“Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilir ki, avqustun 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır. Bildirilir ki,“Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək. Maraqlıdır, təqdim olunan yeni siyahıda hansı xəstəliklərin adları əksini tapacaq?

Bununla bağlı Cebhe.info Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə əlaqə yaradıb. Verilən açıqlamada sözügedən məsələləri poliklinikaların həll edəcəyi bildirilib. Siyahı ilə tanış olmaq üçün 17 saylı Şəhər Poliklinikasının baş həkimi Arzu Əlövsətova ilə əlaqə yaratdıq. Baş həkim xəstəliklərin siyahısını poliklinikalar deyil, həkim komissiyalarının qərarı nəticəsində açıqlanacağını dedi:

“Xəstələr özləri xəstəlik məlumatlarını gətirəcəklər. Xroniki xəstələr öz sənədlərini bizə təqdim edəcəklər. Həkimlərimiz tərəfindən forma doldurularaq, müəyyən mərkəzlərə “e-mail” vasitəsilə göndəriləcək. Həkim komissiyası tərəfindən baxılıb, daha sonra cavab veriləcək”.

Paylaş