Martın 9-da “Holcim” sement zavodunun ərazisində baş verən hadisə daşınma işini dayandırıb
Hadisə yük maşınının zavod ərazisinə girməyə cəhd göstərməsindən başlanıb.
Sonra sürücü işçiləri təhdid edərək, hücum etməyə çalışıb. Daha sonra yük maşınını yandırmaqla partlayış təhlükəsi yaradıb və digər sürücüləri, eləcə də şirkət işçilərinin həyatını risk altında qoyub. Nəticədə dispetçerliyin fəaliyyəti yarım gün dayandırılıb.
Yanğının təsirini azaltmaq üçün hadisə yerinə daxili qüvvələr səfərbər olunub və bu səbəbdən günün yarısı çatdırılma işləri dayandırılıb.
Şirkətin müraciətinə əsasən, polis hadisə yerinə gəlib, şübhəli şəxsi zərərsizləşdirərək sahədən kənarlaşdırıb.
Yanğınsöndürmə xidmətinin dərhal reaksiyası nəticəsində xəsarət alan olmayıb, yanğın yaxınlıqdakı obyektlərə, yük maşınlarına keçməyib, böyük itkilərin qarşısı alınıb.
Zədələnmiş yük maşını isə vəziyyət aydınlaşana qədər hadisə yerində qalıb.
“Holcim” rəhbərliyi şirkətin işini və nüfuzunu pozmağa yönəlmiş dağıdıcı hərəkətləri qəbuledilməz hesab edir və zavoda edilən hücumla bağlı ciddi narahatlığını bildirir.
Şirkət artıq Daxili İşlər Nazirliyinə müraciət edib.
Qeyd edək ki, “Holcim” Azərbaycan, sement, beton və inşaat həllərinin aparıcı təchizatçılarından biri olan “Lafarge Holcim Qrupu”nun üzvüdür.