2020-ci ildə dünyada COVID-19 virusunun yayılması bütün ölkələrdə olduğu kimi Azərbaycanda da əhali arasında ölüm sayının artmasına səbəb olub.
Rəsmi statistikaya əsasən ötən il Azərbaycanda 75 647 insan dünyasını dəyişib ki, bu da 2019-cu illə müqayisədə 19 731 nəfər və ya 35,25 faiz çoxdur.
Korrupsiya.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ildə aylar üzrə ən yüksək ölüm göstəricisi dekabrda qeydə alınıb. İlin son ayında 14 500 nəfər dünyasını dəyişib. Dekabrda ölənlərin sayı il ərzində dünyasını dəyişənlərin 19,17 faizini təkil edib. Ölüm sayının çoxluğuna görə noyabr, iyul və iyun ayları da fərqlənib. Ən az ölüm göstəriciləri isə may, aprel və sentyabr aylarında qeydə alınıb.
Ölüm dinamikasına xüsusi karantin rejiminin sərtləşdirilməsi də təsir edib. SMS icazənin tətbiq edildiyi, məhdudlaşdırıcı tədbirlərin artıdıldığı dövrlərdən sonra ölüm göstəricisinin bir qədər azalması qeydə alınıb. 
2020-ci ilin martın 24-dən Azərbaycanda ilk dəfə xüsusi karantin rejimi elan edildi. Xüsusi karantin qaydalarına əsasən evdən çıxanlar SMS icazədən istifadə etməli olub, bir sıra iş yerləri, o cümlədən ictimai iaşə müəssisələri, böyük ticarət obyektləri, təhsil müəssisələrinin fəaliyyəti dayandırıldı. Eyni zamanda Bakı, Sumqayıt və Abşeron rayonlarından digər yaşayış məntəqələrinə gediş-gəliş qadağan olundu. Aprelin 15-nə qədər bu qaydalar qüvvədə qaldı. Həmin tarixdən Bakı, Sumqayıt və Abşeron rayonu istisna olmaqla digər bölgələrdə SMS icazə sistemi ləğv edildi. Bakı, Sumqayıt və Abşeron rayonunda SMS icazə mayın 18-dən ləğv olundu.
Sərt karantinlə əlaqədar aprel və mayda ölüm göstəricisi minimuma düşdü. Maydan karantinin yumşaldılması yoluxma sayını artırdığından iyundan insanların çox olduğu yerlərdə, qapalı məkanlarda maskadan istifadə məcburiləşdirildi, iyunun 6-8 və 14-16 iyun tarixlərində bütün ticarət və xidmət müəssisələri fəaliyyəti dayandırıldı. İyunun 21-dən iyulun 20-nə kimi yenidən SMS icazə tətbiq edildi və bu qərar avqustun 3-də ləğv olundu.
İyun və iyulda sərt karantin rejimi avqust-sentyabrda yoluxmanı azaldıb. Amma növbəti aylarda vəziyyət yenidən pisləşdiyindən noyabrın 20-dən maskadan istifadə məcburiləşdirildi və 2020-ci ilin dekabrın 14-dən 2021-ci ilin yanvarın 18-nə kimi SMS icazə tətbiq edildi.
Noyabr və dekabrda ölüm göstəricisi maksimum həddə yüksəldi. Dekabrda və yanvarda karantinin sərtləşdirilməsi 2021-ci ilin yanvarında ölüm sayının azalmasına imkan yaratdı. 
Yoluxma göstəricisinin artmasının insanların həyatı üçün nə dərəcədə təhlükəli olduğunu ölüm statistikası təsdiqləyir. Aşağıdakı cədvəldən ölüm göstəricisinin aylar üzrə dəyişməsi göstərilib:

Aylar

2019

2020

2021

Yanvar

5 432

5 177

7 972

Fevral

4 816

5 039

Mart

4 563

5 792

Aprel

5 324

4 511

May

4 555

4 294

İyun

4 055

6 203

İyul

4 902

6 410

Avqust

4 269

5 049

Sentyabr

4 101

4 520

Oktyabr

4 386

5 774

Noyabr

4 393

8 378

Dekabr

5 120

14 500

Cəmi:

55 916

75 647

Paylaş