Son günlər “Kapitalbank”la bağlı şikayətlər çoxalmaqdadır. Müştərilər bankın onlardan ən müxtəlif adlar altında pul tələb etdiyini deyirlər. Məsələn, banka kredit borcu olanlar kreditini tam ödədikdən sonra borclu olmadığına dair arayış üçün “Kapitalbank”a 20 manat ödəniş etməlidir. Başqa bir etiraz isə əməkhaqqı kartından etdiyi ödənişlərlə bağlı çıxarış üçün müştəridən 10 manat alınması ilə bağlıdır. Bütün bunlar sosial şəbəkələrdə tez-tez müzakirəyə çıxarılan məsələlərdir.
Görünən odur ki, “Kapitalbank”ın idarəçiləri də narazılıqlardan xəbərdardırlar, sadəcə olaraq, müştəri məmnuniyyəti nədənsə nəzərə alınmır. Müştərilər isə bankın qorduğu qiymətlərlə razı deyillər. “Həm dövlətdən pul alır, həm də müştəriləri soyur” – deyə vətəndaşlardan biri bildirib.
Araşdırmalar göstərir ki, bir çox banklarda bu xidmətlər üçün heç bir haqq alınmır. Bu məsələdə adı ən çox hallanan bir neçə bankdan biri isə məhz “Kapitalbank”dır. Rəylərdən belə məlum olur ki, “Kapitalbank” bu sahədə ən yüksək haqq tələb edən qurumdur. Məsələ ilə bağlı AFN-in suallarını “Kapitalbank”ın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov cavablandırdı. Onun sözlərinə görə, bank bu məbləği özü müəyyənləşdirib: “Təsdiqedici sənədlərin təqdim edilməsinə görə bankın daxili tarif cədvəlinə uyğun olaraq müştərilərdən müəyyən xidmət haqqı tutulur. Tariflər bankın saytında qeyd olunub. Bu məbləğlər bankın daxili qaydalarına əsasən müəyyən olunur. Yəni bank göstərdiyi xidmətə görə bütün meyarları nəzərə alaraq, xidmət haqqı komissiyası təyin etmək hüququna malikdir”.
Hüquqşünas Fərhad Mehdiyev bankların borcsuzluğa dair arayışı pulla verməsi ilə bağlı məsələni şərh edərkən bildirib ki, kreditorun borcludan alacağı olmayandan sonra borclu ondan tələb edə bilər ki, bunun etirafını eşitsin: “Yəni, soruşa bilər ki, borcum var ya yox. Qarşı tərəf bilmirəm, sonra deyərəm, deyə bilməz. O konkret bildirməlidir, borcu var ya da yoxdu. Sadəcə olaraq, indiki qanunvericilik açıq şəkildə yazmayıb ki, kreditor bunu yazılı şəkildə verməlidir. Lakin hər bir halda bunu önə sürərək, yazılı vermək məcburiyyəti yoxdur demək hüquqdan sui-istifadə etməkdir. Hüquqdan sui-istifadə qadağandır. Hüquqdan sui-istifadə budur ki, formal olaraq sən, guya bunu edə bilərsən, amma haqqı mahiyyətinə ziddir. Burada kreditor heç bir halda deyə bilməz ki, mən sənə yazılı heç bir izahat verməyəcəm. Əgər bu xidmət ondan müəyyən xərc tələb edirsə, bunu deyə bilər və onu istəyə bilər. Amma komputerdən bir A4 vərəqi çıxarıb, üstün möhür vurmağın maliyyəti 10-15 manat ola bilməz axı?! Bu gülməli bir şeydir. Bunun qiyməti Azərbaycan reallığında maksimum 1-2 manat ola bilər. Yəni, bu məsələ məhkəməyə getsə, məhkəmə qətiyyətlə onların boynuna elə bir öhdəlik qoyacaq ki, sən bunu vermək məcburiyyətindəsən, çox cuzi bir məbləğ qarşılığında. Bu da maksimum 50 qəpiklə 1 manat arasında qiymət olar”.