də hadisə barədə fikirlərini almaq üçün səylərimizi davam etdirəcəyik. Bədbəxt hadisə ilə bağlı prokurorluq tərəfindən aparılan araşdırmaların gedişi barədə də qanunun imkan verdiyi həddə məlumatlar almağa çalışacayıq.