“Verilən əfv qərarını müsbət dəyərləndirirəm. Hətta bir nəfərin azadlığa qovuşmasının özü belə böyük addımdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda gerçəkləşən növbəti əfv sərəncamını dəyərləndirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib: “Amma həbsxanada hələ də çox sayda günahsız insanlar qalmaqdadır. Məhkəmə sistemində çıxarılan hökmlərin bəzisi hələ də subyektivdir. Ona görə də nə qədər çox insan azadlığa çıxsa, məhkəmədə baş verən nöqsanlar da bir o qədər aradan qalxar. Bu mənada düşünürəm ki, əfvdənsə, amnistiya verilməsi daha məqsədəuyğun olardı. 10-20 min insan azadlığa qovuşardı”.
“Yaxın aylarda əfvlə bağlı yeni müzakirələr olacaq”.
Bunu isə əməkdaşımızla söhbətində Milli Məclisin deputatı Fazil Mustafa bildirib: “Əfv sərəncamını yüksək qiymətləndirirəm, gözlənilən humanist addımdır. İstər Nardaran olayında həbs olunanlar, istərsə siyasi xarakterli məhkumlar, eləcə də digər şəxslərlə bağlı verilən qərar cəmiyyətə humanizm mesajıdır. Əfvə düşən insanlar bir daha həbsxanaya qayıtmamaq üçün daha faydalı yaşamağı öyrənməlidir”.

Deputat hesab edir ki, proses davam edəcək: “Yəqin ki, yaxın aylarda əfvlə bağlı yenidən müzakirələr olacaq. Adətən hamının razı qalacağı əfv olmur. Əfvə düşməyən xeyli insan bundan razı qalmayıb. Verilən sərəncamdan razı qalıb – qalmamaq subyektiv yanaşmadır. Obyektiv yanaşma isə odur ki, proses davam etməli və imkan düşdükcə insanların azad olunması gerçəkləşməlidir. Son sərəncamla bir sıra müxalif yönlü insanlar da azadlığa çıxdı. Bəziləri buraxılmayıbsa, bundan narazı qalmaq da müxaliflərin haqqıdır. Amma bütövlükdə əfv sərəncamını gözdən salmaq olmaz”.

Paylaş